Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

Sultan Mərzili "Taxt üstündə düşüncələr"


yaxud bir fincan kofe

Bir dəfə işdən bərk yorğun gəlib özümü güclə evə çatdırdım.

On iki saatlıq ayaq üstündə qalmaqla keçən iş günü sizə zarafat gəlməsin.

Paltarımı tələm-təlsik dəyişib özümü vanna otağına saldım. Sərin su ilə duş qəbul etdim, əl-ayağımı yuyub ala-tələsik qurulanıb özüm divanın üstünə atdım.

Elə bil kərəm əslinin qucağına düşdü. Sızıltım azaldı, mızıltım artdı: “xanım, mənim üstümə bir şey at!”- arvadıma qısa göstəriş verib cahana olmasa da otağa göz yumdum. “A kişi, dur ağzına bir tikə çörək al, sonra yenə yatarsan!”- xanım cavab notası verdi.

Diplomatiyanı davam etdirməyə halım və həvəsim olmadığından özümü siyasi yuxuluğa vurdum. Yəqin ki, ilan vuranların da bir yorulub yatan çağları olur, və ilan vurmuşların da. Nə isə, yatdım.

...Gördüm ki, harasa uçuram, qanad¬larım var, ya yoxdur, onu bilmirəm. Amma uçu¬ram. Yəqin qanadsız da uçmaq olarmış, qanad bəzən elə-belə, bəzək üçün, fors üçün olur.

Yuxumda gördüm ki, hansı bir ölkəninsə padşahlıq taxtına qondum. Ama, bilmirəm, çiynimə quşmu qonub, zəbt eləyib almışam, səsvermə ilədir, ya ata-babamdan irs qalıb, onu da bilə bilmirəm.

Maraqlanmıram da, nəyimə lazımdır, hər şeyin kokünə getsən, nə kökə düşə bilərsən, onu bir Allah bilir.

Məsələn, bir böyük ağacın da, kökünü eşib baxmaq istəsən, ağac yazıq adam kimi quruyub qalar, yaxud da acac kimi məhv olar, adam da onun kimi. Dolaşıq oldu deyəsən, mən neyləyim, yuxudur də, yuxu dolaşıq da olur, bulaşıq da.

İndi sizə bir söz deyəcəyəm, amma gülməyin, üz-gözünüzü də turşutmayın, ağzınızı da marçıldatmayın, ööö!.. öyüməyin. Amma kökə baxmaq məsələsinə gəlincə, o da var ki, yerkökünü çıxarıb kökünə baxmasan, heç kökü də yeyə bilməzsən, elə yarpağına baxa-baxa qalarsan...

- Varlanmaq istəyirsinizmi?!

- Bu nə sözdür belə, heç dəxli var?!

- Canım, mən nə zaman dəxlisiz söz danışmışam. Onda qulağınızı bura tutun, ağzınızı yox ay balam, hələ qulağınızı, ağzınız sonranın işidir... , qulaq asın! Adam yuxusun¬da pox yeyənədə həyatda var-dövlət qazanır! Köhnə kişilərdən, yuxu yozanlardan eşitmişəm... bəs niyə öyüdünüz, varlısınız?... Sevin ay kasıb, sən yuxuda da o poxu yeyə bilməmisən!..

- Ə, bəs senzura?

- Rəhmətliyin oğlu, yuxuya nə senzura? Camaat gerçəklikdə, günün günorta çağı, meydan içində, tribuna qarşısında ağzını açır, gözünü yumur, arvad qanmır, uşaq qanmır, böyük qanmır, kiçik qanmır, hər nə gəldi yeyir, deyir, indi biz yuxumuzda mal, yaxud insan təzəyindən danışanda nə olacaq?!

Həm də bu əslində, elmitədqiqatdır, akademik söhbətdir, gübrə kimi də istifadə etmək olar da. Məsələn, Rus çarı Dəli Pyotr, düz Moskvanın ortasında çala qazdırıb hamını oray sıçırdrıdmış, ayıb olmasın, sonra da ondan, o,.. adını demirəm, barıt düzəlt¬dirib Qafqazı topa tutdurub.

- Ə, heylə şey olmaz?

- Nə olmaz, daha olub da keçib də, indi ora Qızıl Meydan deyillər! Qızıl da, pul da hamısı ona görə bir şeydi də!

- Yəni, bu adamın ağzında qızıl dişi olanda, o da heylə şeydi?

- Heylə şey kimi bir şeydi. Umumiyyətlə, yadında saxla, hər şey öz həddində olanda qızıl kimi bir şeydi, həddini keçəndə qızıl da zibil kimi bir şeydir. Bu söhbət ali söhbətdir, səninçün küçə söhbəti-zadı deyil ki, o hekayə yazanların “eyakulyasiya”ları deyil ki.

Dədə-babalarımızın ən sevimli sözlərindən biridir, qulağından tutub ədəbiyyatımıza gətiririk. Niyə, ayıb olmasın, götü poxlu ermənini başımıza çıxarıb avtonomoya verəndə irgənmirik, amma adını demirəm, onu yazanda ayıb olur?

Ayıb-qayıb çoxdan keçib daha, mürdəşirlərin zamanəsi gəlib, həyalını ayaq tapdağı edəndə, o da bir cavab verməldir, yoxsa elə ”lütfən, “icazənizlə” deyə-deyə qalmalıdır?! Hay?!

Zəmanə sarsaq olanda, əlac yenə yuxulara, röyalara qalır. Röya deyən kimi də öysəl olmuş dana kimi ağzınızın suyu axmasın, bu röya o röyadan deyil, bu yatanda olur, oxuyanda yox.

Məsələn, camaat oxuduğu yerdə durub səhnəyə çıxıb deyəsən ki, yuxum gəlir, gəl gedək mnənnən yoldaşlı yataq, lap tutalım da əsasın da var ki, uşaqlıqdan vərdiş eləmisən, tək yatanda qoprxursan. Lap bir dünya pul da təklif elədin, lap maşın-filan da üstəlik!

Camaat adama bəs nə deyər?! Deməzmi ki, cənab, qoy konsertimizə qulaq asaq, filan qədər pul vermişik, ondan sonra nə edirsiniz, edin. Şəzxsiyyər azadlığı var, ya yox? Nə isə.

Yuxuda gördüm ki, taxtımın üstündə əyləşib düşüncələrə dalmışam, elə buna oxşar da şeylərdi, zadlar, xəyallar...

- Şeir yazırdın?

- Yox əşi, şeir yazmıram, elə bircə şeirim çatmır. Şeir yazanlarıma nə gəlib, bircə tikə o ... ndan sinəsənə yaxan kimi, əlimi yalayıb nə desəm söz qoşacaqlar. Oturmaqdan yanlarım, belim ağrıyırdı.

Istədim deyəm ki, bu zəhrimar taxtı bir az enli edin ki, hərdənbir uzanaq dincələk də, nə olar şah olanda, biz də bir insanıq axı.

Gördüm, başa düşən olmaz, xalq pis baxar ki, bizim keşyimizdə dayanmaq əvəzinə, oturmağı bəs deyil, hələ bir yıxılıb yatıb. Xalqın ağzını yummaqmı olar? Əlüstü bir Skotç zavodu planlaşdırdım, həm iş yeri açılır, həm də ağzı yumulmalıların ağızları isti¬rahət edir, dəə...

Taxtımdan qalxıb gərnəşib bir də oturdum. Düşünülən Problemlər böyük idi, çox idi, hansından başlayım, bil¬mirdim, başım da ağrıyırdı. Daha doğusu, bilirdim, amma məsuliyyətdən belə düşü¬nürdüm.

Və bunu hansı dildə, hansı dində, hansı məzhəbdə düşünməliydim ki, həm özüm başa düşəm, həm də xalq başa düşsün, həm də beynəlxalq siyasi qüvvələrin balansı olsun. Bu da problem idi. İngilsi, alman rus, ərəb türk... çox dil bilmək də bir şey deyilmiş, adamı avara qoyur, zənnimcə ikisi bəs edər. Ana dili və... ata dili.

Kişinin kişi dili var, arvadın da arvad dili. Bunu da yadınızda saxlayın, şah sözüdür, səbətdən gilas deyil, hərçəndi gilas da zəhirmar bahalaşıb...

Ataların “papağını qarşına qoy, fikirləş” məsələni bilsəm də, buna əməl etməyin prak¬tik çətinlikləri vardı. Əgər düşüncəniz varsa, düşünə bilərsiniz ki, guya padşahın nə çətinliyi, kefi nə itəsə onu da edə bilər.

Elə deyil! And olsun qan istisuya, elə deyil! Əvvəla, padşah başına papaq deyil, tac qoyur.

O taca da hər nəsil bir-iki daş-qaş əlavə edəndə tac o qədər ağırlaşır ki, daha ya ağırılığından başında saxlaya bilmirsən, ya başını xarab edir, ya da tamahkarın birisi başını kəib tacını aparır... ona da demək də olmur ki, a köpəyoğlu, aparırsan tacı götür apar, day niyə başı kəsib xarab edirsən, bəlkə başqa bir işə də yaradı?

Demək olmur, adam utanır, söyüşdür axı. Həm də baş kəsildiyindən imkan da olmur.

Ona görə də gərək sözünü başın salamat ikən deyəsən, ya da elə deyəsən ki, başın salamat olsun, əgər başının bir beş qəpiklik qiyməti varsa, yox isə kef elə. Dörd qəpiyə heç metro jetonu da almaq olmaz, kimdir ona fikir verən.

İndi tacımı qarşıma qoyub belə-belə düşünürəm, xəyallara dalıram, bu tacı başında saxlayan at-babalarımı düşünürəm, onların başında nə fikirlər, nə qovqalar və macəralar keçdiyini düşünürəm. Ağırdı tac daşımaq, hər baş götürə bilmir.

Hətta, at üçün də ağırdır. Yerə də qoya bimirsən, rəsmi qayda var, şah da ona əməl etməlidir, həm də oğurlaya da bilərlər.

Bir dəfə bir erməi zərgər tacı təmir edəndə, yəni atamın başının ölçüsünə uğunlaşdıranda, qaşın birini oğurlayıb saxta almazla dəyşib. Babam da uşaq deyil ki, o saat bilib, çünki üstündə işarə varmış, ehtiyat xəzinənin yerinin ... yox, bu dövlət sirrdir, deyə bilmərəm.

Babam duyuq düşüb, almazı qaytardıb və o erməninin də boynunu vurdurub.

O vaxtdan alma¬zın biri qan rənginə çalır, ermənilərnən də bizim sülaləmiz bərk ləj düşüb. Hər almazın əhvalatını danışsam, dövlət işlərimə vaxtım qalmaz... Inşallah, oğlum böyü¬sün, yerimə qoyub, xanı¬mımı da götürüb

Robinzonun adasını alıb orda yaşayacağam və orda da xatirələrimi xırda-xırda yazacağam. Dübaydan almışdım, dilə düşdüm, həm də adı pis çıxıb e...

Bəlkə orda bir zavod, ya da sex aşdırım, nə aşmaq olar orda? Fikirləşərik...

Xı –xi- xu... ! – xurma zadı, şeyi, zavodu... yox, ayrı bir şey, hələlik sirdir...

Nədən danışırıdıq, hə, hansı dildə, neçə dildə düşünməkdən, danışmaqdan. Ikidə dayanmışdıq, yaxşı rəqəmdir, xoşuma gəlir. Bu yerdə ikisi bəsdi. Iki əl, iki ayaq, iki göz allah-təala havayıdan məxluqatını da iki-iki yaratmayıb ki, biri erkək biri dişi.

Sabahdan əmr etməliyəm mə¬mur¬larım da iki dilli danışsınlar. Bunun mənasını hələ sonra başa düşəcəksiniz.

Hələlik, qayçımı da yanımda saxlayım. Siz elə bilməyin ki, bu təkcə lent kəsmək üçündür və mən çox şeylər bilirəm. Hamısını danışsam, ya məni gic hesab edərsiniz, ya da mən sizi başdan xarab edərəm.

Amma, zamanında mən soyuq su ilə başını isladıb Seviliya bərbəbərini də bər-bər bəyirtməsəm, onda bu tacı nahaqdan başıma qoy¬muşam, hədə¬ləmirəm, amma vaxt gələr, bilərsiniz ki, mən kiməm?! Başa düşdünüz?

Düşmədiniz, düşə də bilməzsiniz, elə həmədan eşşəyinə minmiş qoca xoca kimi qala¬caq¬sınız ki, ordan sizi kim düşürəcək. Mən deyən kimi başa düşsəydiniz, nə dərdim vardı, vallah sözümü deyib kedib mülkümün birində oturub başımı dincəldərdim.

Bezmişəm daha, üzə vura bilmirəm, içimdə çəkirəm.

- Xvatit! İnaf!

Hamısı üzdə deməsələr də, ürəyində qarğış oxuyur, lənətə gəlmişlər, mən də bunlar üçün çalışıram, canım yanır... kimin kefi nə istəyir onu da edir, hələ bir narazı da qa¬lırlar. Ay nəbilim, rüşvəti yığışıdr, filan şeyi yığışdır.

Kim səpib o da yığışdırsın də, süpürgəçiyik-nəyik sizin üçün?! Şahın şah işləri var. Mən özüm bilirəm kimin özünün dilini, əlini-qolunu yığışdıracağam.

Məndən kim zaval görüb?!, kimi asmışam, kimi kəsmişəm? Bir-iki qapaz-təpik, nə olsun ki? Bu qayışımı bulamaq istəmirəm, yoxsa onda bilərdiniz tərbiyəsizlərə necə tərbiyə verərlər...

Gərək dərinizi soydurub içinə saman təpdirəm ki, məni ürəkdən sevəsiniz, axı elm də deyir ki, beyində sevgi mərkəzi ilə qorxu mərkəzi böyür-böyürədi. Bərk sevəndə axırı nifrətə çevrilir, bərk nifrət edəndə axırı məhəbbətə çevrilir.

Məmurlarımın neçəsi ermə¬niyə belə nifrətdən başını itirib erməni haxçığı alıb, onları da başa düşürəm, ney¬ləyim, asdırım? Bəlkə? Yoox...

Əlbəttə, bunların çoxunu, yəni problemlərin çoxunu, vəzirlərimə, əyanlarıma, valilərimə tapşıra bilərdim, o saatca da yerinə yetirərdilər, amma özüm həll etməli idim.

Bir dəfə, Baş vəzirə acığım tutmuşdu, istədim salam təpiyimin altına, kefim istəyən kimi çırpam.

Dedim, əlim ağırdı, vurub öldürərəm, balaları qalar yetim. O boş vəzifə yerinin də üstündə də qalan vəzirlərim bir-birləri ilə boğuşub qırılarlar, ölkə qalar vəzirlərsiz. Yenə də lənət şeytana deyib hirisimi boğdum, yumruğumu stola çırpıb dedim:

- Ə!..., ( müraciətin bu hissəsini sizə deməyəcəyəm, tarixçilərin əlinə keçməsin, arif özü anlasın, ona görə rəsmi dilə keçirəm) cənab baş nazirim, niyə dədəmin heykəli kimi gözlərimin qabağında quruyub qalmısan, bir ölkəyə çıx, meydana çıx, parka çıx, nə bilim adam içinə çıx, gör ölkədə, dünyada nə vəziyyət baş verir? Sonra mənə ərz elə.

Sənə sabaha kimi vaxt verirəm, yoxsa özün bilirsən ki, sənə necə saksafonlu toy tutacağam!

Baş vəzirim diz üstə çökdü, ayaqqabılarımdan necə öpdüsə, çəkməmdə yeri hələ də qalır, korladı gül kimi ayaqqabımı. Italyada məxsusi sifarişlə tikilən, eksklyüziv olan ayaqqabımı, hələ filan qədər qiyməti cəhənnəmə, ayağıma qutu kimi olurdu.

Karlo Pazzolinni düz bir həftə işini-gücünü atıb ayaqlarımı ölçmüşdü, qızıl-gümüş-platin-osmium elementlərindən qəlib düzəltmişdi...

Bunlara söz deməlidi? Məcbur öldum, əl-ayaq öpməyi də fərmanımla qadağan etdim, yoxsa bunlar adamda əl-ayaq da qoymazlar, hamısını öpmək bəhanəsilə gəmirib yeyərlər.

Hə, səhərisi nə görsəm yaxıdır? Xoruz banından sonra, şeyximin sühb namazı qılan vaxtı, gördüm yataq otağının divarları silkələnir, sarayım karvansara kimi yellənir, dedim yenə xaraba müharibə başladı, qoymazlar bir adi fəhlə kimi səkkiz saatını yatasan də. Xanımım dedi:

- Dur bir eyvana çıx, bax gör aləm necə dəyişib, elə bil bahar gəlib...

- O nə sözdür, may ayıdır, bahar gəlməlidir də, gəlməyib neyləcəkdir, ona da bir dəvətnamə göndərib fəxri qarovul qoydurmlıyam?

- Yox ey, siz deyən deyil! – deyə xanımım mənə nədənəsə rəsmi cavab verdi.

- Necə yəni? - Deyib monitorun düyməsini basdım və gözlərimin qabağında bütün öl¬kəmin mənzərəsi canlandı. Bu möcüzə idi.

Bir gecənin içində bu qədər dəyişikliklər ola bilməzdi!

Bu hansısa artistin klipidir yəqin, indi də padşahlara belə sataşmaq dəb düşüb, biri saytına girir, biri cibinə girir, biri ayaqqabı atır, biri söz atır, biri də şıllaq atır. Nə bilim, day, bunun harası padçahlıq oldu ki?- Hirsimdən bağırdım:

- Ay .. ! Tfu, əstəfürullah! Ay dövlət mühafizə siztemimin məsul, cavabdeh, fövqəladə hüquqlu və sərəncamlı sədri-əzəmi, hardasan? - Mən bunun titullarını sadalayınca dünynın sonu gələcək, gərək ixtisar edəm, bunu da əlüstü fikirləşdim.

Mənim işlərim əlüstü olmalıdır, çatdırmaq olmur vallah, hayıf deyil, tələbəlik, aspirantlıq, hələ o padşahlıq peşə məktəbində oxuduğum günlər lap kef idi, gözəl günlər...

Saray divarları uğuldayıb öz səsimdən əks-səda verdi.

Daşdan səs çıxdı, bunlardan çıxmadı, harda batdı qaldı bu qırılmışlar?,- deyə düşünüb, məcburən qırmızı düyməni basdım. Generalım yüyürə-yüyürə gəldi, təngənəfəs əlini gic gahına tərəf aparıb salam vemək istəyəndə onu qabaqladım.

Vaxt az idi, itirmək olmazdı. Çiyinlərinə baxıb başımı buladım.

Ulduzların yerinə hərəsi bir pudluq qızıl ulduz yapışdırılmışdı. Ona görə də töyşüyürmüş. İndi bunu belə düzəldirlər ki, işdən qovanda bunlara da bir şey qalsın. Paltarını da soyundurub çılpaq küçəyə atası deyiləm ki?

Andırxana Avropaya şikayət yazacaqlar ki, hüquqlarına toxunuram-filan.

Hüquq yox, hülqumlarından tutmalıyam ki, o boyda da ulduz olar, hər qulağ iki kilo. Bəlkə qədimlərdə olduğu kimi paqon-ulduz yerinə bunların qulaqlarına ulduz-sırğa taxdırım, qızılı çox oğurlamasınlar, yox yazıxdılar, qul xətasız olmaz, bunlarda qulaq qalmaz, acgözlükdən cırılıb qanı axa-axa gəzəcəklər...

Bu fikirləri də bir yana qovub bunu başa saldım ki, dalajit elə, qısa söylə, görüm bu nə haqqesabdı, bu klipin padşah saytında nə işi var?
Nazirim bir çəkməmə, bir əlimə baxıb bir addım geri çəkildi və dedi:

- Əlahəzrət, cənab şah! Qibleyi-aləm! Onlar klip deyil, reallığın gerçəkliyidir!

- Həə?

- Bəli!

- Bəli?

- Bəli! Bəli!

- Bəli? Bəli?

- Bəli-bəli-bəli!

Gördüm ki, belə sual-cavaba qalsa bütün dövlət işləri tökülüb qalacaq, elə heç özümün də qəl¬yanaltıya vaxtım qalmayacaq. Əlimi yellətdim ki, azadsan, gedə bilərsən. Yəni itil cəhənnəmə, gözüm səni görməsin! O biri düyməni basdım, xanımım içəri girdi. Çantası əlində, işə tələsirdi.

- Mətbəxdə hər şey hazırdı, kofe iç, bir tikə də çörək ye. Ac qarına gedib özünü yorma, lent kəsməkdən əllərini qayçlar qabar etdi. Evdə də bir tikə çörək kəs.

- Əşi, bu gün qonaqlarım var, at ətinndən yemək bişirtdirmişəm, nazirimin biri İngiltərədən çox bahalı bir at almışdı, cıdırda mənim atımı ötdü qanmaz heyvan, dedim ki, bu yaman bərk qaçır, qaçıb ölkədən çıxa bilər, yüyrüb tuta da bilməzsiniz, yaxşı da kökdür, bunu kəin kolbsa eləyin, kabab da çıxar. İndi onlara öz atlarının ətini yedirdəcəyəm, deyəsən it saxlyanlar da var, başım açılsın, bu millətə kef verəcəyəm...

Özüm də elə dədə-baba qaydada pendir-çörək yeyərəm, bəsimdir. Sən mənə de görüm bu nə klipdir, bunu kim çəkdirib, ona da xalq artisti verməliyəm? – qadınların hər şeydən xəbərdar olduğunda zəndim məni aldatmaışdı. Fikirləşirdim ki, gərək xariçi işlər nazirimi, yaxşı bir qadın tapım qoyum.

Qəşəng, dilli-ağızılı, o kənddəki çərhayalar kimi, qoy danışıqlarda saç yolmasına çıxsın, üzünü-gözünü cırsın o həyasızların. Mədəni olduqca lap adamın başına çıxırlar. Öz müxalifətçilərimdən elə hesabımı götürürəm. Xanımım üzünə rəsmi ifadə verib diplomat kimi dedi:

- Xeyr, qibleyi-aləm, bu reallığın gerçəklik formasıdr. Sizin baş nazirinizin bir gecədə yaratdığı möcüzələrdir. Hər tərəfdə, parkda, meydanda, ölkədə, hətta bütün xarici ölkələrdə dədənizin heykəllərini qoydurub, gül-çiçəyə bürüyüb özü də xəiznədən bir abbası da pul xərcləməyib.

Mən getdim, işə tələsirəm, limuzlinim məni gözləyir,- deyərək, xanımım dikdaban ayaqqabılarını ahəngdarcasına taqqıldada-taqqıldada otaqdan çıxdı.

Otaqda ancaq onun zövqlə seçdiyi gözəl ətrin qoxusu qalmışıdı. Nə yaxşı belə bir zövqlü xanımım var,- deyə düşünüb özümü bir anlığa xoşbəxt hiss etdim.

Nazirimin mənim sözümə belə tez reaksiya verməsi məni sevindirdi, “reallığın gerçəkliy” ifadəsinin təktralanması düşündürdü, bu sui-qəsd də ola bilərdi, belə tələsik işlər isə məyus etdi. “Xəzinədən bir abbası da xərcləmıyib”, bəs onda bu pədərsüxtənin cibində nə qədər pulu var imiş ki...
Siz mənim gerbimi görmüsünüz?

Göstərmərəm, göz dəyər, dilə düşərəm, üzərlik tayaları da bəs etməz. Vaxtım lap az qalıb, düşünüb fikirlərimi cəmləşdirməliyəm. Zaman gedur, tarix olur.

Axı, bu svoluç, tarix yazanlar gec-tez bu əhvalatları hadisə şəklinə salıb hamısını mənim belimə yazacaqlar. Onda, di gəl qəbirdə rahat yat görüm necə yatacaqsan?

Bu nə səfeh fikir idi ki, şeytan ağlıma gətirdi, gərək şeyxə deyim üstümdə üzərrik yandırsın, o daha nəyə yaraya bilər ki? Bəlkə deyim girəvələsin, o Qaraeginin günün qara eləsin, təkbətək danışıqlarda təpiyinin altına salsın.

Və camelər sökülüb qurtarmamış mənə də xorla dua oxusunlar.

Bu yəhudilər, xristianlar, qalayçılar, ağıllı millətdilr, bilirlər nə edirlər.

Heç biri məscidini sökürmü, yox, məscidi biz sökdürürük, onlar kilsələrini sökdürməyə qoyarlarmı? Qalayçılar kimdir? Əşi, dalayçılar deyirdim, çünki onlar insanın mənəviyyatını silib gümüş kimi parıldadırlar.

Ona görə də rəmzi danışıb dalay-lamaçılara belə deyirəm. Bu qara camaat ona görə qara adlanmır ki, onlar zəncidirlər, belə olsaydı hamısını “krasqalatdırardım,” əztəğfürüllah, uzərrik yandırmaq lazımdır, boyaqçı küpünün içinə doldurtdurub boyatdırardım, olardılar bəmbəyaz. Bəyaz Rusiya deyilən bir ölkə var, onun padşahı da belə edib, ağıllı adamdır, ikinci yer düşür ona.

Niyə ikinci yer?, çünki dünyada bütün birinci yerlər zanitdi, toist, tutulub, dədəm tutub, ikinci mənimdi, üçüncü də qohum-əqrabalarımın. Qalanını kim götürür, götürsün, halal xoşları olsun. Gördüyünüz kimi, mən təvazökarlıqdan ikinci yeri özümə də götürmədim, başqasına verdim.

Amma nə fayda, ağzı göyçəklər, ya da ağzını... ehh, əyləci basdım, bax bu da bir zülümdü, hirslənəndə adi qara-bəyaz fəhlə kimi söyüb ürəyini də boşalda bilmirsən. Bu mədəniyyət çox adamları infark edəcək.

Həkim də deyir ki, əlahəzrət, hirslənədə söy getsin, ürəyində saxlama, şəkərin qalxa bilər! Axı, söyüşə başlasam, onda gərək bütün dövlət sirrlərini açıb-tökəsən ortalığa. Yoox, mədəni olmaq lazımdır, mədəni!

O sinəsi dolu aşıq kimi sinəm doludur, deyə bilmerəm, aça bilmerəm... Yaralı maralam, qaça bilmerəm... Hərdən bir dəli şeytan deyir ki, tüpür hər şeyə, olan-olmazını yığ bir çəmadana get bir adaya, otur dincəl, döşə ürəyindəkiləri yaz, qoy yadigar qalsın.

Odur ey, millət nə fikirləşir: biz niyə Nobel mükafatı almırıq? Sən nə almalısan ay dişi mırıq?! Guya Nobel bizim dədəmizə borcludur ki, mükafat versin. Mükafat kimin əlindədirsə, o da istədiyinə verir.

Hesablarına bir milyard keçirsəm, mənim press-sekratarımdan tutmuş mətbuat katibəmə kimi hamımız alarıq, hələ desən bir, ən sarsaqqulu yazıçıma da düşər. Kstati, yeri gəlmişkən, mənim ölkəmin ən sarsaqqulu yazıçısı kimdir?

Onu bura çağırtdırım. Yox, şairini çağırtdırım. Bəlkə bunları qabaq-qabağa qoyub deyişdirim?

Millət baxıb kef eləsin. Yox, onda vətəndaş müharibəsi təzədən başlaya bilər. Yaxşısı budur, ən sarsaqqulu alimini çağırtdırım. Onda, ona da paxıllq edəcəklər ki, bəxtəvər ad alır, tərpədəsi olmadım...

Kür də daşdı. Kür neynəsin? “A gedə, nazir!”- çağırım?, Yox, hələ çağırmayım. Bəlkə qədimlərdə olduğu kimi əllərimi şappıldadım, bu yaxşı adət imiş. Son elmi tədqiqatlar göstərir ki, müəyyən ahəng və qayda ilə əl-ələ vurulanda, xüsusi tezlikli səs dalğaları yaranır ki, onlar fikirforma deyilən şər plazmoidlərini, yəni cin kimi şeyləri məhv edib havanın aurasını təmizləyirlər, bax belə. Bütün ölkə mənə əl çalanda, əslində atmosferi təmizləyirlər, bu milli və beynəlxalq əhəmiyyətli bir işdir.

Bunu kim başa düşəcək, bu burnuqulaqlılar, yox ey, qulağı burunluların hansı başa düşəcək?! Robot kimi bəli-xeyirdən başqa nə başa düşür bunlar... Bəlini də “gəlir” kimi, “xeyir”idə xiyar kimi çaş başa düşürlər. Ehh... bunların, aaa..., ğöö... , yoox! Olmaz-olamz-olmaz! Hanı o gözəl oxuyan, gəlsin bir bir “Olmaz-olmaz” oxusun, onda sakitləşirəm...

Usta Qasımı çağırtdırım. Dəf kimi oxuyandır, yaxşı da dəf tutur. Ona bir znaçokdan-nişandan birini də verim ki sevinsin. Ən xoşuma gələn qəzəli “Əzizim Rasdurapoviç, basdırma kababdan ye, üstündən də sərin araq iç!” mətləli qəzəlidir.

Usta Qasım dərvişlərin hamısını dəli edib ölkədən qaçırıb, onu onçun xoşlayıram. Müxalifət də onun səsindən çəkinir. Bir dəfə qiyyə çəkəndə başqanlar bağa kimi qınına çəklib bağlarda gizlənir, dərvişlər də qaçıb dağlara çıxır, gündə Himalaydan bir neçə adam yıxılıb ölür, elə bilirlər alpinisdirlər, yox, hamısl onun işləridir, komtiəm belə hesabat verir...

Bu nə kağızdı belə, səhər-səhər ac qarına stolumun üstündə.

Deyəsən dədəmdən yazılan romanlardır. Qoyum yazsınlar, dədəm kitabsevən idi rəhmətlik. Çox oxuyurdu. Amma bunlar, kitab-zad oxumurlar, elə əlifbanın yarısını öyrənən kimi roman yazırlar. Yüyrşürlər sarayıma ki, akademik olmaq istəyirik, xalq yazıçısı olmaq istəyirik cənab şah.

Ay balam, elmin-ədəbiyyatın şaha nə dəxli varmış! Gedin bir-birinizi nə qədər istəyirsiniz, qırın, tərifləyin. Xəzinənin ağzında tünlk etməyin, gəlirim-çıxarım bilinsin.

Ordu var, qoşun var, uyetim-yesir, qaçqın-köçkün var. Mən bunların hamısını dolandırmalıyam. Şah əslində top menencerdir. Ə, bunlara top deyəndə futbolu, menencer deyəndə də pencər-əncəri başa düşürlər. Allahın qəzəbinə gəlmişlər.

Bu nə nazik kitabdır belə? Hekayədir? Nazikdirsə oxuyaram. Qalınları saxlayıram ki, səfeh danışan olanda təpəsinə ... qoyum. Bu “çırpım”dan yaxşı sözdür.
Kimsə mənim qayçımdan əsər yazıb? Mükafat alıb?! Bərəkallah!

Qayçılanmağı tutub ha, deyəsən. Hımm... Lentimdən, padnosumdan yazıb? Dayanın hələ, corablarımdan, ayaqqabılarımın bağından da bağıra-bağıra yazıb oxuyacaqsınız, özü də mayeyi-rast üstündə! Yox, niyə əsəbləşirəm, qoy yazsınlar, dolansınlar, onların da çörəyi mənim qayçımdan çıxırsa, kəsmirəm, qoyum dolansınlar.

Ağa kərəmsiz olmaz, qullarımın xətasından keçməyim böyüklüyüm deyilmi? Dilbilbilməz, e..., eqoist, gör nə yazıb? “Podnos” yox, “burunaltı” olamalıdır. Burnunun altında nəsə mızıldanıb, elə bilir ki, hekayədir. Hanı bunun süjeti? Hələ qayçımın bir tiyəsinimn xarakterini də heç aça bilməyib.

Amma iddiasın bax. Qayçıdan yazır. Bəlkə dərzi emlatxanası itəyir, amma həyalı adam olduğundan belə yazıb, hə? Onda başqa məsələ. Deyərəm, “Yeni Sədərək”də bir yer versinlər. Merim harda itdi-batdı.

Qudurb e, əl çalıram gəlmir, qabaqlar bir çırtmama ləzginka oynayırdı. Bəlkə yazıçılığa da girişim. Birinci başlayım öz nitqlərimi özüm yazım, ikinci başlayım içinə obrazlar qoyum, üçüncü... Yox, dolmaya dönər, o saat da ermənilər deyəcək ki, içini biz yazmışıq.

Çıxış yox, hekayə olar. Çıxışın məsuliyyəti böyükdür, o kollektiv ağılın məhsulu olmalıdır. Amma, ay yazıçılar, cızma-qaraçılar!

Hekayənizi mən yazacağam, romanınızı da, necə istəsəm, elə də yazacağam. Nöqütələr, ver güllər, noxtalar, qamçılar və qida maddələri də həmçinin, yəni alaf-yulaf məsələsi... Şəkili də var, burnunu altında xalına baax, Merlin Monroya oxşuyur xalından, xəbəri yoxdur halından, yalanından, ay telindən... Eh, gərək şair olay¬dım.

Aşıq Baltaçı kim, baltanı sinəmə basıb millətimə söz qoşaydım, onsuz da nə iş görsən ağız büzüb lağa qoyacaqlar. Bu bikef milləti, bu kefli kef milləti oncun sevirəm, yoxsa mənə işmi qəhətdi, ölkəmi qəhətdi?! Hə?

Bəlkə o Şortikli şahı gətirim yerimə qoyum, məzuniyyətə cıxım, bir ay bunlara kef versin, qöz əkdirsin, fındıq sındırtsın, hamama bassın, bəlkə başlarından kirli-paslı fikir¬ləri yuyula gedə. Hə?!

Amma şeir yazıb klip çıxatdırsam, xalq məni sevəcək. Bəlkə, elə arvaddan-uşaqdan birini yerimə qoyum, gedim dincəlim. Odur ey, urus padşahı elə elədi. Amma o qocalmışdı, içəndə yerindən qalxa da bilmiridi, ya şalvarını, ya da samalyotun təkərini isladırdı, məzə idi...

Yaxşı dirijorluğu da vardı. İki almaniya birləşib onun dirijor çubuğuna tamaşa edirdi.

Çox qəşəng oynadırdı. Mənim ondan nəyim əskidir ki? Yox, hələ bir az da səbrimi basım işləyim. Amma üzərərik də mütlək, mütəq, lazımdır.

Monitorda köməkçimin şəkli görünür. Səsi başıma düşür deyin, danışmağa icazə ver¬mirəm, ona qulaq asanda başım ağrıyır. Ona görə əlində transporant tutub, oxuyuram: “Qiblely-aləm, qonaqların təyyarəsi uçaq alanına enməkdədir.”

- Gəldim-gəldim! – deyərək qara dəri çantamı götürüb, tacımı başıma qoyub, qals¬tu¬kumu düzəldib güzgü qabağında özüm-özümə uğur diləyib padşahlığın növbəti iş gününə başlayıram .

Sabah yenə də xanımım məni danlayacaq ki, bir fincan kofe də içmədin, işə də ac getdin. Öz-özümə: “Əşi əcəb elədim!”- deyərək hirsimi onun üstünə töküb qapını çırpanda taqqıltıdan ayıldım.

- Ay kişi, dur bir fincan kofe iç özünə gəl, işə də gecikmə! - deyə xanımım əlindəki qəhvə¬danı taqqıltı ilə stolun üstünə qoydu, qəhvənin xoş və qıcıqlandırıcı iyi otağa yayıldı.

“ Bu arvadlar imkan verərmi ki bir dincələsən, biri yuxuda, biri gerçəkdə”, - deyə mızıldandım. Arvadımın qapıdan çıxdığına əmin olduqdan sonra:

- Qoymazlar yuxudasa padşahlığımızı edək!- deyərək durub buğlanmaqda olan qəhvə fincanını qarşıma çəkdirm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG