Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

«Mən oxunmaq istərdim»


Sahilə İbrahimova
SAHİLƏ İBRAHİMOVA:

Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə BDU-nun tarix fakültəsini bitirib. İxtisasca etno-psixoloqdur. Hazırda həmin fakültənin magistraturasında təhsil alır. İki hekayəsi («Mən deyildim» və «Avqustun iyirmi üçünə üç gün qalmış») «Ədəbi Azadlıq» qısa hekayə müsabiqəsində ilk onluğa düşüb.


- Əslində, Sizinlə iki dəfə söhbət etməliyəm, çünki digər iştirakçılardan fərqli olaraq iki hekayəniz onluğa düşüb.

- (Gülür) Bir dəfə kifayət edər yəqin.

- Elədir, bir dəfə söhbət edəcəyik. Nə vaxtdan yazırsınız?


- Bəlkə də çoxdandı, bəlkə də çoxdan deyil. Mütəmadi yazmıram, amma iki ildir ki, daha tez-tez yazıram.

- Niyə bəs məhz iki ildir tez-tez yazırsınız?

- Yəqin iki ildir ki, daha da böyümüşəm. Əgər əvvəl yazıçılığa məşğuliyyət kimi baxırdımsa, indi daha ciddi yanaşıram və daha çox daxili tələbat hiss edirəm buna.

- Ola bilərmi ki, iki il sonra anlayasınız ki, sən demə, Siz hələ heç böyüməmisiniz?

- Ola bilər. Amma mən tam böyümüşəm demədim, bir az daha böyüdüyümü anladığımı bildirdim.

- Adam var qocalanda başa düşür ki, o, heç ümumiyyətlə böyüməyib.

- Olur, elə də olur. Mən özüm bir az böyüdüyümü və qocaldığımı hiss edirəm. Ətrafdakılar isə deyirlər ki, əksinə, uşaqlaşırsan. Belə təzadlar da mümkündür.

- Nədən yazırsınız ümumiyyətlə, nə sizi daha çox cəlb edir?

- İnsanlar. İnsanlardan yazıram. Özümüzdən – məndən, ondan, sizdən, bizdən, hamıdan yazmağa üstünlük verirəm.

- Sizdən yazan olacaq, necə düşünürsünüz?

- Bəziləri deyir ki, artıq olub. İddialı səslənməsin, amma məncə yazan olar.

- Necə yazarlar sizdən, insan kimi, yazıçı kimi, ya necə?

- İnsan kimi yazsalar çox məmnun olaram. Yazacaqlar da məncə. Əsas insan kimidir. Bilirsiniz, bəzən ülvi, müqəddəs hisslərdən yazan çox gözəl bir yazıçının o qədər də yaxşı adam olmadığını görəndə qəribə bir təzad yaranır. Mən bu əksliyi anlaya bilmirəm. Amma sözsüz ki, hər kəsin, hətta ən pis insanın belə içində ədalətdən mütləq nəsə var. O hamıya verilib. Həyatda ideal insan, yazılarındakı qəhrəman kimi görə bilmədiyimiz adamı ola bilsin ki, həmin an o ədalət yazdırır.

- Ola bilməzmi ki, yaxşı yazını ədalətli, gözəl, ideal olmayan adam yazsın, yəni doğrudanmı bunlar bir birini tamamlamalıdır?

- Hər kəs bir ehtiyacdan yazır. Mənəvi ehtiyacdan yazanlar da var, maddi tələbatını ödəmək üçün yazdığını etiraf edənlər də. Yazıçılıqdan biznes qurub pul qazanmaq da normaldır. Sadəcə burada müəyyən diaqnoz qoyulmalıdır ki, yazıçı niyə yazır. Məqsəddən asılıdır.

- Amma bu «malıdır», «məlidir», ədalət filan, bunlar vacibdirmi? Adam sadəcə fikirləşdiyini yazır və onu öz qəhrəmanına oxşamaq düşündürmür. Yəni hansısa konkret şərtlər, ölçülər olmasa olmazmı?

- Yenə də deyirəm, bu məqsədə bağlı olan bir şeydir. Elə adam var ki, deyir, mən özüm üçün yazıram. Misal üçün elə……

- Abbas Atilay.

- Bəli, müsabiqədə onluğa düşən. O özü üçün yazır, amma mən etiraf edirəm ki, özüm üçün yazmıram. Mənə elə gəlir ki, hər kəsin iki daha gözə, iki daha qulağa, əlavə sözə ehtiyacı var. İnsan hətta yaxşı geyinəndə, gözəl görünməyə çalışanda mütləq daha iki gözə ehtiyacı olur. Və yazanda da yazıçı, istəyir ki, onu oxusunlar. Əgər sən oxunduğunu görməsən məncə o həzzi ala bilməzsən. Mən oxunmaq istərdim.

- Mən hərdən hekayə cızıram və sonra onu çap elədiyim kağızdan quş düzəldib uçurduram və çox böyük həzz alıram bundan.


- Tək uçurdursunuz, heç kim olmur yanınızda?

- Tək uçurtduğum da olur, iş yoldaşıma verib axşam evinə gedəndə Sumqayıt avtobusunun pəncərəsindən uçurtmasını xahiş elədiyim də. Və mən hekayəmi kiminsə oxumasından yox, quş düzəldib uçurtmaqdan həzz alıram.

-(Gülür) Anladım, amma demək sizin məqsədiniz ondan quş düzəldib uçurtmaq və ona baxmaqdır. Mən də əvvəldən dedim ki, məqsədə bağlı olan bir şeydir yazmaq.

- Sizcə, gənc yazarlar mütləq nələrdənsə yazmalıdırlar, ya sadəcə yazmaq lazımdır?


- Mənə elə gəlir ki, sadəcə yazmaq lazım deyil. Çünki, yaşamımızda da, dünyamızda da yetərincə tör-töküntü var. Məncə, dünyanı əlavə yükləndirməyə ehtiyac yoxdur.

- Doğrudanmı Siz hesab edirsiniz ki, elə hər yazan dünyanı yükləyir?

- Əlbəttə, yükləyir. Bilirsiniz, hərdən mən çox oxuyanda hər şeyə daha şübhə ilə yanaşıram. Bəzən çox bilməmək, hər şeyə daha ötəri yanaşmaq istəyirəm. Onda təhlil etmək, sevinmək, xoşbəxt olmaq da asan olur. Bəzən çox avam olmaq istəyirəm. Hərdən düşünürəm ki, bəlkə heç o qədər də dərinə getmək lazım deyil. Bəlkə elə üzdən baxmaq lazımdır hər şeyə. İnan ki, belə baha rahat olur.

- Amma çox bilirsinizmi, çox avam deyilsinizmi, nə dərəcədə əminsiniz buna?

- Əgər tam hər şeyə sevinə bilmirəmsə, əgər Sizinlə indi danışarkən sonuncu dəfə nə vaxt ürəkdən sevindiyimi xatırlamıramsa, onda yəqin çox bilirəm. Yəni ən azından az bilmirəm. …yəqin ki, elədir. Elə olmasaydı, daha rahat olardı məncə.

- Çox narahatsınız?

- Olur, hərdən olur.

- Sizi oxuyurlar?

- İstəyirəm ki, oxusunlar.

- Onluğa iki hekayənizin düşməsini necə qarşıladınız?

- Çox böyük şərəf oldu mənimçün bu. Çünki heç gözləmirdim. O boyda müsabiqə, özü də yaş məhdudiyyəti olmayan bir yarışmada, xüsusilə də o sahədə çalışmadığım halda məncə bu böyük uğurdur.

- Hekayələrinizdən mənə elə gəldi ki, Siz darıxırsınız.


- Əslində, mən mümkün qədər öz həyatımı hekayələrimə daşımamağa çalışıram. Hekayəni belə şeylərlə yükləmək istəmirəm. Birinci hekayədə («mən deyildim» İ.R) həmin qadın ailə qurur və nə vaxtsa olmuş özünü itirir. Mən heç vaxt ailə qurmamışam. O hekayəni sonra özüm oxuyanda 30-35 yaşlarında bir qadın canlandı gözümün qarşısında. Amma o mən deyildim. Ancaq ədalət çızmaqarasını mən də axtarıram. Yəqin fikirləşmişəm ki, əgər bir gün axtarmasam, ondan olaram.

- Yenə nəsə yazırsınız?

- Əlbəttə, yazıram.

- Sonra nə olacaq?

- Yəqin ki, yenə yazacam.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG