Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Qafqaz Müsəlmanları İdarəsi nədən bəzi dini icmalara rəy vermir?


Şeyx Mübariz Qaçayev
Şeyx Mübariz Qaçayev
Dini qurumların yenidən qeydiyyatı ilə bağlı işlərin böyük bir hissəsi artıq başa çatıb. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuata açıqlamasında deyib. Ancaq bu məsələ ətrafında narazılıqlar hələ də səngimək bilmir.

CƏMİ 365 DİNİ İCMA QEYDİYYATDAN KEÇİB

Komitənin saytında açıqlanan rəqəmə görə, bütünlükdə indiyə qədər 365 dini icma qeydiyyatdan keçib. Ancaq onların neçəsinin təkrar qeydiyyatdan keçməsi haqda heç bir açıqlama verilmir. Komitədə dini qurumlarla iş üzrə şöbəyə rəhbərlik edən Gündüz İsmayılov deyir ki, onlara bütünlükdə qeydiyyat üçün 800-dən çox dini icma müraciət edib. Təkrar qeydiyyatdan keçən dini icmalardan sənəd qəbulu isə bu il yanvarın 1-də başa çatıb. Ancaq təkrar qeydiyyatdan keçmək istəyən bəzi dini icmaların isə heç sənədləri komitəyə gəlib çıxmayıb. Əsas problem də onların qeydiyyatda olduqları rayonun icra strukturlarından və Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müsbət rəy ala bilməmələridir.

Qanuna görə, təkrar qeydiyyatdan keçmək istəyən dini icmalar bundan sonra lap həmin rəyləri alsalar belə, onların müraciətinə baxılmayacaq.

Belə dini icmalardan biri də bu günlər bağlanmaq xəbərdarlığı alan Müşfiqabad məscidi dini icmasıdır. Bu məscidin imamı Şeyx Mübariz Qaçayev deyir ki, Qafqaz Müsəlmanları İdarəsi dini icmalar arasında ayrı-seçkiliyə yol verdiyindən süründürməçiliyə məruz qalıblar:

CAMAAT DAHA ÇOX HANSI MƏSCİDƏ GEDİR, ONA PROBLEM YARADIRLAR


- «İlahiyyat» məscidində də problem var, Qaraçuxur məscidində də, bizdə də. Camaat hansı məscidə çox gedir, problem yaranır. Problem də bizim əqidəmiz- əhli-sünnə olmağımızdır. Nədən bizim əqidəmiz problemə çevrilməlidir?
Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi «Təzə Pir» məscidi
Əslində problem Qafqaz Müsəlmanları İdarəsindədir.

Şeyx Mübariz Qaçayev deyir ki, Qafqaz Müsəlmanları İdarəsi Qaradağ rayonu ərazisindəki başqa məscidlərdən onlara fərqli münasibət bəsləyir. Bu da onlarda belə bir təəssürat yaradıb ki, idarə Müşfiqabad dini icmasının qeydiyyatında maraqlı deyil:

- Sabah isə nə olacağını Allah bilər. Nə olacağı da onsuz da bəllidir. Azərbaycanın yarısı su altında qalıb. Bu olacaq da, daha nə olacaq ki?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev isə deyir ki, rəy almayan icmalar ayrı-seçkilikdən danışmaqdansa, bunun əsl səbəbini açıqlasınlar. Ancaq onun özü də əlavə izahata ehtiyac görmür.

QMİ MƏSULİYYƏTİ İCMALARDA GÖRÜR

Bəs görəsən həmin icmalara məxsus məscidlərin bağlanma təhlükəsi qarşısında qalması haqda QMİ-də nə düşünürlər? Hacı Salman Musayev:

- Bağlanar, məlum olar ki, bağlanıb da. Bunu araşdırmağa nə ehtiyac var? Biz sizə heç bir izahat verməyəcəyik. Gedin özlərindən soruşun sizdən nə istəyirlər, nə verə bilmirsiniz? Bizim də üstümüzə məsuliyyət atmasınlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov da deyir ki, əgər icmalar QMİ-dən rəy ala bilmirlərsə, bunun məsuliyyətini heç kəslə bölüşmürlər. O, bütünlükdə dini icmalara münasibətlərini isə belə
Gündüz İsmayılov
açıqlayır:

- Bir dini icma qanuna uyğun fəaliyyət göstərirsə, onun fəaliyyəti xalqın, cəmiyyətin və dövlətin maraqlarına uyğundursa, nədən fəaliyyət göstərməməlidir? Yox əgər onların fəaliyyəti qanuna ziddirsə, nədən belə icmalar qeydiyyata alınmalıdır?

BƏZİ DİNİ İCMALARLA QMİ ARASINDA ZİDDİYYƏT

İlahiyyatçi Fərid Bağırov isə düşünür ki, bəzi dini icmaların qeydiyyat zamanı problemlərlə üzləşməsi onları nəzarətə götürmək istəyindən irəli gəlir. Onun sözlərinə görə, bəzi dini icmalar sadəcə, QMİ-yə tabe olmaq istəmirlər. İdarə də öz imkanlarından istifadə etməklə onlara təzyiq göstərməyə çalışır:

- Bu mərkəzlə dini icmalar arasında idarəetmə problemləridir. Ola bilsin mərkəz bəzi dini icmalara öz axundlarını təyin etmək istəyir. Onlar isə bu şəxsləri yaxına buraxmaq istəmir.

Fərid Bağırov yada salır ki, Qafqaz Müsəlmanları İdarəsi Sovet dövründən qalma bir qurumdur. Əslində, ənənəvi müsəlman ölkələrində belə qurumlara lüzum görmürlər. Ancaq bununla belə, o, Azərbaycan kimi dini maarifçiliyin aşağı olduğu ölkələrdə bu tip mərkəzi qurumun saxlanmasını başadüşülən sayır. Fərid Bağırovun fikrincə, əslində dini icmalara problem yaratmaqdansa, maarifçiliyi gücləndirmək yolu ilə dövlət üçün yarana biləcək təhlükələri dəf etmək olar.
XS
SM
MD
LG