Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

Nuridə ATƏŞİ "Əsəd bəy və amazonlar"


„Kəşviyyata çıxmayan tədqiqatçı kəşv edə bilməz.“
Nuridə Atəşi

„Əsəd Bəy Qafqazda 2 amazon tayfası kəşv etdi“
Sir Galahat- Avstriyalı Amazon tədqiqatçı


„Zaqatalanın böyük möcüsəsi“-Yəsai Amazonları

Azərbaycanın dünya şöhrətli yazarı Əsəd Bəy (Qurban Səid) Azərbaycan oxucusuna artıq müəyyən qədər tanışdır. Azərbaycanda doğulan, Almaniyada yaşayan və İtaliyada 37 yaşı tamam olmadan dünyasını dəyişən yazar dünya ədəbiyyatına “Əli və Nino” kimi ölməz bir bestseller əsər bağışlamaqla 20 -ə yaxın əsər miras qoymuşdur.

Qurban Səid təxəllüsü ilə yazmış olduğu son romanı olan “Sevgidən bixəbər kişi” əlyazması (Tərcümə N.A) əlimizdədi.

Əsəd Bəyin arxiv sənədləri və son əlyazmasından bir hissə dünyada ilk dəfə onun öz vətəni olan Azərbaycanda nəşr edilmişdir. (Yüz ilin sirləri, Nurlan 2007. Nuridə Atəşi) Əsəd Bəy bioqraf, orientalist, Qafqaz ekperti və tarixçi kimi Avropada və dünyada məşhur idi.

Dahilər birdən birə kəşf edilmir və dərk edilmir təbiidir. Əsəd Bəyin Azərbaycanın, Qafqazın tarixinə dair araşdırmaları, kitabları bu gün Azərbaycanda hələ tanınmasa, təbliğ edilməsə də zamanla öz qiymətini alacağına, onun əsərlərinin Azərbaycan ədəbiyyatının ən qiymətli inciləri siyahısına düşəcəyinə onun bir tədqiqatçısı kimi qəti əminəm.

Əsəd Bəy “Qafqaz” (Dağları, xalqları və tarixi) əsərinin Zaqatala fəslində (Səh. 100-104) “Zaqatalanın böyük möcüzəsini” kəşf edir:

“Zaqatalanın böyük bir hissəsi qətiyyən araşdırılmamışdır. Bir çox gözlənilməz nəticələr öz soyuqqanlı səyyahlarını Zaqatalanın balta dəyməmiş dağlarına və dərələrinə ilk yol açmasını gözləyirlər. “

Əsəd Bəy Zaqatalanın yaxınlığındakı bir dərədə yaşayan bir tayfadan söhbət açaraq nə İlisu xanlığının nə də digər hökumət orqanlarının bu insanları yoluxmağa gəldiyini yazır. Əsəd Bəy bu dərəyə gəlib çıxdığını və “Zaqatalanın böyük möcüzəsi” olan Yəsai amazonlarını necə kəşf edildiyini yazır: “O zamana qədər yəsai xalqı mütəxəssislər tərəfindən naməlum qalmışdı.

Yalnız Zaqatalanın zərif müsəlman qonşuları bu xalqı tanıyırdılar, lakin bu böyük möcüzədən kimsəyə danışmazdılar. Sadəcə olaraq onlardan kimsə də bu barədə maraqlanmamışdı, və onlar qonşularını araşdırmaqdan vacib işlərlə məşğul idilər. Beləliklə yəsai amazonlarını kəşf edən Əsəd Bəy bu cəngavər qadınların tarixini, həyat tərzlərini araşdırmağa başlayır:

“Yəsailər xalqı Zaqatalanın yaxınlığındakı bir qəsəbədə adsız bir dərədə yaşayırlar. İndiyə qədər bu xalqın qəsəbəsinin də hələ bir adı yoxdur. Yəsailər özləri də heç xarici görünüşə o qədər də əhəmiyyət vermirlər.

Hər hansı bir tarix, Hökumət məqamları, yazı və ənənələri yoxdur.

Bu səbəbdən də mənşə məsələsinə böyük önəm verən qonşuları onları sadəcə “keçmişini bilməyən xalq” adlandırırlar. Yalnız yəsailərin həyat tərzinə yaxşı bələd olan onları

„Das Volk der Jungfern“ „Gənc qızlar xalqı“ adlandırırlar.

Yəsalərin həyatını təşkil edən bir adət-ənələri var ki, bu ənənə ondan ibarətdir ki, bu xalqın kişisinin əli işə dəyməz. „Bizim atalarımız işləməyiblər və biz də işləyə bilmərik“ deyirlər. Və onlar doğrudan da işləməzlər. Bütün günü böyük qoz ağaclarının altında uzanar və onlara işləməyi qadağan edən böyük Analarını məmnuniyyətlə xatırlayarlar. Bütün işlər qadına məxsusdur və kişiyə işləməyi qadağan edən də qadındır.

Bir neçə il bundan qabaq bir qadın birliyindən Zaqataladakı yəsailəri ziyarət edən millət vəkilləri kişiləri işləməyə səsləyərkən yəsai qadınları tərəfindən biabırçı şəkildə qovuldular. „Bizim üçün təhqiredici hal olar ki biz kişilərimizi işləməyə qoyaq“ deyərək məğrur Amazonlar elan etdilər.

.. . Yəsai qadınını hər yerdə işləyən görərsən. Meşədə, Cüt sürmədə, kasıb daxmalarda. Digər şərq qadınları kimi üzlərini gizlətməzlər, təpədən-dırnağa silahlı gəzərlər. Xəncər, balta, və hər yerdə pistolet gəzdirərlər, və bu silahlardan istifadə etməyi də yaxşı bacarırlar.

Vay o gündən ki, onlara yaxud kişilərinə hücum eləsinlər qafqaz amazonları qonşu xalqların kişilərindən çox-çox igiddirlər, özlərini müdafiə etməyi bacarır və tənbəl bəy ərlərini cəngavərcəsinə qoruyurlar.“

Əsəd Bəy yəsai qadınların uşaq doğma adətinə də toxunaraq qeyd edir ki, yəsai qadını doğuş zamanı insanların gözündən uzaqlaşaraq meşənin dərinliyinə çəkilir, təkbaşına, heç bir köməksiz filansız körpəsini özü dünyaya gətirir və dərhal geriyə - alışmış olduğu işinin başına qayıdır. əsəd Bəy yəsai qadınının daha bir böyk hüququndan bəhs edir.

O həyat yoldaşını özü seçə bilər, ona evlənmək təklifi edə bilər.

Həmçinin ər qadınını bezdirdiyi, zəhləsini tökdüyü zaman ondan boşana bilər, yasai qanunlarına zidd hərəkət etdiyi zaman ona qadağalar qoya bilər.

Yəsailərin boşanma qanunlarından danışan Əsəd Bəy qeyd edir ki, yəsailərin dərəsində boşanmaq qədər rahat bir şey yoxdur. Qadın iki şahid çağrır.
Və onların qarşısında ərinə elan edir: „Bir talaq, iki talaq, üç talaq“ bununla da boşanma mərasimi qanunlaşır.

„Yəsailərin əsas qanunları budur: „Səni təngə gətirən bir kişi ilə bərabər yaşamaq günahdır“

Əsəd Bəy daha sonra yazır: „Əvvəllər yəsailər İlisu sulatanlığının köləsi idilər, sonra çarın tabeliyinə keçirlər, indi isə azad sovet vətəndaşıdırlar. Bu cürbəcür dəyişiklikləri yəsailər heç hiss belə etməmişlər.

Yəsailərin bu cənnət həyatlarının nə zamandan bəri sürdükləri məlum deyil. Çünki onların nə tarixi, nə də idarəçilikləri məlumdur. Eyni zamanda bu özünəməxsus matriarxah cəmiyyətin Zaqatala dərələrində daha nə qədər çiçəklənəcəyi məlum deyil.“

GÜRCÜSTANDA AMAZON TAYFASI: XEVSURLAR


„Balta dəyməmiş meşələr başlayan yerdə Quran qurtarırr və orada heç kəs böyük təhsil tanımır“ Əsəd Bəy

Əsəd Bəyin Qafqaza həsr etmiş olduğu digər tutumlu əsəri hesab edilən „Qafqazın 12 sirri“ əsərində Qafqazda kəşf etmiş olduğu ikinci Amazon tayfası hesab edilən xevsurlardan söhbət açır.

FƏSİL XIII
Xristian adını tanımayan xristianlar

Əsəd Bəy bu fəsildə Gürcüstanda Tiflis yaxınlığında bir azad, polisin olmadığı bir Chevsurien (Xevsuria) adlı yerdən və tayfadan söz açır.

Və bu yeri Qafqazın siyasi İsveçrəsi adlandırır. Və Xevsuriyanı böyük bir qaya divarları qoruduğunu qeyd edir. Və bu qala divarından yalnız kəndirlə xevsurların yanına düşmək mümkün olduğunu yazır.

İlin 11 ayını yalnız bu asma yolla xevsurlar dış dünya ilə əlaqə saxlaya bilirlər. yalnız kəndə qonaq gəldiyi zaman xevsurlar özlərinin xüsusi çərkəz baltarını və məxsusi Qafqaz geyimlərini geyərlər. Xevsur qadın hər səhər əlini və ayaqlarını hər ay isə üzünü və saçlarını inək sidiyi ilə yumalıdır.

Təsadüfən bu kəndə gələn və xevsur olmayan qadın da bu adət-ənənəyə riayət etməlidir yoxsa onu kənddən qovarlar və onun yaşadığı evi yandırarlar. Xevsur qadın ərinin köləsi deyil hətta o xeyli dərəcədə ərindən yüksəkdə dayanır.

Nəinki təkbətək döyüşdə onun sözü keçir, hətta o istədiyi anda ərini tərk edə bilər və ondan boşana bilər. Əsəd Bəy daha sonra qeyd edir ki, xevsur qadınları heç bir vəchlə öz razılıqları olmadan və zorla evləndirilə bilməzlər. Onlar heç bir cəsasız bütün vaxtlarda ərlərini gülünc edə bilərlər və tərbiyələndirə və ucalda bilərlər.

Əsəd Bəy daha sonra yazır:“ Xevsurların hansı irqə mənsub olduqları məlum deyil. Onlar heç bir etnik tipə malik deyillər. sarışın, tünd, ucadırlar, alçaqboyluya onların arasında rast gəlinir. Onların dilləri gürcü dilinə yaxındır amma xeyli başqa dilləri də özlərində birləşdirir. Əsəd Bəy xevsurların müxtəlif xalqların köçkünlərindən yaranıb bu xevsurlar cəngəlliyinə toplaşdıqlarını güman edir.

Və bu fərziyyəsini də onların həm xristanlığa, həm bütpərəstliyə, onların orta əsr ritsar mədəniyyətinə, və qatı barbarlıqlarına diqqət çəkməklə qətiləşdirir. Əsəd Bəyin fikrincə xevsurlar 15-20 min əhalisi olan bir tayfadır.

Əsəd Bəy ən sonda xevsurların amazonların irsindən qalma xüsusiyyətlərinə diqqət çəkərək „Xevsurların silahlanma hərbiləri və qadınların savaş mövqələri çox qəribə“ olduğunu da qeyd edir.

Elə buna görə də avstriyalı Avropada amazonlar haqqında ilk geniş və ciddi tədqiqat aparan araşdırmaçı, Əsəd Bəyin həmdövr yazıçısı olan xanım Sir Galahat“ Bertha Diener (1874-1948), „Analar və Amazonlar“ əsərində yazır: „Əsəd Bəyin yenicə nəşr olunmuş səyahət əsərində („Qafqaz“ əsəri nəzərdə tutulur. N.A.) Qara dəniz ilə Xəzər dənizi arasında yerləşən Qafqazın əsas torpaqları sayılan „Odlar Yurdu“nda iki yenicə kəşf edilmiş tayfadan danışılır. Əsəd bəyin fikrincə orada indiyə qədər demək olar ki, tamamilə naməlum olan „Gənc qızlar“( „Jungfrauen“) və mavi gözlü osetinlər tayfaları təəccüb ediləcək qədər Amazonların adət-ənənələri ilə qohumdurlar.“

„Şah ağlını itirəndə Dağıstanla müharibə aparar.“

Əsəd Bəy yazır: „Dünyada dağıstanlılar qədər igid savaşçılar tapılmaz və bir fars məsəli heç də boşuna deyilməmişdir:“ Şah ağlını itirəndə Dağıstanla müharibə aparar.“ Farslar nə dediklərini bilirlər.

Bütün Hindistanı və yüzlərlə şahlıqları özünə tabe edən fars-Nadir şah daha sonra Dağıstana yürüş edir. O orada kişilər tərəfindən geri oturdulmur, yox, əksinə, yalnız qadınlar onlara qarşı çıxır.

Kişilərə farslar eyni bərabərdə olan rəqiblər deyildilər. Güclü fars döyüşçüləri hətta şah belə onların arvadlarından məğlub halda Hindistana qaçdılar.

O zamandan sonra heç bir şah Dağıstana hücum etməyə cəsarət etmir.“
Böyük İran İmperiyasının dünyanı önündə diz şökdürən İmperatoru Kirə qan içirən massagetlərin çariçası Tomris dünyanın ən qəhrəman qadınlarının sırasındadır.

Massagetlərin (sakların) analarının Amazonlar olduğu bizə amazon tədqiqatlarından və tarixin atası Herodotdan məlumdur. Quba xanı Fətəli xan 1779-cu ildə Dərbənd şəhərinin idarə olunmasını həyat yoldaşı Tutu Bikə xanıma tapşırır.

Dəmir zirehli, əlində amazonların əsl savaş silahı olan Təbərzin başında tunc dəbildə tam 9 ay düşməni Dərbəndə yaxın buraxmayan Tutu Bikə əsl Amazon deyilmi?

Əsəd Bəyin Qafqazda amazon tayfalarının kəşflərinin izi ilə Qafqazın Amazonların sirlərini möhkəmcə öz sinəsində bu günə qədər gizlədən 3 möhtəşəm dağların arasında yerləşən bir dərədə gəlib amazonların bu günki varislərini tapdım. Qax rayonunun Sarıbaş kəndi.

Sarıbaş Amazonları haqqında gələn məqaləmdə.

Qafqaz amazonlarının tədqiqatı davam edir…

Nuridə Atəşi
Berlin May 2010.
feuertochter@yahoo.de

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG