Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:07

Rasət Pirisoyu "ÜÇ OXUCU TİPİ HAQQINDA" (Esse)


Ədəbiyyatda yeniliyi, təbii ki, yazıçı yaradır. Amma, nə qədər qəribə səslənsə də, yeni ədəbiyyat yazıçıdan çox, oxucudan başlayır. Əvvəl oxucu gəlir, sonra yazıçı. Bu mənada bütün yazıçılar əvvəl oxucudur, sonra yazıçı. Bir oxucu kimi yeni olmayan yazıçının yeni ədəbiyyat yaratması müşkül məsələdir.

Bu gün Azərbaycanda çox ciddi oxucu problemi mövcuddur. Özü də bu problem təkcə kitaba münasibətdə ifadə olunmur. Bu problemin miqyası çox böyükdür.

Bu günkü ədəbi prosesi oxucu tipləri baxımından nəzərdən keçirməli olsaq, maraqlı mənzərə ilə rastlaşarıq. Azərbaycanda kütləvi şəkildə üç oxucu tipi mövcuddur.

Mən şərti olaraq onları belə adlandırıram:

1. İrfani oxucu tipi
2. Maarifçi oxucu tipi
3. Sovet oxucu tipi

Azərbaycanda ən çox yayılmış və ən dayanıqlı oxucu tipi irfani oxucu tipidir.

Bu oxucu kütləsini Azərbaycanda orta əsərlər ədəbiyyatı yaradıb.

Müasir Azərbaycan cəmiyyəti bir çox baxımdan orta əsrlərin təsiri altındadır.

Orta əsrlər ədəbiyyatı da ictimai fikirdə oturuşmuş ədəbiyyatdır. Bu ədəbiyyatın nümayəndələri həmişə olduğu kimi yenə də çox böyük oxucu məhəbbəti ilə əhatə olunub.

Orta əsrlər yazıçısının hər sözü oxucusunda heyranlıq doğurur.

Orta əsərlər ədəbiyyatı həm də «mübahisəsiz» ədəbiyyatdır.

İncəsənətin bir çox sahələri ilə əlaqəli olması bu ədəbiyyatın ictimai şüura təsir imkanlarını xeyli genişləndirir. Biz gündəlik həyatımızda orta əsərlər ədəbiyyatı ilə, demək olar ki, hər addımda rastlaşırıq.

Bu qarşılama son vaxtlar xüsusi ilə artıb.

İndi adi söhbətlərdə əvvəlki illərlə müqayisədə hədislərə daha çox istinad olunur.
Meyxanaya maraq böyük miqyas alıb.
Muğamlarımız bizi elə hey orta əsrlərə çəkir.

Həddindən artıq ziddiyyətlər isçərisində yaşamasına baxmayaraq Azərbaycanda çox böyük insan kütləsi orta əsrlər ədəbiyyatına köklənib; böyük əksəriyyət düşdükləri vəziyyəti Allahın buyruğu kimi qəbul edir, cəmiyyətdə bir süstlük, bir layqeydlik, qəzavü - qədərə inam, tərki - dünyalıq hökm sürür.

Dayanıqlı, böyük oxucu auditoriyasına malik olmasına baxmayaraq orta əsrlər ədəbiyyatı, o cümlədən irfani oxucu tipi Azərbaycan ictimai fikrində aparıcı rola malik deyil.

Bu rol maarfiçi oxucu tipinə məxsusdur.

Maarifiçi oxucu tipi tarixən irfani oxucu tipi ilə konfliktdə meydana çıxıb.

Amma bu konlikt bitərəfli olub.

Orta əsərlər ədəbiyyatı maarfiçi ədəbyyatla bütün mübahisələrdən yayınıb, öz mövzularını mudafiədən faktik imtina edib.

İrfani oxucunun OXUCU zövqünü əsasən dini dünyagörüş təşkil edir, maarifçi oxucunun OXUCU zövqünü millilik.

Maarifçi oxucu irfani oxucudan fərqli olaraq oxuduğu ədəbiyyatla həmişə konfliktdə olur.

Maarifçi oxucunu razı salmaq bəzən yazıçı üçün müşkülə çevirilir

Azərbaycan xalqını bir milli orqanizm olaraq ilk dəfə maarifçi ədəbiyyat nəzərdən keçirməyə başlayıb və burdan bəhrələnərək maarifçi oxucu da Azərbaycan xalqını gücdən salan hər şeyə «müharibə» elan edib və bu proses indi də davam edir.

Maarifçi ədəbiyyatı orta əsrlər ədəbiyyatını məşğul edən mövzular maraqlandırmır.

Ümumiyyətlə, maarifçi ədəbiyyat orta əsrlər ədəbiyyatını birmənalı şəkildə inkar edir, bununla da özündən əvvəlki ədəbiyyata münasibətdə mənsub olduğu xalq qarşısında özünü hər cür məsuliyyətdən kənara çəkir.

Maarifçi ədəbiyyatda özünü göstərən bu cəhət onun oxucusuna da təsirsiz ötüşməyib.

Üçüncü tip oxucu isə sovet oxucu tipidir.

Bu oxucu tipi əsasən ideoloji təsir altında formalışıb.

Xarakterinə görə o, həm orta əsr, həm də maarifçi oxucu tipinidən fərqlənir. Sovet oxucu tipi bədii mətnə münasibətdə özünü bir qayda olaraq tərəf kimi aparır. Bu oxucu tipinə elə gəlir ki, yazıçı öz əsərini ancaq onun ideallarını müdafiə etmək üçün yazır və əgər bunu etmirsə, deməli, yazıçı ədəbiyyatın «başlıca prinsipinə» xəyanət edir.
Bu da təsadüfi deyil.
Sovet ideologiyası nəyinki sovet yazıçılarında, hətta əvvəlki ədəbyyatlarda da özünü axtarırdı, bədii mətnə məhz bu nöqteyi - nəzərdən yanaşırdı.

Sovet oxucu tipi bütün bunları edərkən, təbii ki, ənənəvi «bədii məntiqi» işə salır, ədəbi terminlərdən bol - bol istifadə edir, məsələni qəlizləşdirməyə səy göstərir. Amma həddindən artıq danışmasına baxmayaraq, bu oxucu bədii mətnin məziyyəti haqqında ciddi heç nə deyə bilmir.
Sovet oxucu tipi bir qayda olaraq yazıçıya qadağalar qoyur, az qala ədəbiyyatda polis funksiyasını yerinə yetirir.

Sovet ideologiyası iflasa uğrayandan sonra bu oxucu tipi Azərbaycanda nəinki mövqelərini itirdi, əksinə xeyli genişləndirdi. İndi bu oxucu tipi ancaq «öz ədəbyyatını» yaratamqla, müdafiə etməklə və yaymaqla məşğuldur.

Azərbaycan şəraitində sovet oxucu tipinin özündə də qəribə metamarfoza baş verib.

Bu oxucu tipi ədəbi prosesdə indi özünü əsasən iki şəkildə göstərir.

Öz başlanğıcını maarifçilikdən götürən sovet oxucu tipi davranışında daha çox 37-ci il «elementlərin»ə əsaslanır; barmaq silkələməyi xoşlayır, «xalq adından» danışır, xalqa «xəyanət edən» yazıçıları asıb kəsir…

Öz başlanğıcını orta əsrlər ədəbiyatından götürən sovet oxucu tipi isə durğunluq dövrünün elementləri ilə işləyir, nəsihət verir, nümunələr gətirir…

Birinci sovet oxucu tipi özünü «yeni ədəbiyyatın», İkinci sovet oxucu tipi isə özünü «əsl ədəbiyyat»ın müdafiəçisi elan edir.

Sovet oxucu tipi ilk nöfbədə Azərbaycanda maarifçi oxucu tipinin formalaşmasına mənfi təsir göstərir. Maafirçi oxucu tipinin yeni mərhələyə keçməsini ləngidir.

Mən bunları niyə yazıram?

Hər şeydən əvvəl ona görə ki, müasir Azərbaycan ədəbiyyatının gələcəyi heç şübhəsiz bu üç oxucu tipinin özünü necə aparmasından asılı olacaq.

Əslində belə bir proses gedir də.

Artıq İrfani oxucu tipi Azərbaycan cəmiyyətində çox fəal iş görür. Bu ədəbyyatın tərəfdarları heç bir ictimai mübahisə yaratmadan öz müəlliflərini Azərbaycan cəmiyyətinə təqdim edir və cəmiyyətdə bu müəlliflərin nüfuz qazanması qayğısına qalır.

İctimai fikir yenidən «ustad - şəyird» müstəvitsinə qaytarılır.

Özünü sovet oxucu tipində tapan yazıçılar isə hansı metamarfozaya uğramasından asılı olmayaraq sovet oxucu tipinin Azərbaycan cəmiyyətdə ömrünün uzanmasına çalışır.

Başlanğıcını maarifçilikdən götürən sovet oxucu tipi də, orta əsrlər ədəbiyyatından götürən sovet oxucu tipi də bu yazıçılara əl verir. Biri bu yazıçıları öyməklə gündəmdə saxlayır, o biri isə söyməklə…


Bu gün Azərbaycanda ən fəal, eyni zamanda ən ziddiyyətli oxucu tipii maarfiçi oxucu tipidir. Özünü necə aparmasından və necə adlandırmasından asılı olmayaraq (bəzən onlara postmodernist deyirlər) bu oxucular bir fərd olaraq milli orqanizm kimi diqqət çəkirlər.

Onların ifadə etdikləri proqram da maarifçilərin proqramından fərqlənmir.

Bu oxucuların maarifçilik mərhələsində ləngimələri həm də Azərbaycanda yeni oxucu tipinin meydana çıxmasını çətinləşdirir.

Təsadüfi deyil ki, bu oxucular cəmiyyətdən nə istədiklərini yaxışı bilsələr də, yazıçıdan nə istədiklərini yaxşı bilmirlər. Onlar unudurlar ki, yazıçı obrazlarla düşünür, fəaliyyət göstərir, münasibət ifadə edir.

Bu obrazlar yoxdursa, deməli, yeni ədəbiyyat yoxdur, bu obrazlar yoxdursa, deməli, yeni yazıçı yoxdur və ən nəhayət, bu obrazlar yoxdursa, deməli, yeni oxucu mühiti movcud deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG