Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:00

Azərbaycanla Belarusu nə birləşdirir?


İlham Əliyev və Aleksandr Lukaşenko
İlham Əliyev və Aleksandr Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-də Bakıya gəlib. Səfər öncəsindən verilən məlumatlara görə, Bakı və Minsk iqtisadiyyat, informasiya texnologiyaları, sosial müdafiə, ətraf mühitin mühafizəsi və statistika sahəsinə aid ikitərəfli sənədlərin imzalanmasında maraqlıdırlar. Amma bununla belə, iki ölkə arasında məhz bu və digər sahələrdə əməkdaşlığın perspektivini mümkün sayanlarla bərabər buna şübhə ilə yanaşanlar da var.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Nazim Məmmədov düşünür ki, Azərbaycan və Belarus arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsini şərtləndirən səbəblər var. Onun sözlərinə görə, hərbi sənaye kompleksi hələ sovetlər dönəmindən Belarusda çox yüksək səviyyədə inkişaf etdirilib.
Nazim Məmmədov
Bu baxımdan Azərbaycanın yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyi ilə Belarusun müvafiq qurumları arasında təməli bir neçə il əvvəl qoyulmuş əməkdaşlıq daha da geniş şəkildə davam etdirilməlidir. Bu istiqamət daha perspektivli ola bilər:

BELARUSDAN ÖYRƏNİLMƏLİ ÇOX ŞEY VAR

«Etiraf etməliyik ki, maşınqayırma və hərbi sənayedə Belarusdan öyrənilməli çox şey var və bu istiqamətdə birgə müəssisələr yaratmaq olar. Həmçinin yeyinti sahəsində müəyyən malların qablaşdırılması və digər texnologiyalar var ki, bu məsələdə biz Belarusun təcrübəsindən yararlana bilərik. Hər iki ölkədə informasiya texnologiyaları baxımından müsbət dinamikalar var. Bundan başqa, Belarus tranzit ölkə kimi Rusiyadan neft və qaz məhsulları alır. Onların daha dərin emalı üçün daha çox kimya sənayesində Azərbaycanın təcrübəsindən yararlana bilər».

İyunun 3-də prezidentlər - İlham Əliyev və Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. APA agentliyinin məlumatına görə, görüşdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və
Zöhrab İsmayıl
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRBAYCANLA BELARUS ARASINDA TƏBİİ ƏLAQƏLƏR GÖRMÜRƏM

İqtisadçı ekspert Zöhrab İsmayıl isə hesab edir ki, Azərbaycanla Belarus arasında sadalanan sahələrdə hansısa əməkdaşlıq boş şeydir. Bu iki ölkəni ola bilsin ki, kənd təsərrüfatı ilə bağlı hansısa layihələr birləşdirə bilər. Amma Belarusun özünün də kənd təsərrüfatı sahəsində çox böyük potensialı olsa da inkişafı çox aşağı səviyyədədir:

«Təcrid olunmuş ölkələr müəyyən iqtisadi, ərzaq və sair problemlərdən sığortalanmaq üçün istəyirlər ki, öz aralarında hansısa mexaniki əlaqələr qursunlar. Ancaq bunlar hamısı süni əlaqələrdir. Mən Azərbaycanla Belarus arasında təbii əlaqələr görmürəm».

Zöhrab İsmayıl hesab edir ki, Azərbaycanla Belarusun rəhbərlərini ancaq totalitar idarəetmə, anti- Qərb ovqatı birləşdirir.

ONLAR BİR-BİRİNƏ DƏSTƏK VERMƏKDƏ MARAQLIDIRLAR


Ərəstun Oruclu
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Azərbaycanla Belarus arasında hansısa strateji əməkdaşlıqdan söhbət gedə bilməz. İqtisadi əlaqələr zəifdir. Digər tərəfdən Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə bu təşkilata üzv deyil ki, hərbi, yaxud müdafiə sahəsində əməkdaşlıq etsinlər. Deməli, qalır təkcə siyasi əməkdaşlıq:

«Həm Azərbaycanın, həm də Belarusun hakimiyyətləri demokratiyanı boğan, demokratik dəyərləri sıxışdıran avtoritar rejimlər kimi dünyada tanınır. Bu da onları addım-addım beynəlxalq təcrid vəziyyətinə gətirib çıxarır. Bu səbəbdən də onlar bir-birinə dəstək verməkdə maraqlıdırlar təbii ki».

Ərəstun Oruclu deyir ki, bu yaxınlaşma yalnız ölkədaxili auditoriyaya hesablanmış, beynəlxalq dəstək imitasiyasıdır. Və bu cür münasibətlər ölkələrin heç birinə ciddi nəsə vəd etmir.
XS
SM
MD
LG