Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:05

MSK Tbilisi merini seçkinin qalibi elan etdi


Gigi Ugulava jurnalistlərin əhatəsində
Gigi Ugulava jurnalistlərin əhatəsində
Mayın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə hakim partiya qələbə qazanıb. Mərkəzi Seçki Komissiyası (MSK) Tbilisi meri seçkisində indiki mer, hakim Vahid Milli Hərəkatın namizədi Gigi Ugulava 54 faizə yaxın səs toplayıb. Müxalifətin namizədi İrakli Alazaniyanın isə Ugulavadan azı 20 faiz səs fərqi ilə geridə qaldığı bildirilir.

Exit-pollar da Ugulavanın qalib olducunu göstərmişdi. «Edson» təşkilatının «Rustavi 2» və «İmedi» telekanalları üçün apardığı araşdırmalarda Ugulavanın 61 faiz, müxalifətdə olan «Gürcüstan Naminə» Alyansın namizədi İrakli Alazaniyanın isə 17 faiz səs aldığını bildirmişdi. Başqa bir exit-pollda isə Ugulavaya 60 faiz, Alazaniyaya 18 faiz səs verildiyi qeyd edilirdi.

Seçkini müşahidə etmiş ATƏT bildirib ki, bu seçkidə beynəlxalq standartlara uyğunlaşmaq istiqamətində çox ciddi irəliləyişlər olub. Amma təşkilat onu da qeyd edib ki, hələ də seçki prosesində həllini gözləyən bəzi ciddi nöqsanlar var.

Mərkəzi Seçki Komissiyası isə seçkinin ciddi nöqsanlar olmadan keçirildiyini bildirib. Prezident Saakaşvili də bu seçkini Gürcüstan müstəqil olandan sonra ən yaxşı seçki adlandırır:

REGİONDA BİZİM ƏN AZAD SEÇKİ SİSTEMİMİZ, DEMOKRATİYAMIZ VAR

Saakaşvili xanımı ilə səs verir - 30 may 2010
- Gürcüstan Avropaya inteqrasiya, iqtisadi inkişaf yolunu davam etdirir. Bu sahələrdə biz möcüzələr sayıla biləcək uğurlar əldə etmişik. Bu regionda bizim ən azad seçki sistemimiz, demokratiyamız var. Və biz bununla qürur duyuruq.

AzadlıqRadiosunun Gürcüstana ezam olunmuş müxbiri Brian Whitmore yazır ki, yerli müşahidəçilər də bu seçkidə əvvəlkilərdən daha az pozuntular olduğunu deyirlər. Amma onlar bildiriblər ki, paytaxt Tbilisidən fərqli olaraq regionlarda daha çox pozuntu olub.

Tbilisi meri uğrunda yarışan müxalifətin namizədləri bildiriblər ki, hakimiyyət öz namizədinin birinci turda qalib gəlməsi üçün əlindən gələni edib. Ona görə də seçkinin favoriti Ugulavadır.

Hakim Vahid Milli Hərəkat və özünü müxalifət adlandıran, amma hakimiyyətyönlü partiya kimi tanınmış Xristian Demokrat Partiyası mayın 29-da bildirib ki, öz tərəfdarlarının seçkiyə aparılması üçün avtobuslar tutub.

«KARUSEL»?

Buna bənzər avtobuslar 2008-ci ilin parlament və prezident seçkilərində də var idi. O zaman müxalifət qrupları bunu «karusel» əməliyyatı adlandırırdı. Amma hökumət bu ittihamı rədd edərək seçicilərin avtobuslarla daşınması prosesinin şəffaf keçirildiyini bildirib.

Budəfəki bələdiyyə seçkisində Gürcüstan vətəndaşları ölkənin müxtəlif yerlərində 64 bələdiyyə şurasına üzvlər və Tbilisi merini seçiblər. İlk dəfədir ki, paytaxtın merini bələdiyyə şurası üzvləri deyil, birbaşa vətəndaşlar özləri seçirlər.

Müşahidəçilər Tbilsi meri uğrunda seçkinin Saakaşvili hakimiyyəti üçün çox ciddi sınaq olduğunu deyirlər. Onların fikrincə, bu seçki 2012-ci ilin parlament və 2013-cü ilin prezident seçkiləri üçün baza rolunu oynayacaq. 2013-cü ildə Saakaşvilinin də ikinci və sonuncu prezidentlik müddəti başa çatır.

Mer olmaq üçün yarışa qatılan doqquz namizəddən favorit sayılan ilk ikisi Gigi Ugulava və İrakli Alazaniya Gürcüstanda prezidentliyə iddialı siyasətçilər kimi tanınırlar. Həm də 4.5 milyon nəfərlik Gürcüstan əhalisinin üçdə-biri paytaxtda yaşayır.

ÇOX MARAQLI BİR SEÇKİ KAMPANİYASI OLDU

İrakli Alazaniya səs verir
Ugulava səs verərkən jurnalistlərə verdiyi qısa brifinqdə bu seçkini tarixi seçki adlandırıb və rəqiblərinə yaxşı rəqabət üçün təşəkkür etdiyini deyib:

- ...Bütün namizədlərə də təşəkkür edirəm, çünki çox maraqlı bir seçki kampaniyası oldu. Bütün namizədlər şəhəri inkişaf etdirmək üçün fikirlərini ifadə etdilər. Mən ümid edirəm və əminəm ki, bu seçki çox şəffaf və ədalətli olacaq. Daha böyük sabitliyə nail olmaq üçün bizə demokratiya lazımdır.

2013-cü ildə prezidentliyə əsas iddialı namizədlərin biri hesab olunan Ugulava həm də prezident Saakaşvilinin yaxın müttəfiqidir. Tbilisidə həyata keçirdiyi tikinti və canlanma layihələri ilə ictimai dəstək qazanıb. Amma rəqibləri deyirlər ki, hökumətin imkanlarından ədalətsiz şəkildə siyasi məqsədlərlə istifadə edilib.

İrakli Alazaniya isə exit-polların nəticələrinə şübhə ilə yanaşır. Daha çox ilk dəfə səs verən gənclərə ümid etdiyini deyən Alazaniya bildirib ki, yalnız yekun nəticələrin elan edilməsindən sonra nəticələri qiymətləndirəcəklər.

Brian Whitmore yazır ki, liberal baxışlı Alazaniya 2008-ci ildə Rusiya ilə müharibə zamanı özünün daha sakit davranış və çıxışları ilə Qərb ölkələrinin paytaxtlarında özünə rəğbət qazanmışdı. 2008-ci ilin dekabrında isə Saakaşvilinin siyasəti ilə razılaşmadığı üçün BMT-dəki vəzifəsinin tərk edərək müxalifətə keçib.

İndi Qərbdə onu çoxları səs-küylü Saakaşvili və Gürcüstan müxalifətinə alternativ hesab edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG