Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:01

Parkın təmiri Gəncə sakinlərində narazılıq yaradıb


Parkda təmir-bərpa işləri
Parkda təmir-bərpa işləri
Gəncənin mərkəzində Xan bağı (Sərdar bağı) kimi tanınan parkda təmir-bərpa işlərinə başlanıb. 1847-ci ildə çarın Qafqazdakı canişini (sərdarı) knyaz M.S.Voronsovun təşəbbüsü ilə salınan bu park gəncəlilərin əsas istirahət guşələrindəndir.

Ancaq Gəncə camaatı 160-dan çox yaşı olan parkda təmir işlərindən elə də razı deyillər. Kimisi sərinləmək üçün yeganə məkanlarının məhz yay fəslində təmirə bağlanmasından, kimisi də təmirdən sonra parkın tarixi görünüşünü itirəcəyindən gileylənir:

NEÇƏ İLLİK ÇİNAR AĞACLARININ BƏZİLƏRİ TƏMİR İŞLƏRİ NƏTİCƏSİNDƏ QIRILIB

- Təmir vaxtı deyil. İnsanların sərinləmək, dincəlmək üçün üz tutduqları yer bu park idi. Ağacların dibinə, otların üstünə torpaqlar gətirib töküblər, ağaclarla ehtiyatsız davranırlar. Neçə illik çinar ağaclarının bəziləri təmir işləri nəticəsində qırılıb.

- Yaxşı olardı ki, parkı təmir etmək əvəzinə oradakı ağaclara düzgün qulluq edərdilər. İndi də parkı təmir edirlər, başqa parklara oxşadacaqlar. Bu parkın gözəlliyi, unikallığı onun qədimliyində, nadir, böyük ağaclarında idi. Həm də ki, heç olmasa yaxşı olardı parkda təmir işlərinə sentyabrda başlayardılar. Camaatın dincəldiyi, gəzdiyi yer bu park idi.

- Çoxdandır orda təmir işləri aparılmırdı. Ağaclara, bitki örtüyünə ziyan vurmadan təmir işləri aparılsa, daha yaxşı olar.

Xan bağında təmir işlərini həyata keçirən Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abit Əliyev sakinlərin narahatlığını anladığını bildirdi. Onun sözlərinə görə, narahatlığa əsas yoxdur, parkın ümumi arxitekturası saxlanmaqla müasir şəkildə təmir olunacaq:

HƏR ŞEY YENİLƏNİR

- Parkda heç nə dəyişdirilməyəcək, ümumi arxitektura üzərində park təmir olunacaq. Əsas quruluş saxlanılmaq şərti ilə hər şey yenilənir. Fəvvarələr söküləcək, Yaşıl Teatr sökülüb, tamamilə yenidən qurulur, işıq dirəkləri dəyişdirilir, oturacaqlar yenilənir, ictimai ayaqyolu yenidən təmir olunacaq, parkdakı iaşə obyektləri isə layihə əsasında özlərinin vəsaiti hesabına yenidən qurularsa, saxlanılacaq, qurulmasa, ləğv olunacaq.

Abit Əliyev parkda qırılan ağaclarla bağlı deyir ki, bunlar əsasən qocalmış ağaclardır:

- Köhnə ağaclar çıxarılacaq, yerlərində əvvəllər parkda olan, ancaq indi kökü kəsilən ağaclar əkiləcək.

Abit Əliyevin sözlərinə görə, təmirdən sonra parkda ceyran, cüyür saxlanmayacaq. Səbəb isə onların yeni parkın görkəminə uyğun olmamasıdır.

Ekoloq İrşad Abbasov isə hesab edir ki, heyvanların parkdan uzaqlaşdırılmasının səbəbi bu deyil:

HEYVANLAR PARKA QAYTARILMAYACAQ

- Heyvanların parkda saxlanması oradakı bitki örtüyünə, biomüxtəlifliyə öz mənfi təsirini göstərdi. Nəhayət ki, onlar bunu anladılar. Yəqin ki, parkın təmir- bərpasından sonra bu heyvanlar parka qaytarılmayacaq.

İrşad Abbasov hesab edir ki, belə iri layihələrdə ictimaiyyətin də fikrini öyrənmək vacibdir, təmir işlərindən sonra parkın yenidən ziyan çəkməməsi üçün ekoloqlarla əvvəlcədən məsləhətləşmələrin aparılması zəruridir.

Memar Emil Axundov isə deyir ki, Xan bağında təmir-bərpa işləri adı altında qədim arxitektura, zəngin memarlıq nümunələri məhv edilir:

- Köhnə fəvvarəni sökələr, yerlə-yeksan edələr, onun yerində işıqlı, musiqili fəvvarə quraşdıralar. Bu parkın təmiri gərəksizdir, əslində park bərpa olunmalı, təmizlənməli idi. Gərək müxtəlif ağaclar, çiçəklər əkilərdi. Amma qədimliyə, memarlıq nümunəsinə toxunmadan.

Xan bağının bərpasına təxminən 2 milyon manat vəsait ayrılıb. Mayın sonlarında başlanan təmir işlərinin sentyabrda başa çatacağı nəzərdə tutulub.
XS
SM
MD
LG