Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:06

Qaxdan keçən dəmiryol reysləri su altındadır


Qaxdan keçən dəmiryol reysləri su altında qalıb, Bakı-Balakən qatarının hərəkəti dayandırılıb. Bu barədə AzadlıqRadiosuna Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun dediyinə görə, bu səhər saat 09:40-dan Bakı-Balakən qatarı Qax stansiyasının 120-ci km-dəki platformasında dayanıb:

«Reyslər su altında qaldığından Qax stansiyasının 120-ci km-dəki platformasından Balakənə doğru hərəkət mümkün deyil. Sərnişinləri digər minik vasitələri ilə mənzil başına çatdırmağa çalışırıq».

Nadir Əzməmmədov deyir ki, mayın 31-dən qatarın Balakəndən deyil, məhz Qax stansiyasından yola düşəcəyini elan edəcəklər. Hadisə yerinə isə artıq bərpa qatarları və çınqıl daşlar yollanıb:

«9 vaqon çınqıl daş yollamışıq. Amma hələ ki, bərpa işlərinə başlamaq mümkün deyil, sel sularının çəkilməsini gözləyirik».

Nadir Əzməmmədov deyir ki, Bakı-Balakən istiqamətində qatarların hərəkətinin tam bərpasının nə vaxt mümkün olacağı da bəlli deyil.

Şəki, Zaqatala, Balakən rayonlarına mayın 29-u axşam saatlarından leysan xarakterli yağışlar yağıb. Leysan yağışlar Qax rayonunda daha çox müşahidə olunub. Qapıçay çayının məcrasından çıxması nəticədə rayonun 150 evi, 1000 nəfərə yaxın sakini olan Marsan kəndinin bütün evlərini və həyətyanı sahələrini və Qarabaldır kəndini sel suları basıb. Kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi də sıradan çıxıb.

Hazırda yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlər aparır.
XS
SM
MD
LG