Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Hansı qanun haqqında telefonda danışmaq yasaqdır?


O hansı qanundur ki, o barədə telefonda danışmaq yasaqdır? Bəs bu yasağı açıqlayan kimdir?

AzadlıqRadiosunun «Qaynar Xətt»inə Cəlilabadın Bayxanlı kəndinin sakinlərindən gələn şikayəti araşdıra-araşdıra ilk dəfə eşidəcəyiniz bu fakta rast gəldik.

Cəlilabadın Bayxanlı kənd sakinləri şikayət edir ki, uzun illər istifadə etdikləri otlaq sahələrinə indi buraxılmırlar:

HƏR HEKTARA 25 MANAT


«Kəndin ümumi otlaq sahəsinin bir tərəfində mal-qaranı otarır, qalan hissəsini isə qış ehtiyatı üçün saxlayırdıq. Bu il kənd icra nümayəndəsi və bələdiyyə sədri bizə deyir ki, olmaz. Əgər bu torpaqlardan istifadə etmək istəyirsinizsə, hektarına 25 manat pul ödəməlisiniz. Mən də soruşuram ki, bu hansı qanunla-qaydayladı? Kim etiraz edir deyirlər ki, səsini çıxarma, yoxsa, məsələni polisdə araşdıracağıq. Belə qanunsuzluq olar?»

Bu şikayətlə bağlı Cəlilabad İcra Hakimiyyətinin Aqrar Şöbəsinin müdiri Rüstəm Rüstəmov söz verdi ki, məsələ araşdırılacaq:

«Bu ərazi vətəndaşların ümumi yararlandığı torpaqlardır. Hər kəsin pay torpağı da var, həyətyanı sahəsi də. Bu ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyəti deyil. Problem varsa, araşdırarıq».

ŞİKAYƏTÇİLƏR KİMDİR?

Bayxanlı kənd bələdiyyəsinin sədri Müslüm Nuriyevə də zəng etdik. Müraciəti səsləndirən kimi israrla şikayətçilərin kimliyini soruşdu:

«Şikayətçilər kimdirsə, bizə bildirin, biz özümüz həll edərik».

- Biz sadəcə öyrənmək istəyirik ki, siz kəndlilərə hər hekara görə, 25 manat tələb eləmisinizmi?

«Siz o insanların adını deyin. Onlar özləri həmin sahələri zəbt edib satırlar».

- Axı insanlar dövlətin torpaqlarına necə sata bilər? Bəs hökumət qurumları nəylə məşğuldur?

«Biz Sabirabadda mübarizə aparırıq».

BU, TELEFON SÖHBƏTİ DEYİL

Sabirabadla mübarizə aparan bələdiyyə başçısı sonda bildirdi ki, vətəndaşlara örüş sahələri ilə bağlı edilən təkliflərin qanuni əsası var:

«Vətəndaşlar belə bir təklif olunub. Qanuni əsası da var».

- Siz o qanunun adını deyə bilərsiniz?

«Bu, telefon söhbəti deyil».

- Qanun, yaxud Nazirlər Kabinetinin sərəcamı telefon söhbəti deyil?


«Yox».

Sonda bələdiyyə sədri bizi şikayətçilərin adını səsləndirməməkdə bir daha qınayaraq onları tapacağını və onlarla qanun dili ilə danışacağını bildirdi:

«Biz özümüz müəyyən edəcəyik ki, həmin adamlar kimlərdir. Onların indiyə qədər qanunsuz istifadə etdikləri torpaqlar onlardan alınanda sizə daha böyük məktublarla müraciət edəcəklər».

SƏRƏNCAMSIZ SÖKÜNTÜ


Bakı şəhər sakini Qurban Əliyev mülkiyyət hüququnun tapdanmasından şikayətçidir. Neftçilər 95 ünvanında daha 2 nəfər şəriki ilə istifadələrində olan ticarət obyekti 2009-cu il noyabrın 19-da sökülüb. Dediyinə görə, sökülmə ilə bağlı nə ona, nə də ərazidə mülkiyyəti olan digər vətəndaşlara heç bir sənəd, sərəncam göstərilməyib. Bir zamanlar Bakının baş prospektində mülkiyyət sahibi olanlar indi məhkəmə qapılarında qalıb:

«Mən o ərazinin torpağını da özəlləşdirmişdim. Sənəddə yazılıb ki, bu ərazi mənim toxunulmaz mülkiyyətimdir. Dövlət bunu mənə qarantiya verib. İndi də havadan rəqəm götürüb deyirlər ki, kvadratmetrinə 1.500 dollar veririk, səsinizi çıxarmayın. Qonşuluqda kiçik bir obyektin kvadratmetri 30 000 manata satıldı. Nizami küçəsində 60 kvadratmetr ərazi 1.5 milyon manatadır. Bizə təklif olunan məbləğlə heç nə etmək mümkün deyil».

Obyekt və ona bitişik yaşayış binası söküləndən sonra 19 mülkiyyətçi onlara dəyən ziyanın ödənilməsilə bağlı Səbayil rayon Məhkəməsinə müraciət edib. İş hakim Famil Nəsibovun icraatındadır. Şikayətçi deyir ki, proses getmir.

SƏNƏDLƏŞƏNDƏ 200, KOMPENSASİYA VERİLƏNDƏ 80 KVADRATMETR

«Hakim bizə deyir ki, məsələ mənlik deyil. Onu da deyim ki, obyekti ölçəndə yalnız içərini ölçüblər. Biz buna da etiraz etmişik. Divarların qalınlığı 1.60-1.80 metrdir. Necə olur ki, özəlləşdirəndə, rüsum ödəyəndə binanı kənardan ölçüb 200 kvadratmetr sənədləşdirirlər, kompensasiya ödəməyə gələndə 80 kvadratmetr sayırlar? Bizim etirazlarımızdan sonra məhkəmə dəqiq ölçü üçün Dövlət Reyestr Xidmətinə müraciət edib».

Dövlət Reyestr Xidmətindən isə bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparılır. Məhkəmənin sorğusuna cavab hazır olan kimi uyğun orqanlara göndəriləcək.

İddiaçı isə mülkiyyət hüququnun tanınması üçün bir addım da geri çəkilməyəcəyini deyir:

«Biz binanı heç kimə bağışlamaq fikrində deyilik. Avropa İnsan Haqları Məhkəməsinə qədər getməyi düşünürük».

ƏLİLLİK DƏRƏCƏSİ VERİLMİR

Sumqayıt şəhər sakini Emin Teymurzadə anası Tahirə Teymurovanın birinci qrup əlillik dərəcəsi ala bilməməyindən şikayətçidir. Onun sözlərinə görə, anası bağırsaq keçməzliyindən 5 dəfə əməliyyat olunub. Yataq xəstəsidir. Ancaq Sumqayıt şəhəri 6 saylı Tibbi-Sosial Ekspert Komissiyası ona birinci qrup yox, ikinci qrup əlillik dərəcəsi verir:

«Necə olur ki, yüngül xəstələrə, ayaqda normal gəzən insanlara da ikinci qrup əlillik dərəcəsi verilir, mənim anama da? Həkimlərə müraciət edəndə bildirirlər ki, biz diaqnozu qoymuşuq, əlillik dərəcəsini vermək tibbi-sosial ekspert komissiyasınan işidir. Birinci də verə bilərlər, ikinci də».

Sumqayıt TSEK-in rəis müavini Rasim Zeynalov isə deyir ki, bu göstərişlərlə Tahirə Teymurovaya elə ikinci qrup əlillik dərəcəsi düşür:

«Birinci qrup əlillik, ancaq yuxarı və ya aşağı ətrafları amputasiya edilmiş şəxslərə, astmalara, ağır onkoloji xəstələrə, ikinci dəfə infarkt keçirmiş insanları verilir. Əgər o qadının yarası metastaz veribsə, sənəd gətirsinlər, biz ona birinci qrup əlillik verək».

Buna da bax:

XS
SM
MD
LG