Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:45

«Rəsulzadə Azərbaycanın istiqlala qovuşacağına şübhə etməyib»


Ege Universiteti türk dili kafedrasının müdiri, professor Əli Yavuz Akpınar
Ege Universiteti türk dili kafedrasının müdiri, professor Əli Yavuz Akpınar
«Mən Rəsulzadənin bir çox yazısını oxudum. Rəsulzadədə bir ümid var. O heç bir zaman Azərbaycanın istiqlalına qovuşacağına şübhə etməmişdir. O üzdən də yazarkən ruhdan düşməmişdir. Sovetlərin ən qüvvətli zamanında - 11 Dünya müharibəsindən sonra, Stalinin ən güclü zamanında belə bu quruluşun bir zülm yönətimi olduğunu, mütləq sona çatacağını, Azərbaycanın istiqlalına qovuşacağını hər zaman böyük bir inancla ifadə etmişdir. Bax, bu, məni həmişə heyrətə salıb!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan Ege Universiteti türk dili kafedrasının müdiri, professor Əli Yavuz Akpınar söylədi. Onunla söhbətin bir hissəsini sizə çatdırırıq.

- Yavuz bəy, Azərbaycan Cümhuriyyətinin araşdırılmasına nə vaxtdan başlamısınız?

Ə.Y.A.
- Mən tarixçi deyiləm, ədəbiyyatçıyam. Ancaq iş elə gətirdi ki, Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin arxivinin bir hissəsi mənə çatdı. Əmim qızı Şəfiqə xanım Kərim Odər bəylə evli idi. Kərim Odər bəy də Məhəmməd Əmin Rəsulzadənin yaxın məsləkdaşlarindan idi. M. Ə. Rəsulzadə vəfat edəndən sonra arxivin bir hissəsi - əhəmiyyətli bir hissəsi Kərim Odərə çatıb. Ondan da mənə gəldi. Bu arxiv materiallarını görəndən sonra mən M. Ə. Rəsulzadənin əlyazmalarının nəşrinin vacib olduğunu yəqinləşdirdim. Eyni zamanda daha əvvəl ərəb əlifbasıyla çap olunmuş kitabları da Azərbaycanın istiqlalına təkrar qovuşması münasibətilə, yəni 1992-ci ildən sonra Türkiyədə nəşr etmək vacib hala gəldi. Biz hətta «Azərbaycan Cümhuriyyəti» kitabını 1990-cı ildə İstanbulda nəşr etdirmişdik. Nihat bəyin başçılığıyla bir Azərbaycan cəmiyyəti təşəkkül etmişdi, bu kitab da o dərnəkdə nəşr edildi. Daha sonra «Kafkasiya türkləri» və «İran türkləri»ni «Sıratun müsstəqin» dərgisindən və «Türk yurdu» jurnallarından yığışdırıb nəşr etdik. Əlyazmalarına sıra gələndə, artıq imkanımız qalmadı, mətbuat və çap imkanları tapa bilmədik. Bu günə qədər də M.Ə. Rəsulzadənin əlyazmalarını çap etdirə bilməmişik, əlimizdə qalıb.

- Belə çıxır, araşdırmalara ara verdiniz?


- Bəli, yarımçıq qaldı. Amma mən heç olmasa, əlimdəki arxiv materiallarında nələr olduğu haqqında 1998-ci ildə İranda –Təbrizdə keçirilən Azərbaycan araşdırmaları simpoziumunda məlumat vermişdim. İranda da, Bakıda da nəşr olundu.

İSMAYIL BƏY QASPRALININ KÜLLİYATINI TAMAMLADIM!


- Aradan nə qədər vaxt keçdi. Nədən araşdırmalara təzədən başlamaq qərarına gəldiniz?

Ə.Y.A. - Mən bu müddətdə İsmayıl bəy Qaspralının külliyyatını çap etdirmək layihəsini həyata keçirdim. Artıq o layihə tamamlanmışdır. Və mən beləcə o yarıda qalmış işi—M.Ə. Rəsulzadənin külliyyatını - Türkiyədə nəşr etdirdiklərini, əlyazmalarını yenidən nəşr etdirmək qərarına gəldim. Hazırda iş gedir. Hətta onun Türkiyədə ilk çıxardığı «Yeni Kafkasiya» jurnalının tamamını toplamışıq, latın əlifbasına keçirmişik. Payıza qədər kitab çapdan çıxmış olar. Artıq Rəsulzadənin əsərlərinin yenidən nəşrə başlamasını niyyət etdik. Arkadaşlarımızla birgə bir ekip qurduq və bu ekiplə işi başa çatdırmaq niyyətindəyik, inşallah.

- Türk ensiklopediyasındakı məqalələrin M.Ə. Rəsulzadənin olduğunu necə müəyyənləşdirdiniz?

Ə.Y.A. - O ensiklopediya 1940-cı ildən İnönü ensiklopediyası adı ilə nəşr olunurdu. Münaqişəyə səbəb oldu. Çünki dövlət başçısı İsmət İnönü idi. «Niyə öz adına çıxır, bu türk ensiklopediyası olmalıdır» - deyə tənqidlərə məruz qalır. Sonradan adı türk ensiklopediyası kimi dəyişdirildi. M.Ə. Rəsulzadə 1947-50-ci illər arası bu ensiklopediyaya 87-yə qədər maddə yazdı. Bunların hansı maddələr olduğunu tək-tək bilirik, çünki M.Ə. Rəsulzadəyə ensiklopediyanın baş redaktoru olan Agah Sırrı Ləvəndin yazdığı məktub var. Və Rəsulzadədən hansı maddələrin yazılması istənilirsə, onların siyahısı var.

ENSİKLOPEDİYADAKI MƏQALƏLƏR İMZASIZ GEDİB


- O siyahıda nələr var?

Ə.Y.A. - Məsələn, «Azəri ədəbiyyatı» maddəsi. Rəsulzadənin yazdığını bilirik. «Azərbaycan» maddəsi 9 səhifədir. «Azərbaycan Cümhuriyyəti» 18 səhifədir. «Arşın mal alan» 2 səhifədir. «Bakı» - şəhərin tarixi-coğrafi xüsusiyyəti, 2 səhifə yazılıb. Beləcə, dediyim kimi 87 maddə var. Hamısının adını çəkmək olmaz. Hayıf ki, bu maddələr ensiklopediyada imzasız gedib. Amma biz əlimizdəki əlyazmalardan bunları Rəsulzadənin yazdığını bilirik. Ona görə də, bizim əlimizdəki materiallarla ensiklopediyadakıları müqayisə etmək lazımdır. Eynən çap olunublar, yoxsa dəyişdiriliblər? İxtisarlar, başqa dəyişikliklər varmı? Maddələrin bir hissəsi ərəb əlifbası ilədir, bir hissəsi öz əlyazısıdır, bir hissəsi də makinada yazılmışdır. Azərbaycan Cümhuriyyəti, onun qurulması, istiqlaliyyət qazanması, Sovetlərin işğalı barəsində Rəsulzadə davamlı yazılar yazmışdır. Hər bir yazısında da təkrar olunan yerlər var, orijinal yerlər var. Hamısını gözdən keçirmədən bir şey söyləmək çətindir. Arxivdə «Azərbaycan tarixi» adlı bir kitabı da var. Kitabın həm ruscası var, həm türkcəsi. 1954-cü ildə yazıb, ölümündən bir il öncə. Kitabın tamamlandığı fikrindəyəm. Çünki əlimizdəki materiallar onu göstərir. Biblioqrafiyası da var. Biz hələ ruscası ilə türkcəsini tutuşdurmamışıq. Nə qədər eynidir, ya fərqlidir, deyə bilmərəm. Amma mahiyyət etibarilə eyni mövzulardır. Azərbaycan tarixinin ta başından sovet işğalına qədər dövrlərlə xüsusiyyətlərini verir—mədəniyyətiylə, ədəbiyyatıyla, iqtisadi vəziyyətiylə şərh edir. Hətta türkcəsinin təşəkkülü haqqında da fikirlər var.

- Əli Yavuz bəy, Rəsulzadənin arxivində ilgi çəkən daha nələr var?

Ə.Y.A.
- Məktublar var. Özünün yazdığı məktubların bir hissəsinin surətini çıxarıb. Ayrıca, Rəsulzadənin özünə gələn məktublar var. Məsələn, Əkbər Ağa Şeyxülislamdan gələn məktublar var. Ceyhun bəy Hacıbəylidən gələn məktublar var. Onlar da bu günə qədər oxunub şərh olunmayıb. Əksəriyyəti ərəb əlifbasıyladır, oxunmayıblar. Hətta bilirəm ki, Ramiz Abutalıbov Fransada ikən Ceyhun bəyə yazdığı məktubların bir hissəsini alıb - 100-ə yaxın səhifədən, məktubdan ibarətdir—gətirib Salman Mümtaz adına Arxivə verib. Özüm görmüşəm. Ancaq Bakıdakılar da nəşr olunmayıb.

AZADLIQ RADİOSU ÜÇÜN NƏLƏR YAZIB?

- AzadlıqRadiosu üçün nələr yazıb, aydınlaşdırdınızmı? Radioda səslənibmi?

Ə.Y.A.
- Onlardan əlimizdə 3-4-ü var. Hətta adlarını deyə bilərəm. Məsələn, «Azərbaycanın sovetləşdirilməsi» - 9 səhifəlik yazıdır. «1937-ci il qətliamı nə imiş?», «Sovet Rusiyasında türkçülük» - bu məqalə də 9 səhifədir. Hamısının sonunda öz adı və imzası var. «Azərbaycan Kommunist partiyası sıralarında tahsiye»—bu da 10 səhifəlikdir. «Azərbaycanın sömürülməsi» yenə 9 səhifəlikdir. «Təhcirlər və sürgünlər»—10 səhifəlik bir yazıdır. «Azərbaycanda sovet sömürgəçiliyi» - 7 səhifəlik məqalədir. Bunlar hamısı AzadlıqRadiosu üçün yazılıb. İndi öz səsiyləmi, ya spikerin səsiyləmi səsləndirilmişdir, bunu araşdırmaq lazımdır.

- Çox maraqlıdır, belə çıxır ki, AzadlıqRadiosunun arxivindən M.Ə. Rəsulzadənin səsini tapmaq olar?

- Əgər mühafizə etmişlərsə! Çünki mən onun bir səsini- «Azərbaycan xalqına müraciət»ini eşitmişəm. Məqalələrin mətni isə mütləq vardır. Arxivə baxmaq lazımdır...

****
- Müsahibimiz AzadlıqRadiosunda niyə araşdırma aparmadı?

- Əli Yavuz Akpınar Məhəmməd Əmin bəyin rusca məqalələrini Bakıda nəşr olunmaq üçün kimə göndərib?

- Azərbaycan Kültür Dərnəyi ilə Yavuz bəyin əlaqəsi varmı?

- Əmin bəyin arxivini qoruyan Kərim Odər kim olub?

- Azərbaycan Milli Mərkəzinin arxivi niyə yoxa çıxdı?

- Bu mərkəz Türkiyədə niyə gizli fəaliyyət göstərirdi?

- Sovet hökuməti ilə Türkiyə hökuməti arasında Azərbaycanlı mühacirlərin iadəsi (təhvili) ilə bağlı hansı sənədlər var?

- Arxivdə ötəri bir araşdırma yapan Əli Yavuz bəy Rəsulzadə ilə bağlı hansı maraqlı fakta rast gəldi?

- Rəsulzadənin yaşadığı Sultan Əhməddəki pansiona çevrilmiş əski köşk Stalinə yazdığı məşhur məktubdan sonra niyə yandı?

- Yavuz bəy o yanğını niyə sabotaj adlandırdı?

- Rəsulzadə yanğın polisinə özünü niyə «rəisi-cümhur» deyil, «Azərbaycan» jurnalının baş yazarı kimi təqdim etdi?

- «M.Ə. Rəsulzadənin Türkiyədəki həyatı, düşüncələri...» barədə kitab yazan Səbahəddin Şimşir kimdir?

- Əli Yavuz Akpınar Azərbaycan tarixi ilə bağlı çap olunacaq kitabın Türkiyədə nə qədər alıcısı olacağını söylədi?

«Can Bakı»nı mütləq dinləyin.


Buna da bax:

XS
SM
MD
LG