Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Həmsədrlər ermənilərin seçkisi haqda: «Bu prosesdən sui-istifadə edilməməlidir»


Mayın 23-də keçirilən «seçki»yə reaksiyalar gəlir
Mayın 23-də keçirilən «seçki»yə reaksiyalar gəlir
Qarabağda dövlət qurduqlarını iddia edən separatçı erməni rejiminin mayın 23-də keçirdiyi «parlament seçkisi»ndə özünü baş nazir adlandıran Ara Harutyunyanın «Azad Vətən» Partiyasının qalib gəldiyi bildirilir. 33 nəfərdən ibarət olan və parlament adlandırılan bu quruma seçkidə «Artsax Demokrat» Partiyasının ikinci, daşnakların isə üçüncü olduğu deyilir. Kommunistlər isə adına parlament deyilən bu quruma ümumiyyətlə düşə bilməyiblər.

Qarabağdakı separatçı erməni rejimi iddia edir ki, «seçki» dedikləri bu tədbiri ABŞ, bəzi Avropa ölkələri və Rusiyadan olan 50-dən çox beynəlxalq müşahidəçi, 30 beynəlxalq media qurumunun təmsilçisi izləyib.

HƏMSƏDR ÖLKƏLƏRİN HEÇ BİRİ DAĞLIQ QARABAĞI DÖVLƏT KİMİ TANIMAYIB

Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri mayın 25-də birgə bəyanat yayaraq, bu tədbirin sülh danışıqlarında sui-istifadə etməməyə çağırıblar. «Həmsədrlər bu cür prosedurlarla Qarabağın de-fakto rəhbərliyinin öz əhalisinin demokratik idarəçilik cəhdlərini başa düşsələr də qeyd edirlər ki, Ermənistanın özü də daxil olmaqla həmsədr ölkələrin heç biri Dağlıq Qarabağı dövlət kimi tanımayıb. Həmsədrlər bildirirlər ki, bu prosedur Dağlıq Qarabağın yekun qanuni statusunun sülh danışıqları ilə müəyyən edilməsində sui-istifadə edilməməlidir» – deyə bəyanatda qeyd edilir.

BİZ DAĞLIQ QARABAĞI MÜSTƏQİL DÖVLƏT KİMİ TANIMIRIQ

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko da ayrıca şərhlə çıxış edib. Nazirliyin internet saytında yerləşdirilmiş şərhdə bildirilir ki, Rusiya başqa beynəlxalq hüquq normaları kimi Azərbaycanın ərazi bütövlüyünü də müdafiə edir. «Məlum olduğu kimi biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Hesab edirik ki, Qarabağın gələcək statusu gücdən istifadə olunmadan, Minsk Qrupu çərçivəsində və bütün tərəflərin iştirakı ilə aparılmış sülh danışıqları vasitəsilə müəyyən edilməlidir» – deyə Nesterenko yazır.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan hesab edir ki, «seçki» adlandırılan bu tədbirlə Qarabağdakı ermənilər müstəqil yaşamaqda qərarlı olduqlarını bir daha nümayiş etdiriblər. Nalbandyan bu barədə mayın 25-də jurnalistlərin suallarına cavabında bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq beynəlxalq tərəfdaşlarının 23 may 2010-cu il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş «parlament seçkiləri»nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşdüyünü qeyd edir. Nazirlik qeyd edir ki, bu «seçki» Ermənistanın başqa dövlətin ərazisini özünə birləşdirmək cəhdidir.
XS
SM
MD
LG