Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Rövşən Yerfi "Gözaydınlığı" (Hekayə)


Mayıl qoyun növbəsindən qayıdıb həyətə girən kimi, axşam tərəfi toyuq-cücəyə dən tökən arvadından Mirini soruşdu:

-Miri gəlib? Nə xəbər gətirib?

Evdəki gün-güzəranın kasıbçılıqla bağlı çətinliklərindən cana doyması incik sifətində əks olunmuş Şərabanı ona könülsüz cavab verdi:

-Gəlib. Azaryemişlər gədədən pul istəyiblər, deyiblər atan təcili gəlsin…

-Bəs hanı uşaq?

-Atın çidarını dəyişməyə gedib.

Miri Mayılın üç qızdan sonra aman-zaman tək oğlu idi. Bu payız uşaq əsgərlik yaşına çatmışdı.

Amma, di gəl ki, kəndin kiçiyindən böyüyünədək hamı bilirdi ki, Mirinin sol ayağı sağ ayağından azca uzun, üstəlik yastı pəncə olduğu üçün hərbi xidmətə yararlı deyil.

Nahaqdan onu kənd içərisində tay-tuşları “tekskat Miri” çağırmırdılar.

Gəzəndə yanlarını basa-basa, ləngər vura-vura gəzirdi. Miri “tekskat” çağırılmasını heç vecinə də almırdı.

Bilirdi ki, əsgərliyə getmək istəməyən çox əli-ayağı düz olanlar onun “tekskat”lığına həsəd aparıb, paxıllığını çəkirdilər.

Əvvəllər Mirini bir-iki dəfə hərbi komissarlığa çağırıb həkim yoxlamasından keçirsələr də, son günlər onu yenidən - təkrarən müayinəyə çağırılması Mayılı əndişələndirmişdi: ”Birdən uşağı basarlar harınlardan birinin yerinə!”

Düzdür, həmişə bu barədə söhbət düşəndə dost-tanışın hamısı Mayılı inandırmağa çalışırdı ki, yüz faiz arxayın olsun “tekskat”, həm də yastı pəncə adamı heç vaxt hərbi xidmətə yazmırlar.

Ancaq, dünyanın işini bilmək olmaz. Azmı olub varlı balasının əvəzinə kimsəsiz yararsızı göndərsinlər. Ötən il qonşu kənddən olan gözdən zəif birisini bu sayaq motoatıcı hissəyə göndərmişdilər.

Valideynlərinin çoxlu sayda şikayətlərindən sonra təzədən onu baş həkimlər komissiyası yoxlayıb gözlərinin hədsiz zəifliyini təsdiqləmişdi. Xeyli əzab-əziyyət bahasına uşaq əsgərlikdən evinə qaytarılmışdı.

Allah eləməsin, belə bir şey onun da başına gəlsin.

Onda hal neynir, səbrini basıb gününü kabinetlərin qəbullarında keçirsin. Əslinə qalsa uşağın ayağında qüsur olmasaydı gedib kişi kimi əsgərliyini çəkməsini istəyərdi.

Özü vaxtında dünyanın o başında, Tayqada əsgərlik çəkmişdi, dünya dağılmamışdı ki...

Oğlan uşağı əsgər gedər də, qız deyil ki, evdə otursun. Amma, belə ayaqla getsin, sonra da, Allah uzaq eləsin, başına hansısa bir bədbəxtl hadisə gəlsin hamı onu qınayacaqdı.

İllah da arvadı Şərabanı ömürboyu başına sərki vuracaqdı ki, başqaları sapsağlam uşağını əsgərlikdən saxlaya bilir, sən vur-tut bir oğlunu, özü də “niqodnı” olanını saxlaya bilmədin, nə kişisən?..

Ona görə də gərək bu işi boş buraxmasın.Indiki zamanda “haqqını” verməsən ədalətin üzünə həsrət qalarsan...

Miri atın çidarını dəyişib evə qayıtdı. Mayıl hal-əhvalını öyrənib soruşdu:

-Bala, müayinən necə keçdi, pulmu istədilər səndən?

-Ata, həmişəki kimi müayinə etdilər. Axırda komissiyanın başçısı məni kənara çəkib dedi ki, atana de günü sabah gəlsin. Dedi gəlməsə iş çətinləşəcək.

-Heyləmi dedi, çətinləşəcək?! Demədi nə qədər pul istəyir?

-Dedi, üç yüz.

-Üş yüz?! Dədənin goruna lənət. O üç yüzü mən indi hardan tapım?

Mayılı fikir götürdü, bilmədi dərdindən neyləsin, kimdən kömək istəsin. Bu kəndin pullu adamları müəllimlər hesab olunurdu. Çünki, kənddə hökumətdən onlardan çox maaş alan yox idi.

Mayıl bir az müəllimlərdən, bir az ümidi gələn qohumlarından yalvar-yaxar borc alıb, üç yüzü düzəldib, səhəri günü oğlu ilə ismarıc göndərmiş məmura pulu çatdırdı.

Onu arxayın etdilər ki, narahat olma, gözün aydın, yaxınlarda uşağın “niqodnuluğu” təsdiqlənəcək. Təsdiqlənəndə xəbər edəcəyik gəlib hərbi biletini alar.

Mayıl sevincək evinə qayıtdı. Qaldı borcun yiyələrinə qaytarılması.

Onun üçün dost-tanışı məsləhət gördü ki, həyətindəki qoyunlardan bir-neçəsini kəsib, yüngül süfrə açsın, ürəyi istəyən şəxsləri süfrəsinə çağırsın. Gələn adamlar da hərəsi gücü çatandan süfrəyə pul atsa borcunu yığıb verərsən.

Bu fikir Mayılın ağlına batdı. Ona görə ki, həmin heyvanları aparıb şəhərdə satmaqdansa belə daha yaxşı idi. Bilirdi ki, bazara çatmamış ət dəllalları başının üstünü kəsdirib qoyunları ondan dəyər-dəyməzinə almağa çalışacaqdılar.

Razılığa gəlməyib bazara girsəydi, orada da başı ağrıyacaqdı. “Bazarkom”un adamı, baytar həkim, sahənin polisi, daha kimlər, kimlər...

Hamısı da bir ağızdan ver deyəcəkdi. Yaxşısı elə budu ailəsi, dəvət edəcəyi adamlar yeyib-içər, həm də yığılan pulla müəllimlərin borcunu qaytarar. Onsuz da uşaq əsgərliyə gedib qayıtsaydı məclis etməyəcəkdi? Bu da olsun onun tayı...

Kəndə xəbər yayıldı ki, Mayıl oğlunun “niqodnuluğu” üçün süfrə açıb qonaqlıq verir, bəs hamı onun evinə Miri əsgəlikdən qaldığına görə gözaydınlığına gedir.

Eşidənlərdən məsələnin nə yerdə olduğunu bilən bildi, bilməyən də qaldı mat- məətəl. Axı, ağılları kəsəndən görmüşdülər ki, oğlu əsgərlikdən qayıdan ailəyə gözaydınlığına gedərdilər.

Əsgərliyə getməyənə gözaydınlığına getmək – beləsi eşidilməmişdi. Hə, bu səbəbdən deyərlər ki, qulaq gündə bir söz eşitməsə kar olar...

Qoyunlar kəsildi, həyətdə yüngül-yaraq məclis quruldu. Gələnlər yeyib-içib Mayılla Şərabanıya gözaydınlığı verdilər.

Mayıl borclarını təzəcə ödəyib, canını borc fikirindən qurtarmışdı, hərbi komissarlıqdan bir ismarıc da gəldi: “uşaq bir yüzlük - “gözaydınlığı” götürüb hərbi biletin arxasınca gəlsin!”

Xəbər örüşdən yorğun-arğın qayıdan Mayıla çatdırılanda nə qədər sevindisə də, növbəti “gözaydınlığı”ndan gözləri sanki, qaranlıq gətirdi: “nəfslərinə daş, bəs olmadımı, yenə gedib kimə yalvarıb borc istəyim?..”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG