Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

Naxçıvanda masonlar?


Dünyanın qədim və nüfuzlu gizli təşkilatlarından olan masonların Azərbaycanda da təəssübkeşləri olub.

Xüsusən də 19 əsrin sonu, 20-ci əsrin əvvəlində Avropada və Rusiyada təhsil almış, orada mason lojalarıyla əlaqə qurmuş şəxslər Naxçıvanda fəal olublar.

Bakıda çapdan çıxan “Masonlar” adlı kitabda belə iddia edilir.

Kitab Klubunun məlumatına görə Masonlar haqda əsasən xarici ölkələrdə çap olunan məqalələri bir kitabda Elmlər Akademiyasının üç əməkdaşı Mirzə Ənsərli, Saleh Dostəliyev, Gülşən Qurbanova tərcümə edərək cəmləyiblər.

Mirzə Ənsərli Azadlıq Radiosunun “Oxu zalı”na deyib ki, Naxçıvanda masonluq əsasən maarifçi hərəkat və dini fanatizmə qarşı mübarizə formasında təzahür edib.

Bu hərəkata isə nüfuzlu Naxçıvan ziyalılarından olan Eynəli Sultanov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları və başqaları rəhbərlik ediblər.

Mirzə Ənsərli daha sonra qeyd edir ki, həmin zayalıların görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə də təsiri olub və Mirzə Cəlil özünün “Ölülər”, “Dəli yığıncağı” əsərlərini masonların təsiri altında yazıb.

Kitabın tərtibçisi deyir ki, mason hərəkatının tarixi orta əsrlərə gedib çıxır, onlar bəşəriyyət tarixində əsasən mütərəqqi rol oynayıblar. Fransa və Rusiya burjua inqilablarında rolları olub.

Tərtibçi deyir ki, tarixən nüfuzlu ziyalılar bu təşkilata üzv olublar, 20-ci əsrin əvvəllərindən isə masonların sıraları siyasətçilərin hesabına xeyli genişlənib və onlar müxtəlif ölkələrin yürütdüyü siyasətə böyük təsir etməyə başlayıblar.

Mirzə Ənsərli bəzi hazırkı rəngli inqilablara da masonların təsirlərini istisna etmir.

O, sovet dövründə Azərbaycanda müstəqillik uğrunda gizli mübarizənin də masonlarla əlaqəli olduğunu güman edir.

Amma Mirzə Ənsərli onu da qeyd edir ki, müasir dünyada müxtəlif transmilli korporasiyaların, lobbi qruplarının təsiri altına düşən və öz siyasi maraqlarını həyata keçirməyə çalışan mason qrupları da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG