Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Rüstəm İbrahimbəyov AzadlıqRadiosunun dinləyicilərinə


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Mayın 8-də sizin RADİODA ETDİYİM ÇIXIŞA reaksiyaları maraqla oxudum. Ünvanıma deyilənlərdən bir çoxu ədalətlidir, amma bəzi, dəqiqləşdirməyə ehtiyacı olan ifadələrə yanlış reaksiya da var.

Dediyim hər sözü təsdiqləməklə bərabər, ölkə prezidenti vəzifəsinə namizədlərlə bağlı nəzər-nöqtəmi bir az da izah etmək istəyirəm. «İlham Əliyevə alternativ görmürəm» - bu fikirlərim bir çoxlarının mənfi reaksiyasına səbəb olub və məni həyatımda ilk dəfə hökumətə yarınmaqda günahlandırıblar.

Belə önəmli mövzuda mövqeyi bir neçə sözlə dəqiq və birmənalı ifadə etmək mümkün deyil. Mənim kontekstdən çıxarılaraq başlığa qoyulmuş sözlərim həqiqətən də ölkədə baş verənlərin çoxundan narazı olan adamları qıcıqlandırır. Amma bunu deyərkən mən real olaraq fəaliyyət göstərən siyasi oyunçuları, yəni seçkidə iştirak edə bilən və bizim çoxillik seçki «ənənələrimizi» nəzərə alaraq, qələbə şansı olanları nəzərdə tuturdum.

MƏN YAXŞINI YADDA SAXLAYAN ADAMLARDANAM

Nəzərə alsaq ki, respublikanın idarəetməsi ilə bağlı məsələləri həll edən bir qrup insan yalnız bu real namizədlər dairəsindən kimisə hakimiyyətə gətirə bilər, mən onların arasında İlham Əliyevə alternativ görmürəm. O prezident olmamışdan əvvəl həyat məni bir neçə dəfə onunla görüşdürüb və o, həssas, ədalətli, doğru hesab etdiyini müdafiə etməyə qadir birisi olduğunu nümayiş etdirib. Mən yaxşını yadda saxlayan adamlardanam. Minnətdarlıq hissi mənim qiymətləndirməmə aşkar subyektivlik gətirir və mən İlham Əliyevə o, «İbrus» teatrını xilas edəndə dediyim sözləri yaxşı xatırlayıram. Demişdim ki, «mən ömrümün sonunadək sizə borcluyam».

Amma mən şəxsən özüm üçün hakimiyyətdən heç vaxt heç nə istəməmişəm. Mən pulsuz mənzil, maşın, bağ evi almamışam. Heç bir dövlət vəzifəsi tutmamışam, Kommunist partiyasının üzvü olmamışam və yazdıqlarım, çəkdiklərim və teatrda səhnələşdirdiklərim ölkədəki siyasi iqlimdən asılı olmayaraq, çox nadir hallarda hakimiyyətin xoşuna gəlirdi.

Mənim çıxışıma reaksiya verənlərdən kimsə deyib ki, mən Heydər Əliyevin «himayəsi altında olanlardanam». Bu, doğru deyil. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uzun illər boyu qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz olub. Amma mən heç zaman hakimiyyətə yaxın olanlardan olmamışam - nə onda, nə də indi. Və Heydər Əliyevin haqqımda xoş sözlər dediyi 60 illik yubileyimi də dövlət puluna keçirməmişəm.

ACLIĞIN NƏ OLDUĞUNU YAXŞI ANLAYIRAM

Bir də ki, əgər maraqlıdırsa, mən Bayıldakı kinokompleks barədə ətraflı danışa bilərəm. Həmin kompleksdə uşaqlar və yeniyetmələr üçün dünya kinosu muzeyi, professional kinematoqrafçı olmaq istəyənlər üçün beynəlxalq kino məktəbi, keyfiyyətli filmlərə baxmaq ehtiyacı olanlar üçün Kino evi və «Şərq-Qərb» festivalının keçirilməsi üçün kinofestival mərkəzi birləşəcək. Mən bunları yazıram və anlayıram ki, su basmış kəndlərin sakinləri, illərlə bir parça çörək üçün mübarizə aparanlar üçün məni narahat edən problemlər xalqın real həyatından çox uzaq görünür. Və «toxun acdan nə xəbəri» reaksiyası da tamamilə təbiidir. Mən bu insanları anlayıram, amma onlarla razı deyiləm. Uşaqlığı İkinci Dünya müharibəsinə təsadüf edən bir adam kimi aclığın nə olduğunu çox yaxşı bilirəm. Elə gəncliyim də çox çətin vaxtlarda keçib. Bununla belə, o illərdə güzəranı indikindən qat-qat pis olan ölkədə mədəniyyət quruculuğunun lazımlılığı heç birimizdə şübhə oyatmırdı.

«Ac» da «toxu» anlamalıdır, əgər o [tox], sadəcə özünü düşünmürsə.

İndi isə mənim Bayıldakı tikintidə öz marağımın olması barədə. Mən bu layihəni sona çatdıracaq istənilən adama elə indicə verməyə hazıram. Hətta Azərbaycan Dövlət Neft Şirkətinə də. Biznes layihə elə hesablanıb ki, oraya dövlət (yəni sizin və mənim) pullarını yatırmadan biz çox unikal bir obyekt əldə edə bilərik.

Fürsətdən istifadə edib mən istənilən dövlət yaxud biznes strukturuna əməkdaşlıq, yaxud layihənin tam təhvili təklifi ilə müraciət edirəm. Bircə şərt var: Bayılda nə düşünülübsə, o da tikilməlidir, onsuz da şəhərin yarısını zəbt etmiş növbəti ticarət mərkəzi, yaxud göydələnlər yox.

Ümid edirəm ki, AzadlıqRadiosu mənim çıxışıma bu şərhimi həm azərbaycanca, həm də rusca yerləşdirəcək.

Əllinci illərdən Sovet hakimiyyəti dağılanadək mən o zaman da, indi də çox ehtiyac duyulan doğru məlumatların nadir mənbələrindən biri olan radiostansiyanızın davamlı dinləyicisi olmuşam.

Hörmətlə,

Rüstəm İbrahimbəyov
XS
SM
MD
LG