Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 05:45

Həbib Müntəzir "Qüsl" (Hekayə)


Sübh çağının qırmızımtılı yeni görsənməyə başlamışdı ki, məscidin qədimi, pasından cin hürkən dəmir darvazasının dırıltısı eşidildi. Qapılar taybatay açılarkən, içəriyə təcili şəkildə təcili yardım maşını daxil oldu.

- Ala, bu nədi ala. Uydaa... boğuldum, ətağa cəddi

- Nədi, nolub?

- Ay qaqaş, bu nə iydi gəlir sənnən.

- Ay yoldaş, bir az mədəniyyətli ol! Cənab Mamedov.

- Bah, nə cənab alə, yox bir əlahəzrət. Sən də mənim kimi meyidsən də.

- Mən İcra hakimiyəm, ədəbli danışın.

- İdun... hehehe. Uje meyidsən, gətirib tullayıblar səni bura, yumağa. Mən də diyirəm bu iy hardan gəlir, havayı yeməkdən dombaqarın, peysərboyun olanda it iyi gələr də. Xeyr ola, hakim məllim, millət dərdi öldürdü səni?

- Yox a kişi. Məni də Hacı Məmmədovla əlaqələndirmək istəyirdilər. Elə saunada şellənən yerdə xəbər verdilər, ürəyim dayandı.

- Həə, burda deyiblər ee, “Sən saydığını say, gör fələk nə sayır”. Sənin fələyin güjdi riyaziyyatçı olub. Məni gətirən kimi yudular, səni niyə iylədirlər, bu neçə saatdır?

- Əşşi nə bilim, deyirlər ki, sular kəsilib, ona görə.

- Ay bədbəxt! Vaxtında fərli icra hakimliyi etsə idin, indi nə sən əzab çekərdin, nə də mən. Mənimkimilərə əzab vermək adətinizdir onsuzda. Xalqın suyunu tez-tez kəsdirəndə bəs bilmirdün ki, bir gün səninçün də var bu quraqlıqdan?

- Ay yoldaş, təhqir etməyin, nə də böhtan atmayın. Mən öz halal zəhmətimlə işləmişəm.

- Ala həri, halal zəhmətinlə boylu arvadlara oxşayırsan?! Halal zəhmətinlə rüşvət almısan-vermisən?! Halal zəhmətinlə yaltaqlanmısan?! Kasıbın, məzlum xalqın çörəyini basıb yemisən?! Halallıqla ev yıxmısan?! Halal zəhmətinlə saatlarla milləti işıqsız, susuz, qazsız qoymusan?! İndiki zəmanədə haramları da hallaşdırmısuz.

- Mürdəşir yusun üzüvü, nə qədər deyinirsən?!

- Ayə, mən qüslumu almışam ee, hazıram. Kasıb adamam, oğlum gedib maşın tapmağa ki, aparıb basdırsınlar. Sən öz qayğına qal, ay bədbəxt. Vaxtın da azdır. İcra hakimi olduğuna görə millət axışıb gəlib, meyidini gözləyirlər.Bəlkə elə cəhənnəmin dibinə də dünyadakı kimi murdar getdin.

- Sən özünnən danış. Qolun yox, qulağın yox. Rəxid ediblər səni.

- Ay maymaq, hələ üstəlik ürəyimi və ciyərimi də çıxardıblar. Diğər xəstələrin sağaldılması üçün orqanlarımdan istifadə olunacaq. Sənin isə dirindən kim xeyir gördü ki, leşindən də xeyir görsünlər. İçalatından istifadə eləsələr, fərli adam da harınlayıb, sənin kimi quduzlaşar.

- Nə axmaq oğlum var ee. Dinən burda su gəlmir, apar başqa məscidə də. Bu bezdirdi axı məni. Bu 7 ildə heç deyinənim olmamışdı.

- Əşşi, sən qüsl alsan nə olacaq, almasan nə olacaq. Onsuzda saunada aşnalarınla şellənirdin, yuyunurdun da. Mənəvi təmizliyin isə sənə heç bir dəxli yoxdur. Mənəviyyat sözünün “m”sından qanmayan, nə bilir zəfəran nədir.

- Mumla! Gəlirlər deyəsən.

- Mum lazım deyil, suyun gəlməsi və şlanq lazımdır. Zatən axirətdə əntiqə mum alovu ilə yanacaqsan, ey Odlar diyarının oğlu. Hə, gəldilər. Cəhənnəmə qədər yolun var...

Təcili maşın məsciddən 4-cü skorostla fitillədi. Arada məscidin qapısını sıyırdı. Şlanqın ucundan su görsənməyə başlarkən, mürdəşirxanadan qəhqəhə səsi gəlirdi.
XS
SM
MD
LG