Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:22

İran BMT-yə «yox» dedi, Türkiyəyə «hə»


Tehranda imzalanan plan BMT-nin təklifini yenidən canlandırır
Tehranda imzalanan plan BMT-nin təklifini yenidən canlandırır
İran Türkiyə və Braziliya liderləri ilə danışıqlardan sonra 3.5 faizlik uranı zənginləşdirmək üçün xaricə göndərməyə, əvəzində nüvə yanacağı almağa razılaşıb.

Tehranda imzalanan plan BMT-nin təklifini yenidən canlandırır. Halbuki eyni sxemi nəzərdə tutan BMT planını İran rədd edirdi. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr və Almaniya cavab olaraq İrana qarşı yeni sanksiyaların mahiyyətini müzakirə edirdilər.

Sazişin imzalanmasından sonra İran prezidenti Mahmud Əhmədinejad İran sanksiyalarını müzakirə edən 6 super dövləti birbaşa və açıq danışıqlara çağırıb. O deyib ki, bu danışıqlar haqqa, ədalətə və qarşılıqlı hörmətə əsaslanmalıdır.

1200 KQ URAN TÜRKİYƏYƏ GÖNDƏRİLƏCƏK

Yeni sazişin təfərrüatını elan edən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, İran 1200 kiloqram uranı Türkiyəyə göndərməyə, əvəzində öz tibbi tədqiqat reaktoru üçün zənginləşdirilmiş uran almağa hazırdır.

İranın Xarici İşlər naziri Mottaki dəqiqləşdirib ki, İran əvəzində 120 kq zənginləşdirilmiş uran alacaq.

Yeri gəlmişkən, BMT təklifində İranın uranı Rusiyaya göndərməsi nəzərdə tutulurdu.

Mahmud Əhmədinejad 6 super dövləti açıq danışıqlara çağırıb
İranın göndərməyə hazır olduğu uran ölkənin uran ehtiyatının əksər hissəsidir.

İran bu uranı Atom Enerjisi Agentliyinin nəzarəti altında göndərməyə razıdır.

Yeni sazişin başqa detalları haqda məlumat verilmir. Məsələn, bilinmir ki, İrana zənginləşdirilmiş uranı hansı ölkə verəcək.

İranın Xarici İşlər naziri Manuçöhr Mottaki deyir ki, super dövlətlərdən müsbət reaksiya müqabilində gələcək detallar onlara açıqlanacaq:

«Vyana qrupundan, yəni Amerika, Fransa, Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyindən müsbət reaksiya olarsa, planın gələcək detalları Vyana qrupuna açıqlanacaq».

Tehrandakı sazişi İran prezidenti Əhmədinejad, Braziliya prezidenti Lula da Silva, Türkiyənin baş naziri Ərdoğan imzalayıb.

Braziliya və Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü deyillər. Onlar İrana sanksiyalar qoyulmasının əleyhinə çıxırlar.

«TÜRKİYƏ VƏ BRAZİLİYA LİDERLƏRİ İLƏ MANİPULYASİYA»?


Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Tehranda jurnalistlərə deyib ki, bugünki sazişə münasibət müsbət olmalıdır və İrana qarşı yeni sanksiyalara ehtiyac yoxdur.

Buşehr nüvə zavodu
İrana qarşı yeni, dördüncü sanksiyalar dalğasında təkid edən Vaşinqtondan sazişə reaksiya verilməyib. İranın atom bombası düzəldəcəyindən ehtiyat edən İsraildən isə müəyyən reaksiya var. Adının çəkilməsini istəməyən bir rəsmi deyib ki, «İran Türkiyə və Braziliya liderləri ilə manipulyasiya edir».

Yeni sazişin BMT-nin təklif etdiyindən prinsipcə nə ilə fərqlənməsini demək çətindir.

BMT təklif edir ki, İran 1200 kq uranı Rusiyaya göndərsin, Rusiyada bu uran 20 faizədək zənginləşdirilsin və bu, nüvə yanacağına çevrilmək üçün Fransaya göndərilsin.

İran sonra bu yanacağı Fransadan götürüb, öz reaktorunda nüvə izotopları ala bilər, bundan da tibbdə istifadə edə bilər.

Tehran BMT planına razılığını oktyabr ayında vermişdi. Ancaq sonra şərtlərin dəyişdirilməsini təklif etdi. İran tələb edirdi ki, o, planda adı çəkilən hər bir ölkə ilə bu nüvə mübadiləsini özü etsin, ancaq qarşı tərəf İranın bu tələbini qəbul olunmaz adlandırdı.

Tehranda imzalanmış sazişdə İran bu təklifini qismən reallaşdıra bilib. Sazişdə deyilir ki, İranın Türkiyəyə göndərdiyi uran İranın mülkiyyəti olaraq qalır. Yəni, İrandan icazəsiz heç kim onu başqa ölkəyə göndərə bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG