Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Markes köynəyini muzeyə hədiyyə etdi


Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markes öz quayaberalarından birini Kubanın mərkəzində - Sankti Spiritus şəhərində yerləşən muzeyə bağışlayıb.

Quayabera Latın Amerikası ölkələrində çox populyar olan gen kişi köynəyidir.

Özü Kubaya gedə bilməsə də, Markesin köynəyinin muzeyə bağışlanması ilə bağlı Sankti Spiritusda mərasim düzənlənib.

Köynəyi muzeyə təqdim etməmişdən qabaq şəhərin qədim küçələrində “gəzdiriblər”, dəstədə bölgədə təhsil alan kolumbiyalı tələbələr də olub.

Məqsəd 1994-cü ildə Kuba lideri Fidel Kastro və Markesin Kolumbiyada – Kartagena şəhərində şəhərin qədim hissəsini gəzməsini xatırlamaq olub.

O vaxt həmin şəhərdə 4-cü İber-Amerika sammiti - ispan və portəgiz dilli ölkələrin zirvə toplantısı keçirilmişdi.

Kolumbiyada yaşayan Markesin köynəyini Kubaya onun həyat yoldaşı Mersedes Barxa yollayıb.

O köynəyi - Yeni Latın Amerika Filmləri Fondu vasitəsilə Kuba Yazıçılar və Rəssamlar Milli Birliyinin vitse-prezidenti Senel Pasa çatdırıb.

3 il qabaq Sankti Spiritusda başlanan “Quayabera” sosial-mədəni layihəsi getdikcə genişlənməkdədir.

Artıq muzeydə Nobel mükafatçılarına aid iki köynək var. (Digəri Qvatemala yazıçısı Migel Anhel Asturiasa məxsus olub).

Ümumilikdə isə muzeydə Kubanın və dünyanın məşhur şəxslərinə aid olan yüzə yaxın əşya toplanıb.

Markes Kuba inqilabının lideri Fidel Kastro ilə köhnənin dostudur.

Markesi Kubanın insan haqlarını tez-tez pozan, dissidentləri sıxışdıran avtoritar rəhbəri ilə dostluğa görə çox tənqid edirdilər.

Markes isə 1982-ci ildə verdiyi müsahibələrinin birində deyirdi ki, Kastro ilə dostluğun kökündə “daha çox ədəbiyyat dayanır”.

“Bu bir intellektual dostluqdur. Bəlkə də çox adam bilmir ki, Fidel çox ziyalı bir insandır. Bir yerdə olanda biz daha çox ədəbiyyat haqqında söhbətlər edirik”.

Bundan başqa vaxtilə “Amerika imperializmini” tənqid etdiyi üçün Markesə bir müddət ABŞ-a səfər etmək üçün viza verilməyib, amma Bil Klinton hakimiyyətə gələndən sonra bu qadağanı ləğv edib və bildirib ki, “Yüz ilin tənhalığı” onun ən sevimli romanlarındandır.

Həmçinin oxu
Markes məhkəməni uddu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG