Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Güclülər də qorxarmış


Corc Buş
Corc Buş
«Foreign Policy» jurnalı dünya liderlərinin ən çox nədən qorxması haqqında yazıb. Sən demə, ABŞ-ın keçmiş prezidenti Corc Buş kovboylarıyla məşhur olan Texasda yaşasa da, onun ən çox qorxduğu şey atmış. Buş at görəndə keçirdiyi qorxu hissini gizlədə bilmir. Elə buna görə də Buş vaxtilə Meksikanın keçmiş prezidenti Visente Foksun at sürmək təklifini qəbul etməmişdi. Meksika prezidenti isə buna çox təəccüblənibmiş.

Almaniyanın Baş naziri Angela Merkeli isə uşaqlıqda it qapıbmış. Üstündən illər keçsə də, Merkel həmin travmanı unuda bilmir.

«Psixoloji diplomatiya ustası» adlandırılan Rusiyanın Baş naziri Putin isə keçmişdə Merkelin bu zəif yerindən tez-tez istifadə edirmiş. Putin Merkelə kiçik it hədiyyə edibmiş. Onunla təkbətək görüşlərində də labrador cinsindən olan iti - Konini də yanında oturdubmuş.

Liviya lideri Müammər Qəddafinin isə qapalı yer qorxusu var. Elə buna görə də Qəddafi hara gedirsə getsin, Bədəvi tipli çadırını da həmişə özü ilə götürür. Açıq havada çadırını qurub oturmağa üstünlük verir.

Şimali Koreya lideri Kim Çen İr isə 1976-cı ildə vertolyot qəzasına düşəndən sonra təyyarəyə minmir. O, bütün səyahətlərinə zirehli qatarı ilə çıxır.

Myanma xuntasının lideri Tan Şve isə astrologiyaya o qədər inanır ki, astroloqların fikri ilə hərəkət edir. Elə bir astroloqun sözünə görə o, paytaxtı Yanqondan Neypidoya köçürmüşdü.
XS
SM
MD
LG