Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:25

Nigar Köçərli: Bülbül kimi ötməyə başlamışam!


Nigar Köçərli
Nigar Köçərli
Neçə vaxtdır haqqında söz açılan Milli Kitab Mükafatı yekunlaşmaq üzrədir. Müsabiqənin sonu barədə daha geniş bilgi almaq üçün mükafatın təşkilatçısı Nigar Köçərliyə zəng çaldıq. Onunla atüstü müsahibə qarşınızdadır.

--Nigar xanım, Milli Kitab Mükafatının son akkordları vurulur, deyəsən...

--Bəli, işimizi yekunlaşdırırıq. Bildiyiniz kimi, mayın 1-də son mərhələ--mükafatlandırma olmalıydı. Sponsorlardan biri xahiş etdi ki, bu tədbir mayın 1-də yox, sonunda olsun. Yəqin ki, mayın 25-i, ya 26-sı mükafatlandırma baş tutacaq.

--Bəs indi nəylə məşğulsunuz?

--Münsiflər öz işlərini yekunlaşdırıb, səsvermə bülletenlərini bizə təqdim edirlər. Artıq 6 nəfərdən bülleten almışıq. Soruşmayın, onsuz da deməyəcəyəm...

--Yox, mən soruşmaq fikrindən uzağam...(gülüşmə)

--Mükafatlandırma emblemimiz, heykəlciklərimiz də hazırdır. Masamın üzərindədir. Hazırda kitabların çapı ilə məşğuluq. İlk kitablarımız çap ərəfəsindədir. Gələn həftənin əvvəlində iki kitab artıq hazır olacaq. Qalanların üzərində də iş gedir.

--Onda bilmək olarmı, o iki kitabın müəllifləri hansı bəxtəvərlərdir?

--Yox, əlifba sırası ilə çap etdik. Adətən, kimin kitabı birinci çap olunur, diqqət daha çox o yazıçıda olur. Belə olmasını istəməzdim. Kimin bəxtinə əlifba sırası ilə birincilik düşüb, onun da kitabı çıxacaq.

Bunu deyirəm və gülürəm. Çünki o adamın adını çəkməkdən özümü güclə saxlayıram. Çalışıram ki, obyektiv olum və balansı qoruyum. Ancaq kimsə birinci çap olunmalıydı və belə də oldu.

Bütün kitablar çap olunacaq Eyni seriyada, üz qabıqları da eyni, şəkilləri, bioqrafiyaları da öz yerində. Dizayn çox maraqlıdır. Mən razıyam. Kitablar keyfiyyətli alınır.

--Nigar xanım, deyə bilərsinizmi qalib kim olacaq?

--(gülüşmə) Gözlənilməz sual oldu...Zarafat bir yana, bu sualı mənə tez-tez verirlər. Həmişə deyirəm ki, kim olacağı bilinmir. Mən hətta o gələn zərfləri açıb baxsam da, bilinməyəcək. Çünki bütün rəylər Təşkilat Komitəsinə təqdim olunmayıb. Mənim üçün də maraqlıdır qaliblər kim olacaq. Hər halda, 12 münsifin rəyi gözlənilməz olacaq. Amma inanıram ki, obyektiv olacaq.

--Təqdimat mərasimi necə keçəcək? Əvvəlcədən söz verdiyiniz Orhan Pamukun Bakıya gəlişi gerçəkləşəcəkmi?

--Yox, Orhan Pamuk gəlməyəcək, çünki iş qrafikində boş yer yoxdur. Əlbəttə, gəlsəydi çox gözəl olardı, dünya şöhrətli yazıçının iştirakı Mükafatın nüfuzunu daha da artırardı. Amma bunsuz da keçər.

Kifayət qədər iş görülüb. Nəticəsini də görürəm və razıyam. Onluq haqqında mətbuatda xəbər gedən kimi, ABŞ-dan maraqlandılar. Oranın aparıcı kitabxanalarından sifarişlər aldıq ki, kitablar çap olunan kimi göndərək. Bu, doğrudan da, uğurdur. Nəhayət ki, Azərbaycan yazıçılarının əsərləri Azərbaycan dilində ABŞ-da olacaq və kitabxanalara veriləcək.

Payızda Almaniyada—Frankfurtda Beynəlxalq Kitab Sərgisində də bu kitablar iştirak edəcək.

Sentyabrda Moskvada keçiriləcək kitab sərgisində də həmçinin. Demək istəyirəm ki, bizim bu mükafatımızı xaricdə də izləyənlər, bilənlər, onun gedişi ilə maraqlananlar, nəticəsini gözləyənlər var. Mən belə hesab edirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə--yazıçılarımızı xaricdə tanıtmaq istəyimizə çatmışıq.

--Nigar xanım, təşəkkür edirəm verdiyiniz bilgilərə görə. Mən də öz adımdan deyim ki, Milli Kitab Mükafatının bir uğuru da odur ki, siz bu dövrdə Azərbaycan tükcəsində daha səlis danışmağı öyrənmisiniz..


--(gülür) Düz deyirsiniz, tam razıyam. Bir-iki il əvvəl sizin verilişlərə gələrkən necə çətinliklə danışdığımı xatırlayırsınızmı? Son vaxtlar dilim açılıb, bülbül kimi ötməyə başlamışam...
XS
SM
MD
LG