Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Nəsimi mükafatının ilk sahibi Jaləni yaxından tanıyaq


Cavanşir YUSİFLİ

JALƏ İLƏ GÖRÜŞ

Hərdən görkəmli ədiblərimizin əsərlərinə bir-birinin ardınca verilən əks-səda səciyyəli yazıları görəndə məndə küncdə-bucaqda qalan, başını yazısının üstünə əyən insanların mətnlərdən danışmaq istəyi baş qaldırır.

Bunlardan biri də, I Nəsimi Milli Müsabiqəsinin qalibi, II Nəsimi Milli Müsabiqəsinin münsifi Jalədir. Bir neçə gün olar ki, onun “Heykəlin içindəki hekayələr” toplusu nəşr edilib.

Jalə yaradıcılıqla məşğul olur, mətn yazır, şeir, hekayə, məqalə, təəssürat...

Başqalarından bəlkə də heç nəyi ilə fərqlənmir, ancaq fərq mətnini oxuyanda yaranır, bu fərq səni uzaqlara aparır, mübahisə yaradır, sən də bu mübahisələrə qoşulub, hansısa hekayənin bir parçasına çevrilib danışmaq istəyirsən.

Fikrimizcə, hər bir bədii mətnin, xüsusən də hekayənin özəlliyi budur – o, xəbərin də olmadan sənin içində nələrəsə toxunur, hərəkətə gətirir, bir anlığa dünyada rastına çıxan bütün yalanlardan elə bil ki, canın qurtarır.

Mənim üçün nəsrdə çox qiymətli olan cəhət, daha doğrusu milli nəsr nümunələrimizdə görmək istədiyim özəllik – insanın özü haqqında həqiqəti deməkdən çəkinməməsidir, vaxtilə böyük nasirimiz Şahmarı məhz bu cəhətinə görə sevmişəm.

Bu hekayələri oxuyan hər kəs üçün unudulmaz səhnələr var, - bunlar bizim millətin həyatıdır, psixologiyasıdır, düşüncə tərzidir, - bax, bunun tərsini düşünməyə səndə heç bir şübhə yaranmır.

Bu yöndən baxanda “Seyf qapı” hekayəsi mənim daha çox xoşuma gəldi, çünki bu hekayədə baş verənlər hislərimiz, duyğularımız, düşüncə və ideyalarımız deyil, əksinə onların altında gizlənən, şüuraltında cərəyan edib həyatımıza təsir göstərən olaylardır; bu olaylara münasibətdə Jalənin özünün danışmaq, nağıllamaq istədiyi heç bir əlahiddə hekayəsi yoxdu, bütün güc işığı söndürüb qaranlıqda müşahidə aparmağa, insanı özünə tanıtmağa sərf edilir, insanlar mübahisə, atmaca, dilləşmə naminə sözləşirsə də, son nəticədə müəllifin və oxucunun istəmədiyi və gözləmədiyi bir şey alınır, - özünü tanımayan adamı bir kimsə tanıya bilməz.

Bu cümlə - qəlib ironiya yuvasına çevrilir, heç kəsdən yan keçmir.

Bir cəhəti də bəri başdan qeyd edək:

Jalənin hekayələrinin forması orada adi qaydada meydana gələn epizodun formasıdır, bu isə müasir nəsrdə oxucuya təsir göstərmək, onu ələ alıb mənimsəməyin üsullarındandır.

Hər bir hekayəni diqqətlə oxuyun, bu və ya digər epizodun fonunda görəcəksiniz ki, zaman hansısa bir məqamda donub qalıb, hadisə məkan perspektivi ilə canlanıb pardaqlanır, əsərin özü əşyaya, detala, müxtəlif tərəflərdən təsir göstərən cismə çevrilir.

“Seyf qapı”da mübahisə epizodundan digər epizodlar doğur, bütün sözlər, onlarla bərabər ifadə edilən münasibətlər hekayə məkanının formasının vaxtaşırı olaraq dəyişməsinə, rəngin, hətta eyni sözün bir an içində başqalaşmasına səbəb olur, söz öz qabığında elə oynayır, elə tələffüz edilir ki, haqsızlığın, namərdliyin, uduzma acısının doğurduğu hirsin, hikkənin görünüb-yox olması, sükutun al-əlvan rənglərdən aşıb-daşması, haqlı olması, utanması, insanın öz içinə çəkilib özündən milyon verstlikdə ayaq saxlaması... kənardan görünür.

“Heykəlin içindəki” hekayəsindəki epizodlar ard-arda düzüləndə anlamağın, dərk etməyin mənzərəsi, perspektivi dəyişir; ancaq məsələ heç də bu epizodların necə düzülməsində deyil, mətləbin mahiyyəti hekayə məkanında təbəddülat yarananda, hər şeyin üstünə sükut çökəndə... düşünməyə, götür-qoy etməyə qarşısıalınmaz meylin yaranmasındadır.

Bu epizod və detallar bədii mətndə görk olan (həyatı insanlara adət etmədikləri yöndən anladan) səhnələrə çevrilir (“Sevgi” hekayəsində ölüm ayağında olan Gülüş nənə qəlbinin dərinliyindəki xatirələrdən dirilir, həyata ayılanda utanır, yorğanı başına çəkib ağlayır), mətnin mətndənkənar parçalarını diqqət mərkəzinə gətirir, onları özünəməxsus şəkildə çözür, hamının səsini içinə çəkib susduğu anların dialoqunu yaradır.

Və beləliklə üzü qədimlərdən susub qalan, sükutun daş heykəlinə çevrilən şəhərin dili açılır (“İstanbulda sonbahar”).

“...Mən müəllif olaraq qəhrəmanlarım getdikdən sonra nəsə yazmağı özümə borc bilirəm.

Onlardan xəlvət.

Öncə: “Dünya köhnə dünyadı, görüşləri təzədi?” – deyirəm.

Sonra da deyirəm ki, heç nədən başlayıb heç nədə qurtarmaq mənasızlıqdı.

Burda başqa nəsə də olmalıdı...”

Mən də müəllifin bir parçası kimi bayaqdan elə bu “nəsə”ni axtarıram.

Jalənin hekayələrində qəribə bir aura yaşanır, sözlərin səni duymaq, hiss etmək istəyi, müşahidələrin itiliyi, konkretliyi hekayədə həssas mühit yaradır.

Bu mühit hər şeyə sirayət edir, adi nəsnələrdən, artıq yaşanıb qurtarmış mətləblərdən qəribə nəticələr hasil olur, burda artıq nasirin məsələn, “dialoq qurmaq ustalığından” bəhs etməyə yer qalmır, sözün işarəvi funksiyası izahedilməz cazibə sahəsi yaradır, bax bu – şeir demədən poeziya yaratmağın vasitələrindən biridir.

Həmçinin oxu
Jalə İsmayıl "Seyf qapı" (Hekayə)
Jalə İsmayıl "Heykəlin içindəki" (Hekayə)
Jalə İsmayıl "İstanbulda son bahar" (Hekayə)
Jalə İsmayıl "Əliş kişinin yad edilməsi" (Hekayə)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG