Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Xuraman Hüseynzadə Şeirlər


Xuraman Hüseynzadə

ALIN YAZIM

Ömrüm ömür köçündə,
Ötür qışım, payızım…
Ağ vərəqlər içində,
Oxunmur alın yazım.

İnanmışam nağıla,
Yuxuya…bilməmişəm.
Alnıma yazılanı,
Oxuya bilməmişəm.

Mən də bir oxucuyam,
Düşündüm dərin-dərin.
Şeiri oxucu duyar…
Öz alın yazısını.
oxumayan şairin
şeirini kim oxuyar?


ÖMRÜMƏ XOŞ GƏLDİN

Ömrümə xoş gəldin, dərdim,
Ağlat məni, ağlat yenə.
Sirrimi mələyə verdim,
Tələ qurdu o da mənə.

Mübarək olsun qədəmin,
Sevgimə yas tutacağam…
Göz yaşımı taleyimin,
Arxasınca atacağam.

Sən gəlməzdin, bu fələyin,
Niyyəti qara olmasa.
Çiynimə qonan mələyin,
Qəlbinə şeytan dolmasa.

***

dərdimi heç kəs bilməz,
ruhumun payız çağı,
yazdığım
bahar ətirli şeirlərimdən
savayı


AYRILIQ ZAMANI

Hardasa uzaqda bir ulduz axdı,
Bir damla ayrıldı göylərdən bu gün.
Qızılı bir yarpaq bu gecə vaxtı,
Düşdü budağından saraldığıyçün.

Bir quş uçub getdi öz yuvasından,
Bir qatar yol aldı ayrılıqlara…
Bir könül əl çəkdi öz sevdasından,
Bir dünya qərq oldu qaranlıqlara.

Mələyin qəlbini şeytan oxuyar.
Həqiqət kiminsə gümanı deyil,
Ayrılıq zamana meydan oxuyar,
Demə: ayrılığın zamanı deyil.


AĞ ÇİÇƏKLƏR KİMİ

neçə qışın şaxtasına dözmüş
neçə payızda yarpaqları
xəzələ dönmüş
alça ağacı…
yenə bu bahar
ağ çiçəyə qərq olmusan
ağ libaslı gəlin kimi…
baxıram çiçəklərinə
sənə həsəd aparıram
kaş bu dünya
sənin ağ çiçəklərinə dönəydi
kaş ağ çiçəklərin kimi
ruhum da təzələnəydi

…yenə bu bahar ağ çiçəklərə
qərq olan alça ağacı
öyrət mənə qalibliyin
sirrini


***

sevməyi səndə gördüm
dərd çəkməyi
həsrətdən qovrulmağı
nigarançılığı
səndə gördüm
peşmançılığı da səndə gördüm
təkcə
günahı səndə görmədim


BU ŞƏHƏRİN NAĞILI

sevgi ilə ayrılıq arasındakı məsafə
bu şəhərdə
nikah salonu ilə məhkəmə zalı

şadlıq sarayı ilə qəbristanlıq
arasındakı məsafə qədərdir…
bu şəhərin zurnaçıları
«Vağzalı»nı da «Zəminxarə»yə calayırlar


***

küçələri timsaha bənzəyir
bu şəhərin
yeriməyə də qorxursan
küçə udacaq səni elə bil
gecələri
nağıllardakı əjdahadır sanki
bu şəhərin
qaranlıq düşüncə
vahiməyə düşürsən
gecə üstünə şığıyır sənin
ağaclar da qol-budaq atmağa qorxur
bu şəhərdə
bir az boy göstərdimi
boynunu vururlar ağacların
bu şəhərin şahı da var
carçısı da
hələ üstəlik dar ağacı da
amma bu şəhərdə
adamlar dar ağacından asılmır
dar ağacı asılır
yekəqarın adamların onu-bunu hədələyən
şəhadət barmağından
bu şəhərin nağılının sonunda
göydən asılı qalıb
üç alma
satılacağından qorxduğu üçün…


XARI BÜLBÜL

yanına gəlmək istəyirəm
xarı bülbül…
qorxuram gələndə
qaça-qaça gələm
ayaq səslərimdən
papaq altda yatan oğullar oyansın
ehtiyatsızlıq etməkdən qorxuram
xarı bulbul
yanına gəlməkdən qorxmuram
inan mənə…

GETDİN

Akif Səmədin xatirəsinə

söz yandırdı közdə səni
əcəllə söz kəsib getdin
qorumadı söz də səni
söz üstündə əsib getdin

Dostlar adamı yanıyar,
Dostlar adamı qınayar.
Adam dostları tanıyar,
Dostlarından küsüb getdin.

Geniş qəlbə məzar dardı,
Məzar səndən gen qaçardı.
Məzarında sözmü vardı,
Məzara tələsib getdin?!


RUHUM UÇACAQ…

Daha dünyadan bezib,
Bu qədər dərdə dözüb.
İlləri nərdə düzüb,
Zərnən əlləşirəm mən.

Həyat mənə nə verdi,
Möhnəti, qəmi, dərdi…
Xeyir elə xeyirdi,
Şərnən əlləşirəm mən.

«Dünya beş gündür» deyə,
Gəlmədim dərd çəkməyə…
Ruhum uçacaq göyə,
Yernən əlləşirəm mən.


***

qələm, kağız tapmayan vaxt
parkdakı skamyanın üstünə
şüşə parçası ilə cızdığım şeir
üstündə
duyğusuz, ruhsuz insanlar əyləşən zaman
məni bağışla…

qələm, tapıb kağız tapmayan vaxt
qoluma yazıb
heç kəs görməsin deyə
köynəyimin qolu ilə gizlətdiyim şeir
səni insanlardan gizli saxladığım üçün
məni bağışla…

qələm, kağız tapan vaxt
heç yana yazmadığım şeir
cəsarətsiz olduğum üçün
məni bağışla


ÖLÜMMÜ SEVİR ŞAİRİ?

Uçurumdan düzə gedən,
Gecədən gündüzə gedən.
Haqqa gedən sözə gedən,
Yolumu sevir şairi?

Tale əkib bəxt bitirən,
Sevgidən öncə yetirən…
Özüylə dərd, qəm gətirən,
Zülümmü sevir şairi?

Şair duyar sirr ölümü,
Bir ölümü – pir ölümü…
Şairmi sevir ölümü,
Ölümmü sevir şairi?

"Ulduz" jurnalı
XS
SM
MD
LG