Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:32

«Daşan Kürün səviyyəsi yox, korrupsiyanın səviyyəsidir»


Milli Məclisdə daşqın söhbəti
Milli Məclisdə daşqın söhbəti
Kürün suyu daha böyük əraziləri altına aldıqca, onun fəsadları kimi bu məsələ ətrafında müzakirələr də böyüyür. Parlamentin mayın 11-də keçirilən iclasında millət vəkilləri yaranmış vəziyyətdən danışdılar.

Sabirabaddan deputat seçilmiş Pənah Hüseyn iclasın əvvəlində dedi ki, fəlakət zonasında vəziyyət çox ciddidir. Hazırda Sabirabad, Salyan, Şirvan və digər Kürqırağı ərazilərdə baş verənlər təbiət hadisəsi yox, cəmiyyət hadisəsidir.

P.Hüseyn deyir ki, apardığı araşdırmalara görə, son 3 ildə Kür ətrafında işlərin görülməsi üçün ayrılan vəsait 30 ildə ayrılan vəsaitdən artıqdır, amma heç bir iş görülməyib. Deputat hesab edir ki, baş verən hadisələrlə bağlı ciddi araşdırmalar aparılmalıdır və məsuliyyət prezidentin üzərindədir.

P.Hüseynin fikrincə, daşan Kürün suyu yox, korrupsiyanın səviyyəsidir. Və belə getsə, hamı onun altında qalacaq.

BU, TƏKCƏ TƏBİƏTİN ÖZBAŞINALIĞINA OXŞAMIR

Deputat İqbal Ağazadə də Pənah Hüseynin fikrinə şərik çıxdı, dedi ki, vəziyyət aradan qaldırılandan sonra müvafiq qurumlar parlamentdə hesabat verməlidirlər. Çünki bu, təkcə təbiətin özbaşınalığına oxşamır.

Hakim YAP-dan olan deputat Mübariz Qurbanlı isə hesab edir ki, bu cür danışanlar yaranmış vəziyyətdən siyasi qazanc əldə etmək istəyirlər. Kürün içində və ətrafında baş verənlər təbii fəlakətdir.

Deputat hesab edir ki, baş verən hadisələrlə bağlı ciddi araşdırmalar aparılmalıdır
Hakim partiyanın icra katibi Əli Əhmədov da ortada olan fəlakətin təbiiliyinə şübhə etmir. Onun fikrincə, indi dünyanın çox yerində belə və bundan xeyli daha pis nəticələrə gətirib çıxarmış fəlakətlər müşahidə olunmaqdadır. Azərbaycan dövləti də fəlakətin qarşısını almaq, onun əhatə dairəsini genişlənməyə qoymamaq, zərərini azaltmaq üçün əlindən gələni edir:

AZƏRBAYCAN MÜXALİFƏTİ HƏMİŞƏ BU CÜR HALLARDAN FAYDALANMAĞA ÇALIŞIB

«Fövqəladə Hallar Nazirliyi və digər nazirliklər tərəfindən bütün işlər görülür. Bunu görməmək mümkün deyil. Sadəcə olaraq təbii fəlakətin miqyasının genişliyi problemləri bir az geniş şəkildə qoyub. Amma Azərbaycan hökuməti, prezidenti bütün bu işləri nəzarətdə saxlayır və nəticəsinin aradan qaldırılması üçün effektli tədbirlər görülür. Təəssüf ki, Azərbaycan müxalifəti həmişə bu cür hallardan faydalanmağa çalışıb. Elə ona görə də Azərbaycanda insanlar onlara etimadı, inamı itiriblər. İnsan fəlakətindən, təbii fəlakətdən faydalanmağa çalışanların insanlar arasında hörməti olmaz».

Spiker Oqtay Əsədov isə Pənah Hüseyni prezidentin reaksiyasını və aparılan işləri görməməkdə günahlandırıb onu ədalətli olmağa çağırdı. Cənab Əsədov prezidentin hadisə yerində olduğunu da xatırlatdı.

Yeri gəlmişkən deyim ki, bir neçə gün əvvəl – yəni Kür qırağında vəziyyət hələ indiki həddə çatmamış Salyan camaatı da prezident İlham Əliyevin onların rayonuna sonuncu səfərini xatırlayırdılar. Deyirdilər ki, əgər həmin vaxt prezidentə dərdini demək üçün camaata imkan verilsəydi, İlham Əliyev iş-işdən keçəndən sonra vəziyyəti nəzarətə götürməzdi:

PREZİDENTİN XƏBƏRİ OLMADI Kİ, BU CAMAAT SUYUN İÇİNDƏ NECƏ YAŞAYIR

«Prezident gələndə xəbəri olmadı ki, bu camaat suyun içində necə yaşayır. 2-3 öyrədilmiş adamı yığdılar ora, guya prezident gəlib rayon ictimaiyyəti ilə görüşdü. O, rayon ictimaiyyətinin arasına girmir. Nə də bizim kimiləri qoymurlar ki, prezidentlə görüşək. Çünki haqqımızı tələb edəcəyik».

Parlament hökuməti dəvət edib onun hesabatını tələb etməli idi
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, ölkə ərazisində belə vəziyyətin yaranması əsasən 2000-ci ildən başlayıb. Və bu onu göstərir ki, Sovet hakimiyyəti dövründə belə halların qarşısının alınması üçün vaxtında lazımi işlər görülürmüş. Kür qırağında indi yaşananlar isə iş görməməyin, fəaliyyətsizliyin nəticəsidir. Bu, artıq bir neçə dəfə belə daşqınların fonunda özünü təsdiqləyib. O ki, qaldı parlamentdə deyilənlərə, əslində, Milli Məclis problemdən danışanları siyasi qazanc əldə etmək cəhdində suçlamaqdansa, cari məsələləri kənara qoyub, ilk növbədə məhz bu fövqəladə vəziyyəti müzakirə etməli idi:

NORMAL PARLAMENT BELƏ ETMƏLİ İDİ

«Parlament hökuməti dəvət edib onun hesabatını tələb etməli idi. Normal parlament belə etməli idi. Çünki yüz minlərlə adamın taleyindən söhbət gedir. Deputatları ona görə ora seçiblər ki, onlar orada bir tərəfdən xalqın mənafeyini müdafiə eləsinlər, digər tərəfdən də hökumətə nəzarət etsinlər. Bu funksiyanı Azərbaycan parlamenti yerinə yetirməyib».

Mehman Əliyevin fikrincə, Milli Məclisdə problemi qaldıranları siyasi möhtəkirlikdə günahlandıranlar özləri əslində siyasi cığallıq ediblər. Məqsəd məsələnin parlamentdə müzakirəsinin qarşısını almaq olub.

Kür qırağında evsiz-eşiksiz qalan camaatın bəziləri hələ də hesab edir ki, baş verənlər təbii fəlakət deyil. Bunu məmurlar ediblər ki, dövlət vəsait ayırsın, onlar da pulu bölsünlər. Əlbəttə, bunu çətin vəziyyətə düşmüş camaatın emosional fikirləri kimi də qəbul etmək olar. Ancaq bu fikrin necə deyərlər, artıq 50 faizi özünü doğruldub. Yəni, dövlət artıq pul ayırıb. Deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, prezident İlham Əliyev fəlakət zonasındakı vəziyyəti aradan qaldırmaq, zərəri qapamaq üçün 400 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.
XS
SM
MD
LG