Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Azərbaycanda mətbuatın müstəqilliyinə nə mane olur?


Azər Rəşidoğlu və Aynur Camalqızı
Azər Rəşidoğlu və Aynur Camalqızı
«Panorama» verilişində millət vəkili Aynur Camalqızı və «Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu bu məsələ ətrafında fikirlərini bölüşürlər.

AYNUR CAMALQIZI:

«Azərbaycan mətbuatının bir çox problemləri var və birmənalı dəyərləndirmə aparmaq çətindir. Müstəqil mətbuat da var, siyasi partiyaların ruporuna çevrilənlər də. Əsas məsələ jurnalistlərin hələ də ən problemli sosial zümrə kimi qalmasıdır. Elə jurnalistlər var ki, 40 yaşına çatıb, hələ də kirayədə yaşayır, ailə həyatı qura bilmir. Baxmayaraq ki, bütünlükdə ölkədə inkişaf var. Mətbuatın başqa bir problemi isə bəzi iş adamlarının müstəqil mətbuata reklam verməkdə çəkinmələridir…».

AZƏR RƏŞİDOĞLU:

«Azərbaycanda müstəqil mətbu orqanlar qalmayıb. Yazılı, elektron media demək olar ki, hökumətin nəzarətindədir. Bəzi hallarda heç müxalif qəzetlərdə də hakimiyyətin sərt tənqidləri eşidilmir. Çünki onlar ələ alınır və həmin mətbu orqanlar onu maliyyələşdirən dairələrin sifarişini yerinə yetirmək məcburiyyətindədirlər. Ancaq tədricən bu proses də keçmişdə qalmaqdadır. Çünki hakimiyyətdaxili çəkişmələr zamanı bəzi mətbu orqanlara müəyyən maddi yardımların edilməsi mətbuatın inkişafına müəyyən mənada təkan verirdi. İndi artıq müxalif fikir belə qadağan edilməkdədir…».

Bu həftə Azərbaycanda səfərdə olan norveçli jurnalist Erlinq Borgen Bakı hava limanında arzuolunmaz hadisəylə üzləşdi. Eynulla Fətullayev haqqında sənədli film çəkən norveçli jurnalistin kamerasının yaddaş kartını siliblər.

«Panorama» verilişində qonaqlar bu məsələ ətrafında da fikirlərini bildiriblər.

AYNUR CAMALQIZI:

«Doğrusu, bu hadisənin təfərrüatı mənə məlum deyil. Mən bundan təəssüflənirəm. Ancaq fikrimcə, bu məsələyə sırf məmur özbaşınalığı kimi baxmaq lazımdır…».

AZƏR RƏŞİDOĞLU:

«Bu o deməkdir ki, bütünlükdə Azərbaycan getdikcə Naxçıvana çevrilir. Əvvəllər Naxçıvanda belə hallar olardı. Hələ yaxşı ki, norveçli jurnalistin cibinə narkotik maddə atıb, onu həbs etməyiblər. Bu, bir məmurun özbaşınalığından yox, mövcud rejimin mahiyyətindən doğur…».

XS
SM
MD
LG