Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

«Daha bir jurnalistin, daha bir qəzet redaktorunun həbsinə hazırlıq gedir»


Aprelin 27-də Nizami Rayon Məhkəməsində «İdeal» qəzetinin hazırda həbsdə olan baş redaktoru Nazim Quliyev və «Binə» ticarət mərkəzinin direktor müavini Dilşad Əmirovanın jurnalistə qarşı iddiası üzrə hazırlıq iclası başa çatıb, məhkəmə işi icraata qəbul edib. Böhtan, şərəf və ləyaqəti alçaltma maddələri ilə təqsirləndirilən Azər Ayxandan başqa yerə getməmək barədə iltizam alınıb.

A. Ayxan deyir ki, bu proses söz və mətbuat azadlığına ciddi basqıdır :

«Bu məhkəmə, «Yeni Müsavat»ın timsalında Azərbaycan mətbuatının üzərinə yönəlmiş basqıdır. Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti özü üçün indiki həssas məqamda bu məsələyə göz yumur. Mən həbs olunmasam belə, bu qərarın çıxarılması belə Azərbaycan hakimiyyətinə böyük bir biabırçılıqdır».

Jurnalistə qarşı məhkəmə prosesi mayın 6-da davam edəcək.

Mayın 4-də isə Bakı Apelyasiya Məhkəməsində akademik Cəlal Əliyevin Yeni Müsavat qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və jurnalist Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinə baxılacaq.

Prezidentin əmisi, millət vəkili Cəlal Əliyev «Yeni Müsavat» qəzetində «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı yazıda ona böhtan atıldığını və təhqir olunduğunu bildirərək, məhkəmədə iddia qaldırıb.

Amma Nizami məhkəməsi iddianı təmin etməyib. Bundan sonra Cəlal Əliyev Nizami rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Məhkəmə buna qədər bir neçə dəfə təxirə salınıb.
XS
SM
MD
LG