Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

ADNA-da yaralanmış Sudan vətəndaşı məhkəmədə nə dedi?..


Mayın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib. Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslərin vəkilləri prosesdə video çəkilişin aparılmasını xahiş ediblər. Lakin hakim vəkillərin xahişini qəbul etməyib.

Sonra məhkəmə iclasında zərərçəkmişlər dindirilib. Neft Akademiyasının 3-cü kurs tələbəsi Elşən Mustafayev ifadəsində göstərib ki, hadisə baş verən vaxt tələbə yoldaşları ilə birlikdə Akademiyanın foyesində olub. Qəflətən əli silahlı bir şəxslə üz-üzə gəlib:

«O, bizə tərəf atəş açdı. Güllə əlimdən, çənəmdən dəydi».

Zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirdir:

«Mən bu adamları tanımıram, hadisə vaxtı görməmişəm».

Hadisə zamanı həlak olan Tamella Əzizovanın oğlu Anar Əzizov ifadəsində göstərdi ki, Neft Akademiyasında baş verən hadisə barədə iş yoldaşlarından eşidib. Dərhal Akademiyanın binasına gedib:

«İçəri girəndə qapıda çoxlu polislər vardı. Anamın işlədiyi mərtəbəyə qalxdım. Anam ölü vəziyyətdə yerdə uzanmışdı».

Zərərçəkmiş, Akademiyanın tələbəsi olan Sudan vətəndaşı Muhammed Mustafa isə ifadəsində göstərib ki, əlisilahlı şəxslə pilləkənlərdə qarşılaşıb:

«O, ingiliscə pis söyüşlər söyə-söyə məni əli ilə vurub itələdi. Mən yerə yıxıldım. Silahdan iki dəfə atəş açdı. Biri əlimə dəydi, biri boynuma. Şikəst qalmışam. Sağlamlığımda ağır problemlər yaranıb. Ağzımı aça bilmirəm. Qulağım kar olub».

Zərərçəkmiş qismində ifadə verən Akademiyanın müəllimi Zemfira Hüseynli onu vuran adamın Fərda Qədirova oxşamadığını dedi:

«O, sonradan şəkli mənə göstərilən adama oxşamırdı. Mən onu yaxından gördüm. Onun üzündə maska yox idi. Mənə atəş açdı. Güllə ağzımdan dəydi, qulağımdan çıxdı».

Məhkəmə iclasında Dövlət Neft Akademiyasının prorektoru Baba Şıxıyev mülki iddiaçı qismində ifadə verib. O, baş vermiş hadisə nəticəsində Akademiyaya 6000 manat ziyan dəydiyini bildirib.

Məhkəmə iclası mayın 4-də davam edəcək.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG