Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:06

Eynulla Fətullayevin məhkəməsində 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları ifadə verib


Aprelin 30-da Qaradağ rayon Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin məhkəməsi davam edib. Məhkəmə iclasına hakim İsmayıl Xəlilov sədrlik edir.

İclasda 12 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin rəisi Anar Əhmədov, baş nəzarətçi Fərman Salmanov, müəssisənin digər əməkdaşı Samir Salmanov dindirilib.

Onlar məhbus jurnalistin ayaqqabısından və gödəkçəsindən heroin tapıldığını təsdiqləyiblər. Eynulla Fətullayev deyib ki, heroin tapıldığını özü də inkar etmir. Ancaq həmin heroini onun ayaqqabısına və gödəkçəsinə kənardan atıblar.

Məhkəmə iclası mayın 4-də davam edəcək.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru E.Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər. Jurnalist hesab edir ki, onu jurnalist fəaliyyətinə görə həbsə atıblar. O, narkotika əməliyyatını Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə azadlığa buraxılmaması üçün hakimiyyətin təşkil etdiyi təxribat adlandırıb.
XS
SM
MD
LG