Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

«Freedom House»un hesabatından boğaza yığılanlar...


«Freedom House»
«Freedom House»
Azərbaycan «mətbuat azadlığı indeksinə» görə yenə də qonşularından geri qalır. «Freedom House» təşkilatının «Mətbuat azadlığı-2010» hesabatına görə Azərbaycan 196 ölkə arasında 79-cudur. Baxmayaraq ki, qonşuları daha irəlidə - Gürcüstan 59, Ermənistan 66-cı yerlərdədirlər.

«Freedom House» qeyd edir ki, ötən il dünyanın əksər regionlarında mətbuat azadlığı sahəsində geriləmə olub. Bu geriləmə 8 ildir ardıcıl olaraq davam edir. Mətbuat müstəqilliyi haqqında qlobal araşdırmaya görə hər altı nəfərdən biri mətbuat azadlığı olan ölkədə yaşayır.

Hesabata görə, keçmiş Sovet İttifaqı ölkələrində mətbuat boğulur, Rusiya mətbuat üçün təhlükəli ölkələrdən biri olaraq qalmaqdadır. Qırğızıstanda da göstəricilər düşməkdə davam edib.

Ukrayna, Ermənistan və Moldovada bu sahədə irəliləyiş qeydə alınıb.

İran prezident seçkiləri ərəfəsində jurnalistlərin həbsi, mətbuatın vəziyyətinə görə regionun ən çox geriləmiş ölkəsi hesab olunur.

«Freedom House»un hesabatına görə Azərbaycan mətbuat azadlığı indeksinə görə Tacikistanla Rusiya arasında dayanıb.

HESABATLAR BOĞAZA YIĞIB

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyiev bu xəbərin onun üçün yeni olmadığını, Yeni Müsavat qəzetinin yazarı Zamin Hacı bu cür hesabatlardan boğaza yığıldıqlarını söyləyir.

Demokratik Jurnalistlər Birliyinin sədri Yadigar Məmmədli belə hesabatların nəticəsiz qaldığını deyir, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə «Freedom House»u qərəzli münasibətdə qınayır.

Əvvəlcə, paytaxt Bakının bir neçə sakininin fikri ilə tanış olaq:

- Sizcə, Azərbaycanda mətbuat azaddır?

Zamin Hacı
- Məncə, hə, jurnalistlər nə istəyir yazır.

- Mətbuat azad deyil. Qorxurlar düzünü yazmağa. Düzünü yazsalar, məmurların təzyiqini görərlər.

- Elə jurnalistlər var ki, onlar da şantaj eləyir axı…

- Mətbuat azadlığı o səviyyədə deyil.

Adətən yazılarında ictimai-siyasi-sosial problemlərə satirik mövqe bildirən Zamin Hacı deyir ki, bir jurnalist kimi onun üçün tabu mövzular var və daxili senzura onu bu mövzularda yazmaqdan çəkindirir:

«VAŞİNQTON POST»UN MÜXBİRİ AZƏRBAYCANLI OLSAYDI…


«Məsələn, mən İlham Əliyev və onun ailəsi barədə yazmıram. «Vaşinqton Post» 11 yaşlı oğlanın 45 milyon dollarlıq mülkündən yazdı. Amma mən buna toxuna bilmədim. Halbuki mən də bu barədə yazmaq istərdim. Əgər «Vaşinqton Post»un müxbiri azərbaycanlı olsaydı, onda onun da ya cibinə narkotik vasitə atardılar, ya da üzünə qadın qoyardılar».

ABŞ-ın «Vaşinqton Post» qəzeti 11 yaşlı Heydər Əliyevin Dubayda mülk sahibi olması barədə məqalə dərc etmişdi. Yazıda qeyd olunurdu ki, daha bir neçə mülkün sahibi Leyla və Arzu Əliyevalardır.

Zamin Hacı Azərbaycanda mətbuat azadlığıyla bağlı fikirlərə öz satirik şərhini verir:

«Elə bilin ki, zooparkdır. Şirin ya yeməyini-içməyini kəsirlər, ya da baxıcı onu şallaqlayıb döyür. Amma öldürmür. Azərbaycanda mətbuat azadlığı üçün çərçivə çəkiblər. Yalnız bu çərçivədə yaza bilərsən».

Bəxtiyar Sadıqov
«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Zamin Hacıyla razılaşmır ki, Azərbaycanda söz azadlığı var, amma adamın şəxsi həyatına müdaxilənin yol verilməzdir.

KİM NƏ İSTƏYİR YAZIR?

«Gedin qəzetlərə baxın. Kim nə istəyir, yazır. Lap prezident haqqında da yazırlar. Amma Konstitusiyaya da dəyişiklik elədik ki, şəxsi həyata adamın öz razılığı olmadan müdaxilə etmək, yazmaq yolverilməzdir».

Bəxtiyar Sadıqov hesab eləyir ki, «Freedom House» təşkilatı Azərbaycanda mətbuat azadlığının olmamasını deməklə qərəzli münasibətə yol verib:

«Nə vaxt gəlib bizimlə, Mətbuat Şurasıyla söhbət elədilər? Onların informasiya mənbələri nə dərəcədə etibarlıdır? Bəlkə də, heç yoxdur. Onlar Azərbaycana ikili münasibət bəsləyirlər».

«Freedom House»un hesabatını ədalətli və obyektiv sayan «Turan» informasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə isə, bu cür açıqlamalar vəziyyətin düzəlməsinə xidmət etmir, əksinə, vəziyyət daha da pisləşir. Mehman Əliyevin fikrincə, mətbuat azadlığından danışmaq üçün ölkədə bir çox siyasi-iqtisadi problemlər gərək həll oluna.

MEDİANIN VƏZİYYƏTİ NƏ VAXT DƏYİŞƏCƏK?

«Bütövlükdə ölkədə vəziyyət dəyişməlidir ki, mediada vəziyyət dəyişsin. Media siyasi-iqtisadi-sosial amillərdən çox asılıdır. Onlar dəyişməsə, media necə azad ola bilər?»

Yadigar Məmmədli
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin fikrincə, Azərbaycanın adının bu cür siyahılara düşməsinə səbəb jurnalistlərin, bloqçuların həbsidir:

«Bunlar medianın inkişafını əngəlləyən amillərdir. Gözlə görünə biləcək hadisələrdir. Digər amillər də qəzetlərin tirajı, qəzetlərə ictimai təsir dairəsinin artması, telekanallarda obyektiv xəbərlərin artması da təsir edir. Ona görə də adımız belə siyahılardadır. Elə amillərdir ki, bunu danmaq olmaz. Amma, məncə, bundan çıxacağıq, çünki belə gedə bilməz».

Hazırda Azərbaycanda bir jurnalist və iki bloqqer həbsdədir.

«Freedom House» təşkilatının «Mətbuat azadlığı-2010» hesabatına görə Azərbaycan 194 ölkə arasında 79-cudur. Qonşu Gürcüstan 59, Ermənistan isə 66-cı yerlərdədir.
XS
SM
MD
LG