Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:01

Eynulla Fətullayev: «Bu məhkəmə əhəmiyyətini itirib»


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Hörmətli sədr, mən hazırlıq iclasında müdafiə hüququmun pozulması haqqında vəsatət qaldırmışdım. Və hesab etmişdim ki, bu iş ya yenidən prokurorluğa göndərilməlidir, ya da xətm olunmalıdır. Çünki bu işdə qanunsuzluqlar baş verib».

Aprelin 28-də Qaradağ rayon Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məhkəməsi məhbus jurnalistin hazırkı məhkəmə araşdırmasını əhəmiyyətsiz adlandırması ilə başladı:

BU MƏHKƏMƏNİN KEÇİRİLMƏSİNƏ NƏ LÜZUM VAR?


«Mən hesab edirəm ki, artıq bu məhkəmə araşdırması öz əhəmiyyətini itirib. Kərim Şirinov konkret olaraq etiraf etdi ki, həmin narkotikin miqdarı çəkilməyib. Həmin narkotikin fotoşəkli də yoxdur. Bu o deməkdir ki, ittiham tərəfinin təqdim etdiyi əsas maddi sübut etibarsız sayılır. Cinayət Prosessual Məcəlləsi qüvvədədirsə və bu, qanundursa, onda bu məhkəmənin keçirilməsinə nə lüzum var? Axı, Kərim Şirinov özü etiraf etdi ki, narkotikin miqdarı çəkilməyib».

Kərim Şirinov məhbus jurnalistin cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisidir. İttiham aktında qeyd olunur ki, Eynulla Fətullayevin üzərindən narkotik tapılması əməliyyatına da o rəhbərlik edib. Aprelin 26-da keçirilən prosesdə şahid qismində dindirilib. İfadəsində Eynulla Fətullayevin üzərindən tapdıqları narkotik vasitə olan heroinin miqdarını və fotoşəklini çəkmədiklərini göstərmişdi.

«0,22» KİMİN AĞLINA GƏLİB?

Kərim Şirinov
İttihama görə, ötən il dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalistin ayaqqabısından və gödəkçəsindən 0,22 qram heroin tapılıb. İndi Eynulla Fətullayev məhkəmədə ittiham tərəfinə sual verir ki, axı tərəziyə qoyulmayan narkotik maddənin miqdarı necə müəyyənləşə bilər və 0,22 rəqəmi kimin ağlına gəlib?

Proses yenə də əməliyyat şöbəsinin rəisi Kərim Şirinovun tərəflərin suallarını cavablandırması ilə davam etdi. Kərim Şirinov vəkil İsaxan Aşurovun suallarını cavablandırarkən dedi ki, məhkum Fətullayevin narkotik saxlaması barədə dekabrın 28-də agentura məlumatı alıb. Özünün təbirincə desək, inandırıcı məlumat əsasında və müəssisə rəisinin qərarı ilə dekabrın 29-da əməliyyat keçirib.

HƏBSXANA AGENTURASI VƏ İNANDIRICI MƏLUMAT


Vəkil İsaxan Aşurov: «İnandırıcı məlumat dedikdə nəyi nəzərdə tutursunuz? Agent məlumatlarının mötəbərliyini, yoxsa özünüz də hansısa əlamətlər görürdünüz?».

Şahid: «Özüm bir əlamət görməsəm də, daxil olan məlumatlar mənə əsas verirdi ki, həmin məlumatlara inanım».

Eynulla Fətullayev isə əməliyyat şöbəsinin rəisindən cəzaçəkmə müəssisələrində əməliyyatların hansı qurum tərəfindən keçirildiyini soruşdu. Kərim Şirinov dedi ki, cəzaçəkmə müəssisələrində əməliyyatı yalnız Ədliyyə Nazirliyi keçirə bilər.

Eynulla Fətullayev və İsaxan Aşurov
Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırdı ki, Kərim Şirinov ifadəsində əməliyyatda MTN əməkdaşlarının da iştirak etdiyini yazıb. Kərim Şirinovsa məhkəməyə bunu inkar etdi.

Əməliyyat şöbəsinin rəisi məhkəmənin nəzərinə çatdırdı ki, narkotikin Fətullayevin üzərinə qəsdən qoyulması ilə bağlı deyilənlərlə razı deyil.

Prosesdə 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Avtandil Ağayev də şahid qismində ifadə verdi. Hakim müəssisə rəisinə sual verdi ki, məhkumlar yatarkən əşyalarına nəzarət edə bilərlərmi? Müəssisə rəisi dedi ki, yatmış məhkumun əşyalarına nəzarət edilməsi mümkün deyil. Məhkumlar yatarkən saxlandıqları korpusların qapıları bağlansa da barakların qapıları açıq qalır. Yəni yatmış məhkumlar nəzarətsiz olurlar. Müəssisə rəisi dedi ki, belə nəzarətsiz barakda hətta məhkumu boğa da bilərlər.

Eynulla Fətullayev birinci dəfə 2007-ci ilin aprelində 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı ilə onun cəzası 8 il 6 ay müddətinədək artıb. 2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona yeni cinayət işi açılıb.

Aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG