“Sənin qum kanatın...”
Corc Herbert
Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xətlərdən müstəvi, sonsuz müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur...
Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil.
Hər hansı bir uydurulmuş hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim indicə danışdıqlarım isə heç də uydurma deyil...
Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü eşitdim.
Qapını açdım və astanada tanımadığım bir adam gördüm.
Bu, ucaboylu, üzünün çizgiləri ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə, onun simasındakı cizgiləri qarışdırdım.
Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş bu adam çox təvazökar görsənirdi.
Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir.
Əvvəlcə naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər sonra onun az-az rast gəlinən, lap skandinaviyalılar kimi parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa düşdüm.
Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli Orkney adalarındandır.
Mən naməlum adamı içəri çağırıb oturmağa stul təklif etdim. Danışmazdan əvvəl o, nəyə görəsə bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm.
- Mən “Bibliya” satıram, - qəfildən o dilləndi.
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil olmaqla, bir neçə ingilisdilli “Bibliya” var, – həddindən artıq vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin bədii nöqteyi-nəzərdən ən pisi sayılan Lüteran və Vulqatın Latınca “Bibliya”larını demirəm.
Göründüyü kimi, mənim siz düşündüyünüz qədər də, “Bibliya”ya ehtiyacım yoxdur.
Bir qədər susandan sonra dedi:
- Mən, sadəcə, “Bibliya” satmıram. Sizə Bikaner ətrafında əlimə düşən müqəddəs bir kitabı da göstərə bilərəm. Çox güman ki, həmin kitab sizin marağınıza səbəb olar.
O, çamadanından kitabı çıxardı və masanın üstünə qoydu. Bu, kətan üzqabıqlı inoktavonun hansısa bir cildi idi. Şübhə etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o, əldən-ələ keçmişdi.
Kitabın üz qabığında bu sözlər həkk edilmişdi:
“Müqəddəs yazılar” və bir qədər aşağıda isə qeyd olunmuşdu: “Bombey”
- Yəqin XIX əsrə aiddir, - soruşdum.
- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də müəyyənləşdirməmişəm.
Mən sadəcə elə-belə kitabı açdım. Səhifələrdəki hərflər gözümə çox qəribə görsəndi. Lap “Bibliya”dakı kimi, köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şriftlər iki cərgə aşağı gedirdi: kiçik hərflər qısa sətirlərə düzülmüşdü.
Mən müşahidə edib gördüm ki, sol səhifənin nömrəsi, deyək ki, 40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin nömrəsi 999 göstərilmişdi. Tez səhifəni çevirdim – burada artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.
Burada, həmçinin lüğətlərdəki rəsmləri xatırladan, sanki hansısa məktəblinin yöndəmsiz əl işinə oxşar – pero və mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.
Bu zaman naməlum adam dedi:
- Şəkilə diqqətlə baxın. Siz onu bir də heç vaxt görməyəcəksiniz.
Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və dərhal onu təzədən açdım. Lövbər şəklini tapmaq məqsədi ilə mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim.
- Görünür bu Müqəddəs Yazıların hindcənin ləhcələrinin birinə edilmiş tərcüməsidir, elə deyilmi?” – özümü itirdiyimi gizlətməyə çalışaraq soruşdum.
- Xeyr, - kişi cavab verdi. - Sonra sanki hansısa dəhşətli bir sirri mənə açmaq istəyirmiş kimi, səsini alçaldaraq: - Uzaq şəhərcikdə bir ətək rupi və təzə “Bibliya”ya dəyişərək bu kitabı əldə etmişəm. Kitabın yiyəsi oxumağı bacarmırdı.
Güman edirəm ki, həmin adam bu Kitablar Kitabını cadu hesab edirdi.
O, aşağı kastadan çıxmışdı və məhz buna görə də toxunulmazlar özlərini ləkələməkdən qorxmadan onun kölgəsini tapdalaya bilərdilər. Mənə dedi ki, onun kitabı Qum Kitabı adlanır, çünki kitabın da, qumun da, nə başlanğıcı, nə də ki, sonu var...
Naməlum qonaq məndən xaiş etdi ki, kitabın ilk səhifəsini tapım.
Sol əlimi cildin üz-qabığına qoydum və baş barmağımla titul səhifəsini sıxaraq kitabı açdım.
Sonra bir də çalışdım. Ancaq bütün cəhdlərim boşa çıxırdı. Hər dəfə üz-qabıqla barmağım arasında bir neçə vərəq peyda olurdu: sanki onlar kitabdan yenicə yaranırdılar.
- İndi isə sonuncu səhifəni tapın.
Mən yenə də uğursuzluğa düçar oldum.
“Bu, ola bilməz”, - özüm də səsimi tanımadan mızıldandım.
- Bu, ola bilməz, lakin o, mövcüddür, - yad adam sakitcə dilləndi: - bu kitabın səhifələrinin sayı sonsuzdur – nə az, nə də ki, çox. Burada nə ilk səhifə var, nə də ki, son.
Mən onu da bilmirəm ki, səhifələr nə üçün təsadüfü qaydada nömrələnmişdir. Bəlkə də ona görə ki, külli-miqdarda nəhayətsizliyə istənilən rəqəm daxil ola bilər...
Sonra sanki dərindən fikrə dalaraq o, qeyd etdi:
Əgər məkan nəhayətsizdirsə, deməli, biz onun istənilən nöqtəsində ola bilərik.
Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxardırdı.
- Siz çox güman ki, dindar adamsınız, – deyə xəbər aldım.
- Bəli, mən presviterianam (İngiltərədə və Amerikada yayılmış protestant məzhəblərindən birinin tərəfdarı – A. X.), vicdanım isə tərtəmizdir. Tamamilə əminəm ki, iblis kitabının əvəzinə Tanrı kəlamını verməklə həmin yerli adamı heç də aldatmamışam.
Ona ürək-dirək verdim ki, vicdan əzabına qatlaşmağa dəyməz: eyni zamanda bizim tərəflərə yolüstü gəlib çıxması ilə maraqlandım. Məhz bu zaman mən bildim ki, o, əslən Orkney adalarından olan şotlandiyalıymış.
Mən vurğuladım ki, Stivensonla Yumu sevirəm və Şotlandiya ilə möhkəm bağlılıq hiss edirəm.
- Siz yəqin ki, Stivenson deyəndə Robbi Bernsi nəzərdə tutursunuz, - o, düzəliş verdi.
Söhbət edə-edə mən nəhayətsiz kitabı öyrənməyə davam edirdim. Marağımı gizlətməyə çalışaraq nəhayət ki, ondan soruşdum:
- Siz bu nəhayətsiz kitabı Britaniya muzeyinə təklif etmək istəyirsiniz?
- Xeyr. Mən onu sizə təklif edirəm, - deyə kişi cavab verdi və çox iri bir məbləğin adını çəkdi.
Səmim-qəlbdən boynuma aldım ki, o qədər pulum yoxdur və fikrə daldım. Bir neçə dəqiqədən sonra beynimdə plan yarandı.
- Mübadilə təklif edirəm, - dedim, siz bu kitabı bir ətək rupi və “Bibliya” ilə dəyişmisiniz. Mən də sizə yenicə aldığım təqaüdü və Viklif tərəfindən ingilis qotiki ilə çap edilmiş dəyərli “Bibliya”nı təklif edirəm. Yeri gəlmişkən, o kitab mənə ata-babadan miras qalıb.
- Viklif, özü də qotik hərfləriylə, - o, mızıldandı.
Yataq otağımdan pulu və kitabı gətirdim. O, əsl bibliofil marağı ilə kitabı vərəqləməyə və titul səhifəsini gözdən keçirməyə girişdi.
- Mən razı, - dedi.
Onunla belə asanlıqla razılaşması məni heyrətləndirdi. Lakin çox-çox sonralar anladım ki, o, əvvəlcədən kitabı satacağını güman edərək, mənim evimə ayaq basıb.
O, pulları heç saymadan tez gizlətdi.
Daha sonra biz onunla Hindistan, Orkney adalarından və haçansa oraları idarə edən norveç müstəmləkəçilərindən danışdıq.
O, gecədən xeyli keçmiş getdi. Mən onu bir daha görməmişəm və adını da bilmirəm.
Qum kitabını kitab rəfinə, Viklifin boşalmış yerinə qoymaq istədim, son anda qərara gəldim ki, onu “Min bir gecə”nin köhnə cildlərinin arasında gizlədim. Yatağa uzandım, lakin gözümə yoxu getmədi.
Gecənin bir yarısı, saat üç, ya da dörd olardı, işığı yandırdım və o qeyri-adi kitabı götürüb çevirməyə başladım. Onların birində maska şəklinin həkk edildiyini gördüm. Səhifənin yuxarı hissəsində isə doqquz rəqəmli nömrə qeyd edilmişdi ki, indi onu mən heç cür xatırlaya bilmirəm.
Mən öz xəzinəmi heç kimə göstərmədim. Ona sahiblik xoşbəxtliyinə onun oğurlanacağı vahiməsi və bir də bu kitabın əsl həqiqətdə nəhayətsiz olmaması qorxusu qatılmışdı. Onsuz da dostlarım azalmışdı, indi isə mən olan-qalanlarla da görüşməkdən çəkinirdim.
Kitabın əsiri olmuşdum, bir yana çıxmağı belə yadırğamışdım.
Böyüdücü şüşədən kitabın yırtılmış kötüyünü və üz qabığını nəzərdən keçirəndən sonra hər hansı bir saxtalaşdırmanın olmadığını yəqin etdim. Təyin etdiyim kimi, hər iki kitabçama qeyd etməyə başladım.
Şəkillər bir də heç vaxt təkrarlanmırdı. Gecələr yuxusuzluğun mənə bəxş etdiyi bir röya anında da kitab yuxuma girirdi.
Yay öz gəlişini hiss etdirəndə mən anladım ki, bu olduqca dəhşətli kitabdır.
Və ona nəzər sala-sala, kitabı əlimdə tuta-tuta, mən onu özümdən daha az dəhşətli saya bilərdimmi?
Hiss etdim ki, bu kitab elə bir dəhşətli əşya, yaramaz və mənfur bir şeydir ki, gerçəkliyin özünü belə təhqir edir.
Mən od haqqında – kitabı tonqalda yandırmaq barəsində - düşündüm, lakin qoxdum ki, atəş nəhayətsizyə çevrilər və bütün planeti öz tüstüsündə boğa bilər.
Yadımdadır, harada isə oxumuşdum ki, ağacın yarpağını meşədə gizlətmək daha düzgündür.
Təqaüdə çıxana qədər Mexiko küçəsində yerləşən və içində doqquz yüz min cild kitab qorunan Argentina Milli Kitabxanasında işləmişdim.
Bilirdim ki, girişin sağ tərəfindəki dairəvi pilləkən içində kitablar, xəritələr və dövri nəşrlər saxlanılan zirzəmiyə gedib çıxır.
Bir dəfə mən ora yollandım, hündürlüyü və çıxışa qədərki məsafəni unutmağa çalışaraq, köhnə iş yoldaşımın yanından keçdim, tozlu rəflərin birində Qum Kitabını başımdan etdim...
Ruscadan çevirəni: Aydın Xan (Əbilov)
Virtual Hiper e-Kitabxana