Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:00

"Hər gün bir qaşıq dərman qəbul eləməli olan xəstəyə oxşayıram" (DAVAMI)


ƏVVƏLİNİ BURDA OXU

"BAŞQA RƏNGLƏR" KİTABINDAN

Mən hər şeydən çox istəyirəm ki, «Qar» romanında haqqında söz açdığım poetik ilham mənə də gəlsin.

Bu bir vaxt «Xan Kubla» poemasını yazanda Kolricin keçirdiyi, barəsində danışdığı ilhamın bir növüdü…

Mənə parlaq və təəssürat oyadan, daha yaxşısı, dərhal romana daxil edilməsi mümkün olan hazır səhnələr, situasiyalar formasında belə ilham gəlməsini (Kolricə poeması, «Qar»ın qəhrəmanı Kayasa şeirləri gəldiyi kimi) çox istəyirəm.

Əgər səbrlə, diqqətlə gözləyirəmsə, arzum həyata keçir.

Kitab yazmaq – bu istəklərə, günlərə, ilham həmləsinə, şüurun sirli guşələrinə, dumanlı tutqunluq və durğunluq dəqiqələrinə açıq olmaq deməkdi.

Romansa – bu küləklərin qabartdığı yelkən altında gedən tarixçədi; o ilhamın müxtəlif formalarını əks etdirir, xəyalımızda canlandırdıqlarımızı şüurumuzda yaratdıqlarımızı ümumi mənayla birləşdirir.

Amma roman hər şeydən qabaq – hər an dalmaq imkanına malik olmaq istədiyimiz həyatla dolu xəyalda canlandırılan aləmi özündə ehtiva eləyən damardı.

Romanlar bizə kitab aləminə dalmağa, yeknəsəq real aləmi mümkün qədər tez unutmağa yardım göstərən fantaziyalarımızın fraqmentləridi.

Biz nə qədər çox yazırıqsa, bu fantaziyalar o qədər zəngin, o qədər geniş, mükəmməl, dolğun və gözəl olur.

Biz yazdığımız müddətdə bu aləmi dərk eləyirik, onu nə qədər yaxşı öyrəniriksə, şüurumuzda saxlamaq o qədər asan olur.

Əgər mən romanın ortasındayamsa, iş asan gedir, onun fantaziyalar aləminə asanlıqla daxil oluram.

Axı romanlar onları oxuyanda daxil olduğumuz yeni aləmlərdi və yəqin ki, biz onları yazanda mövcud oluruq: yazıçı kitablara forma verir, istəyir, kitablar fantaziyanı, onun fantaziyasını ifadə eləsinlər.

Diqqətli oxucuya onlar xoşbəxtlik bəxş eləyirlər, yaxşı yazıçıya etibarlı möhkəm aləm bəxş eləyirlər, onlar bu aləmdə gizlənib günün istənilən vaxtı xoşbəxt olacaqlar.

Əgər üstündə dəftərlərim, qələmim olan yazı masasına yaxınlaşıramsa, həmin möcüzəli aləmin heç olmasa, kiçicik bir hissəsini yarada biləcəyimi hiss eləyirəmsə, xoşbəxtəm.

Bir anda adi, bayağı aləmdən çıxıb başqa geniş və azad aləmə düşürəm – adətən nə gerçək dünyaya qayıtmaq, nə romanı bitirmək istəyirəm, çünki bu, hər dəqiqə daha da çoxcəhətli olan aləmi yaratmaqdan əl çəkməyim olacaq.

Hisslərim mənə: «Lütfən, qoy yeni roman daha uzun olsun!» deyən bəzi oxucuların xahişlərinə oxşayır.

Fəxr eləyirəm ki, bu sözləri naşirlərin elə hey dedikləri «Lütfən, bir qədər qısa yazın!» sözlərindən min dəfə çox eşidirəm.

Necə olur ki, bir adamın vərdişi, istəyi başqa adamlarda maraq doğurur?

«Mənim adım Qırmızı»nı oxuyanlar xatırlayırlar ki, romanın axırında Şəkurə hər şeyi izah eləməyə çalışan adamın axmaq olduğunu deyir. Mən bu halda anasını ələ saldığı adaşımın, Orxan adlı balaca qəhrəmanımın yox, Şəkurənin fikrini bölüşürəm.

Amma əgər icazə versəniz, hər halda axmaqlıq eləyərəm, özümü Orxan kimi apararam, yazıçı üçün dərman olan fantaziyanın başqa adamları da sağaltdığını da izah eləmyə çalışaram: çünki əgər bütövlükdə öz romanıma dalmışamsa, iş yaxşı gedirsə, - əgər telefon zənglərindən, suallardan, tələblərdən və gündəlik problemlərdən boyun qaçıra bilirəmsə – onda öz kitabımla olduğum və havada sərbəst qanad çalmaq mümkün olan cənnətimin mövcudluq qaydaları mənə uşaqlığımın oyun qaydalarını xatırladır.

Hər şey başqa cür olur, elə bil hər evə, maşına, gəmiyə baxa biləcəyim, hər şeyin şüşədən düzəldiyi aləmdə oluram; bütün əşyalar mənə öz sirrini açır.

Mənim gördüyüm yeganə iş – bu qaydaları tapmaq, onlara tabe olmaqdı; evlərin içində baş verənləri ləzzətlə seyr eləməkdi; qəhrəmanlarımla avtobuslarda, maşınlarda İstanbulu gəzməkdi; əgər qəfildən darıxıramsa, gördüklərimə dəyişə-dəyişə baxmaqdı; gördüyüm yeganə iş – heç nəyin fikrini çəkmədən xoşbəxt olmaqdı, axı uşaq kimi şənlənəndə yeni bir şey öyrənirəm.

Əgər təxəyyül istedadı varsa, yazıçının işinin əsas üstünlüyü uşaq kimi, dünyadan yayınıb, onu unutmaq, bütün qəlbiylə sevinib, məsuliyyəti yaddan çıxarmaq bacarığından ibarətdir; sadəlövh sevinc, sərbəst təxəyyül uçuşu duya-duya adi dünyanın qanunlarıyla oyuncaq kimi oynamaq bacarığında, bununla belə, məsuliyyət hissi duymaqdadı. – axı bir müddətdən sonra oxucular bu aləmə daxil olacaqlar.

Yazıçı bütün günü oynaya bilər, amma qəlbinin dərinliklərində o, başa düşür ki, hamıdan ciddi olmalıdı.

Şeylərin mahiyyətini yalnız uşaqların gördükləri kimi görmək məhz onun bəxtinə düşüb.

O öz oyun qaydalarını qoya-qoya hiss eləyir ki, oxucular da onun qaydalarının, dilinin, cümlələrinin cazibəsinə, hekayəsinin cazibəsinə tabe olacaqlar, arxasınca gedəcəklər.

Yazıçı olmaq – oxucunu «Mən də məhz bunu söyləmək istəyirdim, amma bu cür sadə ifadə eləyə bilməzdim» deməyə məcbur eləməkdi.

Mən naməlum külək yelkənlərimi qabardanacan gözləyə-gözləyə bu aləmi kəşf eləyirəm, yaradıram, daha da gözəlləşdirirəm, xəritəyə baxa-baxa fantaziya yürüdürəm, amma bəzən bu dünyanın uşaq sadəlövhlüyü məndən ötrü əlçatmaz olur.

Belə şeylər hər bir yazıçının başına gəlir.

Bəzən müəyyən epizodda ilişirəm, yaxud romanın hər hansı bir hissəsinə qayıtmaq istəyirəm, amma hiss eləyirəm ki, bunu eləyə bilmərəm.

Bu cür hallar tez-tez baş verir, amma yəqin mən onlara görə başqa yazıçılardan az əziyyət çəkirəm – əgər ara verdiyim yerdən davam etdirə bilmirəmsə, onda hər vaxt geri dönə, romana başqa yolla daxil ola, onu başqa fəsildən davam etdirə bilərəm: axı xəritəmə diqqətlə baxıram.

Bu o qədər də vacib deyil.

Amma ötən payız, bəzi siyasi xarakterli problemlərin həlliylə məşğul olanda yenidən çətin dəqiqələr yaşadım, başa düşdüm ki, yazmağa davam eləyə bilmirəm, hiss elədim ki, romanın yazılmasına da təsir eləyən bir şey tapdım. Aydınlaşdırmağa çalışım.

Mənə qarşı qaldırılan məhkəmə işi, düşdüyüm siyasi vəziyyət məni olduğumdan daha «siyasi cəhətdən fəal», «ciddi», məsuliyyətli elədi. İcazənizlə, bunu təbəssümlə xatırlayım – işlərim bərbadıydı, ruhi vəziyyətim ondan da bərbadıydı, ona görə, özümdə iş üçün zəruri olan uşaq sadəlövhlüyü hiss eləyə bilmədim…

Hər şey aydındı, o qədər də təəccüblənmədim.

Hər şey bitəndən sonra, öz-özümə deyirdim, təzədən ötəri «qayğısızlıq» hissi, uşaq kimi oynamaq, uşaq kimi gülmək bacarığı qazanacağam, artıq üç ildən bəri üzərində işlədiyim romanı bitirəcəyəm.

Bununla belə, hər səhər İstanbulun on milyonlarla sakini yuxudan oyanmamışdan qabaq massa arxasında otururdum, səhərlə əvəzlənən gecənin sükutunda yarımçıq romana təzədən girməyə çalışırdım.

Özümü məcbur eləyirdim, çox sevdiyim gözəl aləmə daxil olmağa cəhd göstərirdim.

Nəticədə şüurumdan romanın parçalarını çıxara, onları görə bildim… Amma o üzərində işlədiyim roman deyildi, o tamam başqa hekayənin səhnələriydi.

Həmin qüssəli, tutqun günlərdə hər səhər mənə daha çox tamam başqa bir kitabın səhnələri, cümlələri, qəhrəmanları, qəribə təəssüratları baş çəkirdilər… Tezliklə bu yeni romanın parçalarını dəftərimə yazmağa, əvvəllər sezmədiyim təfərrüatları dəftərimə qeyd eləməyə başladım.

Bu roman artıq ölmüş müasir rəssamın tablolarından söhbət açmalıydı.

Həmin rəssamı təsəvvür elədiyimdən, çəkdiyi tabloları da xəyalımda canlandırırdım.

Bir müddətdən sonra o kədərli günlərdə niyə qayğısızlığın uşaq duyğusuna qayıda bilmədiyimi anladım.

Mən uşağın duyğularını xatırlaya bilmirdim, yalnız öz uşaqlığımı, rəssam olmağı (Bu barədə «İstanbul» kitabımda söz açmışam) arzuladığım, elə hey rəsm çəkdiyim o günləri xatırlaya bilirdim, sonra mənə qarşı məhkəmə araşdırılmasına xitam verildi, mən də artıq üzərində üç ildən bəri işlədiyim «Məsumiyyət muzeyi» romanına qayıtdım.

Hər halda səhnələri bir-birinin dalınca mənə ayan olan həmin romanı nə vaxtsa yazmağı planlaşdırıram. Bu təcrübə roman yazmağın sirli sənətində ruhi mövcudluğun bəzi məqamlarının necə rol oynadığını mənə göstərdi.

Mən böyük ədəbi tənqidçi və ədəbiyyatşünas Volfhanq İzerin dühası sayəsində yaranmış «ehtimal olunan müəllif» anlayışından istifadə eləyib, onu azacıq öz məqsədimə uyğun dəyişdirib bunu izah eləyə bilərəm.

İzer oxucuyla bağlı parlaq nəzəriyyə işləyib hazırladı.

O, dedi ki, oxuduğumuz romanın mənası mətnin özündə, yazı mühitində yox, bir aralıq ölçüsündədi.

İzerə görə, kitabın mənası onu oxuyanda yaranır, «ehtimal olunan oxucu» barədə danışıb, bu vacib funksiyanı məhz onun ayağına yazır.

Mən üzərində işi davam etdirdiyim kitab əvəzinə tamamilə başqa kitabın səhnələrini, cümlələrini, təfərrüatlarını xəyalımda canlandıranda məhz bunu xatırladım, düşündüm ki, hələ yazılmamış, amma artıq düşünülmüş planlaşdırılmış kitabın (mənim yarımçıq kitabım da daxil olmaqla) ehtimal olunan müəllifi olmalıdı.

Beləliklə, kitabı yalnız ehtimal olunan müəllif olanda bitirə bilərdim!

Amma siyasi problemlərin, məişət məsələlərinin həlliylə məşğul olduğum bir vaxtda fikirləşdiyim kitabın nəzərdə tutduğu yazıçı ola bilmirdim.

Məhkəmə araşdırmasının getdiyi o qarışıq, kədərli günlərdə mən də çox yazmaq istədiyim kitabımın nəzərdə tutduğu müəllif ola bilmirdim.

Sonra hər şey bitdi, mən öz romanıma – 1975-ci illə bu günümüz arasında varlı İstanbul ailəsində, yaxud qəzetlərin ifadə elədiyi kimi, «kübar İstanbul ailəsində» baş verən əhvalata, təzədən dönməyi çox arzuladığım əvvəlki hala qayıtdım.

Həmin romanı tezliklə bitirəcəyim barədə fikirləşəndə özümü çox xoşbəxt hiss eləyirəm.

Amma çox vacib təcrübə qazanıb başa düşdüm ki, əslində bütün bu otuz il ərzində özümü yazmaq istədiyim kitabın ehtimal olunan müəllifi olmağa həsr eləmişəm.

Ola bilsin, həmişə qalın, ciddi, iddialı kitablar yazmaq istədiyimdən və ləng yazdığımdan, mənim vəziyyətimdə bu xüsusilə vacibdi.

Kitabı təsəvvür eləmək çətin deyil. Mən bunu tez-tez eləyirəm, tez-tez özümü başqa adam kimi təsəvvürümdə canlandırırıam.

Xəyalınızda canlandırdığınız kitabın ehtimal olunan müəllifi olmaq çətindi.

Amma şikayətlənmək istəmirəm. Bir halda ki, yeddi roman yazıb çap etdirmişəm, bundan ötrü də müəyyən səy göstərmək lazımıydı, xəyalımın kitabının müəllifi ola biləcəyimi inamla deməyə hazıram.

Artıq yazdığım kitabları keçmişdə qoyduğum kimi, onları yaza biləcək müəlliflərin kabuslarını da keçmişdə qoymuşam.

Yeddi «ehtimal olunan müəllifin» hamısı mənə çox oxşayırlar, otuz il ərzində dünyanın və həyatın necə göründüyünü öyrəniblər, onlara İstanbuldan, mənim pəncərəmə oxşayan pəncərədən baxanda bu həyatı içəridən tanıyırlar, ona inanırlar, onun haqqında uşaq ciddiyyətiylə, məsuliyyətilə söz aça bilirlər.

Çox ümid eləyirəm ki, hələ otuz il də roman yaza bilərəm, bu bəhanəylə başqa adamların maskası altında başqa həyatlar yaşamağı bacararam.

Çevirəni Nəriman Ədülrəhmanlı
www.kultaz.com

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG