Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:46

Seks videosu müxalifətə qarşı kampaniyaya çevrilib


Siyasi satirala ustası və seks videosu qəhrəmanlarından biri Viktor Şenderoviç
Siyasi satirala ustası və seks videosu qəhrəmanlarından biri Viktor Şenderoviç
BİR AYDA İKİ GİZLİ VİDEO

Son bir ayda ikinci dəfədir ki, İnternet izləyiciləri Rusiya müxalifətinin liderlərinin gizli kamera ilə çəkilmiş videolarını izləməyə dəvət edilir.

Aprelin 23-də İnternetə yerləşdirilmiş altı dəqiqəlik videoda müxalifətin üç liderinin eyni mənzildə, eyni qadınla sekslə məşğul olduqları gorsənir.

Həmin adamlardan biri tanınmış satirik, AzadliqRadiosunun rus xidmətinin verilişlərindən birinin aparıcısı Viktor Şenderoviçdir.

İkincisi, millətçi Qanunsuz İmiqrantlara Qarşı Hərəkatın rəhbəri Aleksander Potin, üçüncüsü isə Milli Bolşeviklərin lideri Eduard Limonova oxşayır.

Keçən ay YouTube portalına yerləşdirilən videoda isə "Newsweek" jurnalının redaktoru Mixail Fişmanın, müxalifət fəalı İlya Yaşinin və siyasi təhlilçi Dmitri Oreşkinin ayı-ayrılıqda yol polisinə rüşvət verdikləri göstərilirdi. Başqa bir videoda Fişmanın bir binanın arxasında sonuncu videodakı qadınla dolaşdığı göstərilir.

ŞENDEROVİÇ VİDEODA ÇƏKİLƏNLƏRİ BOYNUNA ALIR

Şenderoviç özünün internetdəki bloqunda videoda görünənlərin həqiqət olduğunu deyib. Evli və bir qız atası olan Şenderoviç AzadliqRadiosuna müsahibəsində vəziyyəti bu cür izah edir:

- Son 10 ildə mən özüm haqqımda çox yalanlar eşitmişdim. Ağlasığmaz miqdarda gəlirlərim, başqa ölkənin vətəndaşı olmağım, Berezovski ilə əlaqələrim, sifarişlə işləməyim və s. barədə ittihamlar eşitmişdim. Amma son 10 ildə onlar deyəsən, yeganə doğru olan bir şeyi tapıblar.
Milli Bolşeviklərin lideri Eduard Limonov

Satirik Viktor Şenderoviç 1990-cı illərdə məşhurlaşıb. Putin hakimiyyət başına gələnə qədər onun hazırladığı “Kuklı” verilişi olduqca məşhur olmuşdu.

İndi də Şenderoviç özü haqqında videoya görə hökuməti dövlət əmlakından sui-istifadə etməkdə suçlu bilir. Deyir ki, Rusiya bürokratları vətəndaşın pulunu öz şəxsi mənafeləri üçün istifadə edirlər: “Bu kameralar hər kəsin yataq otağına, tualetinə quraşdırıla bilər”.

KATYANI MÜXALİFƏT LİDERLƏRİ İLƏ YATMAĞA KİM GÖNDƏRİR?

Şenderoviç bildirir ki, bu video onun Katya adında bir qadını ifşa etdiyi üçün ortaya atılıb. Bildridiyinə görə ondan əvvəl Yaşin bir qadının Moskvanın mərkəzində mənzillərdən birində müxalifət fəallarına narkotik maddələr və seks təklif etməklə məşğul olduğunu aşkar edib.

Yaşin özü də həmin mənzildə amma Katya ilə deyil, başqa bir qadınla cinsi əlaqədə olduğunu etiraf edib. Amma İnternetdə yayılan son videoda bu haqda bir şey yoxdur. Yaşin yalnız əvvəlki videoda yol polisinə rüşvət verən zaman çəkilən videoda görünür.

O, əmindir ki, onun da seks səhnələri videoya çəkilib. Amma görünür, düşünüblər ki, o, gənc və subaydır, belə videolar onun nüfuzuna təsir edə bilməz, ona görə həmin videonu internetə çıxarmayıblar.

Yaşin bildirib ki, prokurorluğa müraciət edərək bu videoların araşdırılmasını və onları təşkil edən Kremlə yaxın adamların cəzalandırılmasını tələb edəcək:
"Newsweek" jurnalının redaktoru Mixail Fişman

- Mən əminəm ki, bu təxribatların arxasında birbaşa Rusiya hökumətinə yaxın olan adamlar dayanır. Hətta, konkret adamlar var ki, məhz onlar bu işlə bağlı istintaqa cəlb edilməlidirlər. Bunlar Kreml rəsmisi Vladislav Surkov və Kremlin nəzarətində olan “Naşi” gənclər təşkilatının keçmiş lideri Vasiliy Yakemenkodur. Mən şəxsən əminəm ki, bu işin araxsında onlar dayanır və baş prokurorluq onları istintaqa çəkməlidir.

“Naşi” bu işdə əli olması barədə ittihamları rədd edib. Kremldən də məsələyə şərh etməkdən imtina ediblər, yalnız bildiriblər ki, ittiham gülüncdür.

BELƏ VİDEOLAR KİŞİ SİYASƏTÇİLƏRƏ QARŞI "MATERİAL" DEYİL

Ekspertlər bu cür videoların orada göstərilən adamların nüfuzuna çox da ciddi təsir etməyəcəyini düşünürlər. Moskvadakı “Panorama” təhlil qrupunun rəhbəri Vladimir Pribovski hesab edir ki, kişilər üçün bu cür videolar o qədər də təhlükəli deyil:

- Şenderoviçi sevməyənlər bu videoya görə ona sataşacaqlar, vəssalam. Onun kimi adamlara, kişilərə qarşı bu ifşaedici material deyil. Bəlkə qadınlar haqqında belə şeylər onların imicinə ciddi təsir edə bilər.

Özünün videobloqunda Şenderoviç zarafatla bildirib ki, özünü aldadılmış kimi hiss edir. Çünki hökumət onu bir deyil, bir neçə qızla seksə qonaq etməli idi.

Rusiyada çap olunan "Newsweek" jurnalının naşiri Axel Springer də redaktoru Fişmanı müdafiə edib. Bildirib ki, o, “şəxsi həyata müdaxilə edən yalanlar və təxribatlar üzərində qurulmuş bir qarayaxma kampaniyasının qurbanıdır”.
Müxalifət fəalı İlya Yaşin

RƏSMİLƏR HAQQINDA VİDEOLAR CƏMİYYƏTƏ DAHA MARAQLI OLACAQ

İndi Moskvada siyasi çevrələrdə bir təlaş da dolaşır ki, bu gedişlə həmin məzmunda daha çox video İnternetə ayaq aça bilər.

Şenderoviç isə onda daha başqa məlumatların da olduğunu iddia edir:

- Kokain, qızlar, seks oyuncaqları ilə yanaşı gözdənsalmanın bir şantaj mərhələsi də var. Mənim etibar etdiyim mənbələrin məlumatına görə bunu təşkil edənlərin menyusunda başqa videolar da var. Hökumət rəsmilərinin özləri haqqında İnternetə yayılan bu cür videolar yəqin ki, cəmiyyətə daha maraqlı olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG