Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

Əks diaqnozlar...


Taleh Nurməmmədov
Taleh Nurməmmədov
Bakı şəhəri Nərimanov rayon sakini Şəfa Allahverdiyev deyir ki, 16 yaşlı nəvəsi Taleh Nurməmmədova 12 il əvvəl - 4 yaşında olarkən Respublika Uşaq Klinik Xəstəxanasında irsi qan xəstəliyi diaqnozu qoyulub. İndi nəvəsi həqiqi hərbi xidmətə çağırıldığından bu xəstəliyin təsdiqlənməsi üçün Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edib. Lakin ona xəstəxanadan bildiriblər ki, Taleh Nurməmmədovda belə bir xəstəlik yoxdur:

«Bu uşaq sağlam idisə, niyə belə bir diaqnoz qoyulub? 12 ildir bu uşaq irsi qan xəstəsi kimi müalicə olunur. Heç bu uşağa biz sünnət toyu belə etməmişik».

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi İsgəndər Bağırov isə deyir ki, Taleh Nurməmmədov tam sağlamdır:

«Bu adamda yoxdur bu xəstəlik. Sağlam adamı biz əsgərlikdən saxlaya bilmərik».

BƏS DİAQNOZU KİM QOYUB?

«Mən öz işimə cavabdehəm. O vaxt kim diaqnoz qoyub, niyə qoyub, bizdə məlumat yoxdur. Fakt odur ki, qoyulan diaqnoz bu gün öz təsdiqini tapmır. O xəstəlik irsi xəstəlikdir, ömrün axırına qədər daşınır. Bu uşaqda belə bir xəstəlik olubsa, deməli ömrünün axırına qədər də olmalıdır».

Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimi Fərhad Mehtiyev isə deyir ki, xəstəxanada qoyulan diaqnozun səhv olması barədə fikirlər əsassızdır:

Azər Nağıyev
«Uşağa diaqnoz bizim xəstəxananın professoru Tamara həkim tərəfindən qoyulub və 13 yaşına qədər bizim xəstəxanada müalicə olunub».

Hüquqşünas Azər Nağıyev deyir ki, mübahisə alternativ tibb müəssisəsində diaqnoz yenidən yoxlanılmaqla həll edilə bilər:

«Alternativ tibb müəssisəsinə, özəl tibb mərkəzlərinə müraciət edib cavablar yenidən yoxlanıla bilər. Cavablar ziddiyyətlidirsə, məhkəmə qərar verməlidir ki, bu insanın diaqnozu nədir və bu diaqnozla onu hərbi xidmətə aparmaq olar, olmaz».

Azər Nağıyev deyir ki, diaqnoz öz təsdiqini tapmayacağı təqdirdə diaqnozu qoyan tibb müəssisəsinə qarşı məhkəmədə maddi və mənəvi zərərə görə iddia qaldırmaq olar.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG