Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:58

İlham Namiq Kamal: «Çox ayıb olsun»


İlham Namiq Kamal
İlham Namiq Kamal
«Bizdə məmurluq o qədər yüksəkdə olub ki, sənət adamlarını alçaldılma vəziyyətində saxlayırlar».

Aktyor İlham Namiq Kamal belə deyib. «İşdən sonra»da güldürən aktyor Telman Adıgözəlovun dostları xatirələrini bölüşüblər.

İlham Namiq Kamal deyib ki, minlərlə tamaşaçıların Telman Adıgözəlovu ziyarət etməsi üçün heç bir şərait yaradılmaması sənət adamlarına, xalq artistlərinə təhqirdir:

- Bu gün bizim Telmanı itirməmiz Azərbaycan televiziyası-radiosu üçün zərbədir. Çünki onsuz da yetişən aktyorları qorumaq çətindir. Bizi çox təsirləndirən xoşagəlməyən hadisələrdən biri minlərlə tamaşaçıların onu ziyarət etməsi üçün heç bir şərait yaradılmaması idi. Bizdə məmurluq o qədər yüksəkdə olub ki, sənət adamlarını alçaldılma vəziyyətində saxlayırlar. Mən bir kəlmə söz deyirəm, ayıb olsun. Çox ayıb olsun. Bu son hadisə tək məni yox, sənət adamlarını da heyrətləndirdi ki, adi vidanı təşkil etmədilər. İmkan verilmədi ki, heç olmasa Aktyorlar Evində vida təşkil edilsin.

İlham Namiq Kamal deyib ki, Telman Adıgözəlovu itirmək sənət adamları üçün gözlənilməz olub, çünki o heç vaxt içki içməyibmiş:

- O, bir dəfə də xəstəlikdən şikayət etməyib. Dünən tələbələri ilə auditoriyada rəqs edirdi. Heç kim bu hadisəni gözləmirdi. Ona görə bunu təəccüblü hadisə kimi qarşıladıq. Telman heç vaxt dilinə içki də vurmayıb. İnsan düz olmalıdır. Düz sözü deməyi bacarmalıdır. Telmanın da qəlbində bu var idi, kövrək, alicənab insan idi.

Aktrisa Həmidə Ömərova da Telman Adıgözəlovun həssas olmasından danışıb:

- Biz insan itirdik. Elə bir insan ki, adama gözləri ilə təsəlli verirdi. Hər bir aktyorla, hər bir insanla, tanışı ilə, yoldaşı ilə ümumi dil tapa bilirdi. Ona görə xalqın sevimlisi idi. Adi bir sözlə insana ruh verirdi. Komik aktyorların çoxu ölümləri ilə xalqımızı heyrətləndiriblər. Telmanın ölümü hələ də nonsens kimi səslənir mənim üçün. İnanmaq olmur ki, Telman bu gün aramızda yoxdur. Ürəyindən şikayət etmirdi, bəlkə də axır vaxtlar nəsə olub.

PROQRAMI DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG