Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Sahibkar: «Az qala bütün strukturlar yoxlama aparır»


Bədrəddin Quliyev
Bədrəddin Quliyev
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı fərman imzalayıb. Fərmanda deyilir ki, aparılan yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısı alınmalı, şəffaflıq təmin olunmalıdır.

Fikirlərini öyrəndiyim sahibkarlar deyirlər ki, yerli-yersiz aparılan yoxlamalar prezidenti bu fərmanı imzalamağa vadar edib. Tacirlər və İstehsalçılar Birliyinin prezidenti Sevgim Rəhmanov bildirir ki, əslində bu yoxlamalar korrupsiyanın genişlənməsinə şərait yaradır ki, bu da prezidentin diqqətini çəkib:

YOXLAMALARIN ÇOXU RÜŞVƏT ALMAQLA QURTARIR

«Yoxlamaların çoxu rüşvət almaqla qurtarır. Yerindən duran girir obyektlərə yoxlayır. Adını da qoyur istehlakçıların hüquqlarının müdafiəsi. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti var. Antiinhisarla məşğul olun də. Vaxtı keçmiş malı sən də yoxlayırsan, «sanepidemstansiya» da, rayon departamentləri də, qeyri-hökumət təşkilatları da. Nə qədər olar bu? Bu gün qanunsuz yoxlamaların bir səbəbi də odur k, sahibkarlar səslərini çıxarmırlar».

Bədrəddin Quliyev neçə illərdir sahibkarlıqla məşğuldur. Deyir ki, sahibkar o qədər lazımsız yoxlamalara vaxt ayırır ki, öz işi bir kənarda qalır:

AZ QALA BÜTÜN STRUKTURLAR YOXLAMA APARIR

«Az qala bütün strukturlar – kanalizasiya idarəsindən tutmuş daha yüksək qurumlara qədər, kimin əlində imkan varsa, budan istifadə edib yoxlamalar aparır. Əslində, bu yoxlamalar rüşvətə stimul yaradır».

Vidadi İsgəndərov
Sahibkarlar şikayətçi olduqları qurumlar haqqında məhkəmələrə müraciət etməkdən isə çəkinirlər. Hüquq müdafiəçisi Vidadi İsgəndərov deyir ki, ona onlarla belə şikayət daxil olur. Bu işlərin hüquqi qiymət almamasının səbəbi isə məhkəmələrə inamsızlıqla bağlıdır:

SAHİBKARLARA HAQQ QOYURLAR

«Vergi, yanğından mühafizə, kanalizasiya, su idarələri sahibkarlara haqq qoyurlar. Məhkəmələrə ona görə şikayət etmirlər ki, məhkəmələrə inanmırlar».

İş adamları deyirlər ki, bundan əvvəl də prezidentin sahibkarlığın inkişafı ilə bağlı sərəncamları olub. Ancaq vəziyyət dəyişməyib. Ancaq onlar bununla belə indiki fərmanla bu sahədə inkişafın olacağına ümid etdiklərini də deyirlər.

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən isə məsələyə mövqe bildirmədilər. Gün ərzində telefon zənglərimizə, göndərdiyimiz elektron məktuba cavab verən tapılmadı.

Prezident İlham Əliyev bundan əvvəl də sahibkarlıq sahəsində əsassız yoxlamaların aradan qaldırılması ilə bağlı bir neçə fərman və sərəncamlar imzalamışdı. Keçən ay isə dövlət strukturlarını yersiz yoxlamaları dayandırmağa, sahibkarları isə fəal olmağa çağırmışdı.
XS
SM
MD
LG