Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:35

Elmlər namizədinin cəzası qüvvədə saxlanıldı


Aprelin 13-də Bakı Apelyasiya Məhkəməsində general Rail Rzayevin qətli ilə bağlı istintaqa yalandan məlumat verməkdə təqsirləndirilərək məhkum edilmiş şəxslərin apelyasiya şikayətinə baxılıb. Təqsirləndirilən şəxs Milli Elmlər Akademiyasının (AMEA) və Vergilər Nazirliyi Aparatının keçmiş əməkdaşı, iqtisadi elmlər namizədi Mirseyfəddin Məmmədovdur.

Məhkəmə iclasına hakim Sahibxan Mirzəyev sədrlik edib.

Mirseyfəddin Məmmədov Müdafiə Nazirliyi Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetiriləndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə yanlış məlumatlar verməkdə təqsirləndirilib. Onun verdiyi məlumatlar əsasında Rail Rzayevin qətli ilə əlaqədar 100-dən çox şəxs istintaqa cəlb olunaraq şübhəli şəxs qismində dindirilib. Lakin həmin şəxslərin Rail Rzayevin qətli ilə əlaqələri olmadıqları müəyyən edilib.

Digər ittihama görə, o, hüquq-mühafizə orqanlarına saxta imzalarla məktublar göndərərək ölkədə terror aktı hazırlandığını, bir qrup vəzifəli şəxsin öldürülməsinin planlaşdırıldığını bildirib. Bu məlumatlar da təsdiqini tapmayıb.

Yanvarın 22-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə elmlər namizədini 7 il müddətinə azadlıqdan məhrum edib.

Mirseyfəddin Məmmədov məhkəmə hökmündən apelyasiya şikayəti verib və ona bəraət verilməsini xahiş edib. Lakin apelyasiya instansiyası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.
XS
SM
MD
LG