Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

Onda bu yol qızıldan olacaq…


Bu yola əlavə 62 milyon manat ayrılıb
Bu yola əlavə 62 milyon manat ayrılıb
- 50 minim olsaydı, gedib ev alardım, kirayədə qalıram.

Bakıda dolanışığı taksi sürücülüyündən çıxan Dilavər Axundov üçün ən böyük pul elə bu qədərdir, çünki gecə-gündüz işləsə də, ailəsinin boğazından kəsib ev problemini həll edə bilmir. Amma eşidəndə ki, «Əzizbəyov» metrosu- Bakı Hava Limanı yolunun bir km-i təxminən 34 milyon dollara başa gələcək, gözü çıxdı kəlləsinə:

- Yəqin şüşə kimi olacaq bu yol. İçində qızıl var yəqin.

ƏLAVƏ 62 MİLYON MANAT

Söhbət tikintisinə ayrılan vəsaitə görə «Əlcəzirə TV»nin də diqqətini çəkən yoldan gedir. Hökumətdə adının açıqlanmasını istəməyən mənbənin AzadlıqRadiosuna verdiyi məlumata görə, Nazirlər Kabinetinin investisiya xərclərinin bölünməsiylə bağlı verdiyi sərəncamda bu yola əlavə 62 milyon manat ayrılıb.

Məlumatı dəqiqləşdirmək üçün yolun tikintisini həyata keçirən «Azvirt» şirkətiylə əlaqə saxladıq. Şirkətin özünü şöbə müdiri kimi təqdim edən əməkdaşı Misir Əliyev yolda işlərin yaxşı getdiyini və əlavə məlumat verə bilməyəcəyini dedi. O, bütün məlumatları sifarişçidən – Nəqliyyat Nazirliyindən almağımızı istədi. Ancaq nə Nəqliyyat Nazirliyinin mətbuat xidmətiylə, nə də «Azəryolservis» Səhmdar Cəmiyyətiylə əlaqə saxlaya bildik.

Ötən il bir kilometrinə 24 milyon dollar xərclənməsi ətrafında mübahisələr gedərkən, Nəqliyyat Nazirliyi və «Azəryolservis» rəhbərliyi bildirmişdi ki,
Zöhrab İsmayıl
bu məbləğə köçürmələr zamanı sakinlərə verilən kompensasiyalar, yol ətrafında görülən işlər və yolun bir km-nə çəkilən vəsait təsir edib.

HƏR KİLOMETR 27 MİLYON MNATA

Son 5 ildə Bakı aeroport yoluna üst-üstə 300 milyon manata yaxın vəsait ayrılıb, sonuncu ayırma isə bu məbləği daha da artırıb. Yolun uzunluğu təxminən 13 km-dir. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılın fikrincə, bu isə hər kilometrin təxminən 27 milyon manata və ya 34 milyon dollara başa gəlməsi deməkdir.

Ekspertin sözlərinə görə, 2010-cu il üzrə dövlət investisiya xərclərinin bölüşdürülməsiylə bağlı Nazirlər Kabinetinin sərəncamı QHT-lərin əlində yoxdur:

-Olsaydı, daha detallı məlumat verə bilərdik. Amma bu yolda bir il əvvəl bütün işlər başa çatıb. Buna baxmayaraq, büdcədən vəsaitlərin ayrılması davam edir. Düzdür, Mərdəkana gedən hissədə müəyyən təmir işləri aparılır. Amma layihə olaraq «Əzizbəyov» metrosu – Hava Limanı götürülürsə, bu, başa çatıb.

Millət vəkili Nazim Məmmədov isə deyir ki, o, bu vəsaitin təkcə «Əzizbəyov» metrosu - Bakı Hava Limanına gedən yola xərclənəcəyi fikrində deyil. Onun sözlərinə görə, bu vəsaitə həm də yol qovşaqları və başqa təmir-bərpa işləri aparılacaq:

DEYƏ BİLMİRƏM, ÇOXDUR, AZDIR

- Təbii ki, orda köçürmələr, kanalizasiya, yolun üzərindəki körpülər, keçidlər, su ola bilər. Layihədən layihəyə fərq var. Əlimdə konkret layihə olmadığı üçün detallı danışa bilmirəm. Amma aeroport yolunu əvvəl də getmişəm, indi də gedirəm, o keçidləri, körpüləri görürəm.
Nazim Məmmədov
Deyə bilmirəm, çoxdur, azdır, hər halda bir müqayisəli rəqəmlər olsaydı, təhlil aparmaq olardı.

HƏR İKİ LAYİHƏ FƏRQLİDİR

Nazim Məmmədovun zənnincə, bu vəsait Hava Limanına gedən yolun davamının çəkilməsinə xərclənəcək. Amma Zöhrab İsmayıl deyir ki, hər iki layihə fərqlidir və Nazim Məmmədovun nəzərdə tutduğu layihəyə, yəni Hava Limanından Mərdəkana gedən yola ötən il 70 milyon manat ayrılmışdı. AzadlıqRadiosuna hökumətdən adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Nazirlər Kabinetinin investisiya bölgüsüylə bağlı sərəncamında aeroport -Mərdəkan-Bilgəh yoluna 180 milyon manat ayrılıb.

Milli Büdcə Qrupunun ekspertləri isə deyirlər ki, sözügedən yol boyu nəzərdə tutulan infrastruktur üçün əlavə vəsaitlər ayrılıb. Onların fikrincə, yol boyu yerüstü keçidlər yola çəkilən xərcə təsir edə bilər, amma bu keçidlərin də hər birinin dəyəri 1,5 milyon manatdan çox olmaz deyə, artıq çəkilmiş bir yola yenidən 62 milyon manat ayrılması suallar doğurur.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, dünyada qızılın qiymətilə bu yola çəkilən vəsaiti müqayisə etsələr, onda Əzizbəyov-Bakı Hava Limanı yolu qızıl pərdəylə örtülməlidir, əks halda məbləğin şəffaflığıyla bağlı kifayət qədər ciddi müzakirələr başlayacaq.

Elə millət vəkili Nazim Məmmədov da düşünür ki, sifarişçi və icraçı şirkət rəhbərliyi gördüyü işlər barədə ətraflı məlumat verməlidir ki, əsassız söz-söhbətə yer qalmasın.

Dünyada ən bahalı yolların bir kilometri təxminən 10-12 milyon dollara başa gəlir.
XS
SM
MD
LG