Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Göyçayda aksiya


Göyçayda etiraz
Göyçayda etiraz
Aprelin 11-də Göyçay rayonunda bir qrup rayon sakini etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının AzadlıqRadiosuna dediyinə görə, etiraza səbəb rayon sakini Ədalət Məsimovun 20 ilə yaxın istifadəsində olan 10 sota yaxın torpağın ondan xəbərsiz başqa bir adama satılmasıdır. Ətrafda yaşayan digər rayon sakinləri də sözü gedən torpaq sahəsinin uzun müddətdən bəri məsimovlar ailəsinin istifadəsində olduğunu təsdiqləyərək ərazinin başqa bir adama verilməsinə imkan verməyəcəklərini bildiriblər. Ədalət Məsimovun dediyinə görə, onlar ötən illər ərzində həmin torpağa görə bələdiyyəyə ilbəil vergi ödəyiblər və bunu təsdiqləyən sənədlər də var.

Uzun müddət həmin torpağın onlara verilməsi üçün icra hakimiyyəti və bələdiyyəyə etdikləri müraciətlərə hər dəfə mənfi cavab aldıqları halda torpağın başqa bir adama satıldığı üzə çıxıb:

«Əgər bələdiyyə torpağı satırdısa onda ilk növbədə həmin torpaq bizə təklif edilməli idi. Mən atamın himayəsində qalıram, on ildir icra hakimiyyətinə müraciət edirəm ki, həmin torpaq mənə verilsin, amma icra hakimiyyətində deyirlər torpağı biz yox, bələdiyyə verə bilər, gedirəm bələdiyyənin yanına, bələdiyyə də deyir rayonda torpaq işinə icra hakimiyyəti baxır».

«Niyə torpaq biz istəyəndə bizə verilmir, amma rüşvətlə kiməsə satılır».
Ədalət Məsimovun iddiasına görə, onlara verilməyən torpaq Ucar rayonundan olan bir sahibkara 40 min manata satılıb və o ərazidə ticarət mərkəzi tikmək istəyir:

«Niyə torpaq biz istəyəndə bizə verilmir, amma rüşvətlə kiməsə satılır».

Bu il martın 1-də bələdiyyə sədri Azad Mahmudovun imzasıyla həmin ərazidə torpaq istəyən Məsimovlar ailəsinə verilən cavabda bildirilir ki, «verilməsini tələb etdiyiniz ərazi bələdiyyənin alqı-satqı ərazisi deyil».

Bələdiyyə sədrinin məktubunda həmçinin bildirilir ki, şəhərdə boş torpaq sahəsi olmadığı üçün torpaq tələbinin ödənilməsi imkan xaricindədir.

Amma Göyçay rayon bələdiyyəsinin sədri Azad Mahmudov martın 1-də Məsimovlar ailəsinə verdiyi cavabdan fərqli olaraq AzadlıqRadiosuna ərazinin bələdiyyəyə məxsus olduğunu deyib. Əvvəlcə həmin torpağın kim tərəfindən verilməsinin elə də əhəmiyyətli bir məsələ olmadığını bildirən bələdiyyə sədri daha sonra etiraf eləyib ki, kənar adam həmin ərazini bələdiyyədən çoxdan alıb. Bələdiyyə sədrinə görə, indi etiraza səbəb torpaq sahibinin həmin ərazidə nə isə tikmək istəməsi olub.

Martın 1-də Məsimovlar ailəsinə göndərdiyi rəsmi məktubda boş torpaq sahəsi olmadığından onların torpaq tələbinin yerinə yetirilməsinin imkan xaricində olduğu bildirən bələdiyyə sədri Azad Mahmudov AzadlıqRadiosuna deyib ki, bütün hallarda bələdiyyə narazı qalan ailəni torpaqla təmin edəcək:

«O ərazi bələdiyyənindir, həmin ailə də orda ev tikdirmək üçün yaşayış sahəsi istəyir. Biz o məsələni yoluna qoyacağıq. O tarpağı başqa adama kim verib, necə verilib o yer çoxdan alınıb, indi orda nə isə tikdirmək istəyir. Amma həmin ərazidə çayın kənarında 20-30 sot boş yer var və həmin ailəyə ordan yer veriləcək».
XS
SM
MD
LG