Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

“Total” neft şirkəti rəsmilərə rüşvət vermək ittihamı ilə üzləşib


“TOTAL” SƏADDAM HÜSEYNLƏ DİL TAPIBMIŞ?
Paris məhkəməsində Fransanın enerji nəhəngi olan “Total” şirkətinin xarici ölkələrin rəsmilərinə rüşvət verməsinə dair iddiaların araşdırılması barədə qərar verilib. İddialara görə şirkət İraq, Rusiya kimi ölkələrdə gəlirli layihələr əldə etmək üçün əl altından milyonlarla dollar pul xərcləyib. 1990-cı illərdə BMT-nin İraqa tətbiq etdiyi “neft əvəzinə ərzaq” proqramını pozub. Başqa bir iddiaya görə “Total” tanınmış adamlar vasitəsilə İraqa Fransa hökumətində əlaqələr tapmağa kömək edib, əvəzinə də neft alıb.

Fransa qanunlarına görə ilkin iddiaların irəli sürlməsi o deməkdir ki, müstəntiqlərdə çox ciddi dəlillər var və daha geniş araşdırma üçün onlara vaxt verilir.

İŞİN TƏZƏLƏNMƏSİ VƏKİLƏ QƏRİBƏ GÖRÜNÜR

“Total” şirkəti aprelin 6-da yaydığı təsmi məlumatda belə bir məhkəmə istintaqı ilə üzləşdiyini təsdiq edib. Amma onu da qeyd edib ki, “bütün bu iddialar tam əsassızdır. Biz məhkəmənin yekununda hansı qərar olacağına və Totalın həmin iddialardan tam təmizlənəcəyinə əminik.”

Total şirkətinin vəkili məhkəmənin qərarını tənqid edib. O, bildirib ki, bu məzmunda araşdırmalar hələ 2007-ci ildə sübutlar olmadığından dayandırılmışdı.

Vəkilin dediyinə görə elə keçən ilin sentyabrında da prokuror həmin ittihamlar üzrə sübutlar olmadığından “Total” şirkətinin icraçı direktoru və səkkiz başqa işçisinə qarşı iddiaların dayanbdırlmasına çağırıb: “İşdə heç bir yeni element olmadığı halda təzə hakimin sənədləri təzədən oxuyub araşdırma barədə göstəriş verməsi olduqca qəribədir. Çünki bu ittihamlar üzrə araşdırma təzəcə dayandırılıb.”

İRAQDA HUMANİTAR YARDIMI RƏSMİLƏR YEYİRMİŞ?

64 milyard dollarlıq neft əvəzinə ərzaq proqramı BMT-nin tarixində ən irimiqyaslı humanitar proqram olub.

BMT də bu proqramın icrasının araşdırılması barədə göstəriş vermişdi. Həmin araşdırmanın 2005-ci ildə elan edilmiş nəticələrinə görə dünyanın 40 ölkəsindən 2200 şirkət Səddam Hüseyninin rejimi ilə dil taparaq 1.8 milyard dollarlıq humanitar yardımı mənimsəmişdi.

1996-2003-cü illəri əhatə edən proqramda Səddam Hüseynə yalnız ərzaq və başqa humanitar məqsədli vasitələr almaq üçün neft satmağa imkan verilirdi. Bu qadağa İraqa onun Küveytə hərbi müdaxiləsinə görə tətbiq edilmişdi.

“TOTAL”IN AZƏRBAYCAN NEFTİNDƏKİ PAYI

“Total” şirkəti 1996-cı ildə Azərbaycanda da neft hasialatı sahəsinə qoşulub. Şirkət Azərbaycanın Şahdəniz yatağında 10 %, Cənubi Qafqaz Qaz Kəmərində 10 %, Bakı-Tbilisi-Ceyhan kəmərində 5 % paya sahibdir.

“Total” 2009-cu ildə isə Dövlət Neft Şirkəti ilə Abşeron blokunun işlənməsi üzrə müqavilə imzalayıb və orada 60 % paya sahib olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG