Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 04:10

Parlamentdə MSK-dakı boş yerlər söhbəti


Milli Məclis
Milli Məclis
Parlament seçkilərinə qədər vaxt daraldıqca yenə seçkilər ərəfəsi yaşanan hadisələrin, mübahisə və müzakirələrin təkrarı özünü büruzə verməyə başlayır.

Milli Məclisin iclaslarında yenə də Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi məsələsi müzakirə mövzusuna çevrilməkdədir. Son iclasda əvvəlcə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, onun ardınca isə BAXCP-nin sədri Qüdrət Həsənquliyev diqqəti bu məsələyə yönəldib seçkilərədək MSK-da boş qalan yerlərin parlamentin azlıqda olan digər partiyalarına verilməsini zəruri saydılar.

Fazil Qəzənfəroğlu deyir ki, artıq parlament seçkilərinin vaxtı müəyyənləşib, amma hələ də MSK tam tərkibdə formalaşdırılmayıb. Milli Məclisdə təmsil olunan hakim partiya və bitərəflər MSK-da yerlərini tutsalar da, azlıqda olan partiyaların nümayəndələrinin 2 yeri hələ də boşdur:

BU YER ƏBƏDİ BOŞ QALMALIDIR?

«Açığı azlıqda olan partiyalar dedikdə nəyin nəzərdə tutulduğu anlaşılmır. Yəqin bu 2 yer Müsavat Partiyası üçün nəzərdə tutulmuşdu. Partiya imtina elədi, ya başqa səbəblərdən orada iştirak etmədi. Deməli, bu yer əbədi boş qalmalıdır? Azlıq yalnız Müsavat Partiyasına aid deyil ki? Parlamentdə digər partiyaların təmsilçiliyi məsələsi niyə həll olunmur? Bizim partiyalar da öz nümayəndələri ilə MSK-da təmsil olunmaq istəyirlər».

Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlunun sözlərinə görə, əgər həmin yerlər doldurulmasa, seçkilər zamanı ATƏT və digər təşkilatlar bu məsələni gündəmə gətirəcəklər. Deputat hesab edir ki, boş qalan yerlərin doldurulması seçkilərin imici baxımından da Azərbaycan üçün vacibdir.

2005-ci il seçkilərindən sonra parlamentə düşən Müsavat Partiyası MSK-nın tərkibinin formalaşdırılması prinsipini «ədalətsiz» adlandıraraq qurumda özü üçün ayrılan yerlərdən imtina etdi. Beləliklə, 18 nəfərlik komissiyada 2 yer boş qaldı. Bu yaxınlarda MSK sədrinin müavini Svetlana Qasımovanın vəfat etməsi isə qurumda daha bir yerin boşalmasına səbəb oldu. Ona görə də hazırda MSK-da 3 yer sahibsizdir. 3-cü yer YAP-a məxsus olduğu üçün o mübahisə obyekti deyil.

Digər yerlərin doldurulmasını zəruri sayan daha bir deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, hansısa partiyanın ərköyünlüyü və ya qəbul olunmayan siyasi şərtlər irəli sürməsi MSK tərkibinin tam şəkildə formalaşdırılmasına əngəl olmamalıdır.

BİR DAHA AZLIQDA OLAN PARTİYALARA MÜRACİƏT EDİLSİN

Hakim YAP-dan olan millət vəkili Siyavuş Novruzov da hesab edir ki, seçkilərə qədər MSK-nın tərkibi tamamlanmalıdır:

«Bir daha azlıqda olan partiyalara müraciət edilsin. Müsavat istəyər müəyyənləşər, istəməzsə, parlamentdə təmsil olunan partiyalar o yerlərə öz namizədlərini müəyyənləşdirərlər. MSK öz fəaliyyətini tam tərkibdə davam etdirir və Azərbaycanda azad, ədalətli, demokratik parlament seçkilərini həyata keçirir».

Siyavuş Novruzov
Bütün bunlar əlbəttə ki, parlamentdə azlıqda olan partiyaların heç də hamısının MSK-da təmsil olunmadığı anlamına gəlməməlidir. Çünki Ana Vətən, Vətəndaş Həmrəyliyi və Ümid partiyaları qurumda təmsil olunurlar. Baxmayaraq ki, onların MSK-dakı fəaliyyəti də müxalifət düşərgəsində birmənalı qarşılanmır.

BİZ BUNA GÖRƏ İMTİNA ETMİŞİK

Müsavat başqanı İsa Qəmbər isə deyir ki, onlar MSK təmsilçiliyindən imtina edəndə bunu əsaslandırıblar. Söhbət seçki komissiyalarının yenidən qurulmasından gedir. Özü də bunu təkcə real müxalifət yox, beynəlxalq təşkilatlar da məqsədəuyğun sayır:

«Söhbət seçki komissiyalarının hakimiyyətlə müxalifət arasında paritet əsaslarla qurulmasından gedir. Bəzən beynəlxalq təşkilatların ifadə etdiyi kimi, seçki komissiyalarının seçki prosesində iştirak edən bütün tərəflərin etimadını qazanması şərti ilə yenidən qurulması tövsiyəsi qüvvədə olubdur. Biz buna görə imtina etmişik».

İsa Qəmbər deyir ki, bu yaxınlarda ATƏT-in keçirəcəyi dəyirmi masalardan biri Seçki Məcəlləsinin təkmilləşdirilməsi və komissiyaların tərkibinin formalaşdırılmasına yenidən baxılması mövzusuna həsr olunacaq. Ona görə də hakimiyyət vəziyyəti dəyərləndirib düzgün qərarlar qəbul etməlidir.

İsa Qəmbər
Venesiya Komissiyası və ölkənin əksər müxalifət partiyaları şəffaf, demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinin təkmilləşdirilməsini vacib sayırlar.

Bununla bağlı təkliflər də hazırlanıb. Prezident Adminstrasiyası ictimai-siyasi söbəsinin müdiri Əli Həsənov isə bu günlərdə verdiyi müsahibəsində deyib ki, Seçki Məcəlləsinə dəyişiklik edilməyəcək. Bu məcəllə və MSK tərkibi ilə demokratik seçki keçirmək mümkündür.

DİQQƏT SƏBƏBƏ YETİRİLMƏLİDİR

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, əslində MSK-da yerlərin boş qalmasına, yaxud onları kimin tutacağına yox, Müsavat Partiyasının bu qurumda təmsilçilikdən niyə imtina etməsinə diqqət yetirilməlidir. Səbəb beynəlxalq təşkilatların tövsiyələri ilə üst-üstə düşür.

Anar Məmmədli düşünür ki, Müsavatdan başqa parlamentdə təmsil olunan digər partiyaların siyasi azlıq adına iddia etmələri də yersizdir. Çünki onların parlament seçkiləri zamanı mövcud olan seçki dairələrinin heç 5-dən 1-də də tam namizədləri yox idi.
Anar Məmmədli
«Siyasi azlıq» deyəndə isə parlament seçkilərində ölkə üzrə seçki dairələrinin böyük əksəriyyətində hakim siyasi partiya ilə rəqabət aparmış qüvvə nəzərdə tutulmalıdır. 2005-ci ilin parlament seçskilərində isə bu qüvvə Müsavat partiyasının da iştirak etdiyi «Azadlıq» bloku idi:

«Hazırkı Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyasının 2003-cü ildə açıqladığı tövsiyəni özündə ehtiva etmir. Həmin tövsiyədə seçki komissiyalarının tərkibinin qarşıduran siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması nəzərdə tutulurdu».

Anar Məmmədliyə görə, indiki seçki komissiyalarında YAP-ın mütləq üstünlüyü var. Bu üstünlüyü həm YAP-ın öz nümayəndələri, həm də parlamentdəki bitərəflərin təmsilçiləri təmin edir. O ki qaldı MSK-nın 2 yaxud 3 üzvünün olmamasına, qanun bir neçə üzvü olmadan da qurumun normal fəaliyyət göstərməsinə imkan verir.
XS
SM
MD
LG