Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

Qəbələdə etiraz aksiyası


Qəbələdə aksiya, aprel 2010
Qəbələdə aksiya, aprel 2010
Qəbələ rayonunda obyektləri və evləri sökülən yüzdən çox sahibkar və yerli sakin aprelin 3-ü və 4-də, iki gün dalbadal etiraz aksiyası keçiriblər. Aksiya iştirakçısı, sahibkar Emil Osmanov deyir ki, abadlıq adı altında davam edən sökhasök ötən ildən başlayıb və hələ də dayanmaq bilmir:

- Söküntü davam edir, hara xoşlarına gəlmir, sökürlər. Camaatın mülkünü sökürlər, həyətlərinə girirlər, nə bilim həyətin yarısını götürürlər, əvəzi ödənilmədən.

Sahibkarın sözlərinə görə, yoldan xeyli kənar olan 300 kvadratmetrlik obyekti söküntünün ilk qurbanlarındandır. Həmin vaxt polislər onu şöbəyə apardıqlarından narazılığını heç yerə çatdıra bilməyib. Ötən müddət ərzində müxtəlif ünvanlara etdiyi müraciətləri isə cavabsız qalıb:

2 MİN MANATLIQ AVADANLIQ QALDI SÖKÜNTÜNÜN ALTINDA

- Otuza yaxın polis məni apardı şöbəyə ki, guya mən hay-küy salıb camaatı yığaram. Polisdən gəldim gördüm, traktorla uçurub talan eləyiblər. Bir stəkanı belə götürə bilmədim. Sökdürmək o yana, obyektin içində soyuducu, televizor, bilyard stolları, hardasa 2 min manatlıq avadanlıq hamısı söküntünün altında qaldı.

Emil Osmanov bildirir ki, obyekti, evi, hasarı sökülənlər icra hakimiyyətinin qarşısına yığışsalar da, icra hakimiyyəti başçısı bildirib ki, o, bu ilin martına qədər, yəni rayona başçı təyin edilənə qədər sökülən obyektlərə cavabdeh deyil, sökülməli olan obyektlərin sökülməsi isə davam edəcək.

«YÜZ MİLYON FAİZ NƏ SÖKÜNTÜ OLUB, NƏ AKSİYA»

Qəbələ rayon İcra Hakimiyyəti başçısının köməkçisi Abdulla Əsədov isə hər şeyi təkzib edir - rayonda obyektlərin, evlərin sökülməsi barədə məlumatları da, icra hakimiyyəti qarşısında narazıların aksiya keçirməsini də:

- Yüz milyon faiz aksiya olmayıb, çünki mən burdan tərpənə bilmirəm, işləyən adamam.

- Deyirsiz rayonda da heç bir tikili, obyekt sökülmür?

- Xeyr, yüz milyon faiz!

Narazılıqlara baxmayaraq, söküntü işləri indi də davam etməkdədir
İcra başçısının köməkçisi söküntü və aksiyanı təkzib etsə də, rayonda abadlıq işlərinin həmişə aparıldığını deyir. Qaldı ki, yolların genişləndirilməsilə bağlı aparılan abadlıq işlərinə, icra başçısının köməkçisi deyir ki, o, ağacların əkilməsindən, küçələrin yuyulmasından xəbərdardır:

- Yazın gəlişilə əlaqədar hər yerdə abadlıq işləri aparılır, ağaclar əkilir, küçələr yuyulur, təmizlənir.

ADAMLARIN AKSİYAYA ÇIXMASI DÜZGÜN OLMAYAN QƏRARIN NƏTİCƏSİDİR

Helsinki Vətəndaş Assambleyasının Qəbələdəki nümayəndəsi Nazlı Ağayeva isə deyir ki, rayonda aparılan söküntü işlərini və bundan narazıların etirazını görməmək mümkün deyil. Rayonun özünəməxsus arxitekturasının tamamilə korlandığını deyən Nazlı Ağayevaya görə, narazılıqlara baxmayaraq, söküntü işləri indi də davam etməkdədir:

- Günün istənilən vaxtı buldozerlər şifahi xəbərdarlıqdan sonra camaatın hasarlarını sökürlər. Bax indi prokurorluğun yanında bir kişinin hamam, tualetini söküb töküblər küçəyə.

Hüquq müdafiəçisinə görə, bu söküntünün keçmiş və ya indiki icra başçısının göstərişiylə aparılmasının elə bir əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, insanların razılığı olmadan, əvəzi ödənilmədən mülkiyyət hüquqları pozulur. Nazlı Ağayeva deyir ki, əgər adamlarla məsələ razılaşdırılsaydı, dəyən ziyanın ödənilməsi məsələsi müzakirə edilsəydi, sahibkarların və digər zərərçəkənlərin etiraz aksiyasına əl atmasına heç ehtiyac da qalmazdı:

- Əgər mülkiyyət sahibləri ilə danışıqlar aparılsaydı, onlara hansısa miqdarda kompensasiya verilsəydi, mən inanmıram ki, kimsə icra hakimiyyəti qarşısında aksiya keçirməyə razı olardı.

İndiyə qədər 200-dən artıq obyekt sökülüb.

Ötən həftəsonu Qəbələdə etiraz aksiyası keçirən sahibkarlar icra hakimiyyətindən rayonda aparılan söküntü işlərilə bağlı aydın qərar verilməsini istəyiblər. Əks halda yeni aksiyalar keçirəcəklərini bildiriblər.
XS
SM
MD
LG