Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 16:22

Əli Kərimlinin "The Washington Post" məqaləsi


Əli Kərimli
Əli Kərimli
Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri («The Washington Post»)

Bir çox amerikalı ola bilsin Azərbaycanı zəngin neftinə ya da Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə tanıyır.

HAKİMİYYƏTİ MİRAS ALAN LİDERDƏN NƏ GÖZLƏYƏSƏN?

Martın 5-də Vaşinqton Post qəzeti iqtidar ailəsinin Dubayda 75 milyonlıq dəbdəbəli mülkü olan xalqı təsvir edib. Azərbaycanda çox az adam prezident İlham Əliyevin ailəsinin xaricdə əmlaka investisiya yatırması xəbərindən təəccüblənib. Saxta seçkilər yolu ilə hakimiyyəti atadan oğula miras almış liderdən başqa nə gözləmək olar?

Azərbaycanın demokratik müxalifəti Birləşmiş Ştatlardan müdaxilə, yaxud maliyyə yardımı istəmir. Bizə öz dəyərlərini müdafiə edən Amerikanın mənəvi dəstəyi lazımdır
Əliyevin müxalifət və müstəqil mətbuatı qəddarlıqla sıxışdırması 2003-cü ilin oktyabr ayından - onun seçil sonra başlayıb. Hakimiyyətin seçki vasitəsilə deyil, daha çox təhvil verilməsinə bənzər ötürülməsinə etiraz edən minlərlə azərbaycanlı həbs olunub və döyülüb.

ABŞ DA İLHAM ƏLİYEVİN «QƏLƏBƏSİNİ» TƏBRİK EDİB


Müxalifət tərəfdarları həbsxanada incidildiyi zaman ABŞ Dövlət katibinin o zamankı müavini Riçard Armitac Əliyevə zəng edərək onun seçkilərdə «tam qələbəsini» təbrik edib. Etirazın demokratiya səsləri polis dəyənəyinin zərbələrindən boğulub. Qərb qüvvələri gənc və mütərəqqi hesab etdiyi yeni liderlə işləməyə can atırdı.
Təxminən 2 ildən sonra 2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan demokratları yenidən Əliyevlərin avtoritar rejimini dəyişməyə qərar verdilər. Onlar Qərb ölkələrinin Gürcüstan və Ukraynada Qızılgül və Narıncı demokratik inqilablara dəstəyindən ruhlanmışdı. Əfsuslar olsun ki, hadisələr artıq tanış olan istiqamət üzrə cərəyan etdi:
Hökumət seçkinin nəticələrini saxtalaşdırdı; müxalifət etirazları dağıldı; bununla belə Vaşinqton saxtalaşdırılmış seçki nəticələrini təsdiqləyən Azərbaycan Konstitusiya Məhkəməsinin işini alqışladı.

AZƏRBAYCAN – FEODAL MALİKANƏSİ

Əliyev beynəlxalq ictimaiyyətin susqunluğundan yararlanaraq tarixi demokratik ənənələri olan ölkəni feodal malikanəsinə çevirib. Hökumət əsas müxalifət partiyalarını mərkəzdə yerləşən qərargahlarından çıxarıb. Müstəqil media da onun qəzəbinə tuş gəlib. Fikrini birbaşa deyən müxalif jurnal redaktorlarından biri 2005-ci ilin martında güllələnərək öldürülüb; bir neçəsi isə qondarma ittihamlarla ağır həbs cəzası alıb.

AZƏRBAYCANIN DEMOKRATİYA ƏNƏNƏSİ


Vaxt vardı ki, Azərbaycanın gələcəyi ümidli görünürdü. 1980-ci illərdə Azərbaycan Sovetlər Birliyinin çöküşünə aparan demokratik hərəkatların ön xəttindəydi. 1992-ci ildə biz ilk demokratik seçki keçirdik. Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy səslərin 59 faizini qazanmışdı. Elçibəy özünü 1918-ci il Azərbaycan Demokratik Respublikasının banilərinin siyasi varisi kimi göstərdi. Azərbaycan müsəlman dünyasında parlament demokratiyasının əsasını qoyan ilk ölkə idi ki, əksər Qərb ölkələrindən də əvvəl universal səsvermə hüququ tanıyırdı.

Amma indi seçkilərdə yalnız İlham Əliyevin səsi sayılır. Ötən il real alternativ müxalifətin iştirak etmədiyi seçkidə özünün ikinci prezidentliyini «qazanandan» sonra Əliyev və onun möhürü olan parlament prezidentliyə namizədliyin limitini referendum yoluyla aradan qaldırmaq üçün konstitusiyada dəyişiklikləri təşkil etdilər.

MÜXALİFƏT SEÇKİYƏ NİYƏ GEDİR?

Noyabrda parlament seçkiləri keçiriləcək. Demokratik müxalifət bir daha rejimlə yarışmağa hazırlaşır. Hakimiyyətin ötən illərki davranışını dəyişəcəyinin əlamətləri görünmədiyi üçün biz qərara almışıq ki, seçki prosesində iştirak edək, çünki anlayırıq ki, bu, ideallarımız uğrunda mübarizədə bir şansdır.

AVTOKRATİK RUSİYANIN PEYKİ STATUSUNA SON QOYAQ


Bizim platforma sadədir: Biz ölkədə işlək demokratiya yaratmaq istəyirik. Azərbaycan insan resursları ilə zəngindir və biz ölkəmizin neftdən asılılığını azalda bilərik, bunu etməliyik. Biz korrupsioner məmurların nəzarətində olan iqtisadi monopoliyaları qırmalıyıq. Məqsədimiz azad, bazar iqtisadiyyatına əsaslanan iqtisadiyyat qurmaqdır. İstəyirik ki, Azərbaycan Avro-Atlantika məkanına inteqrasiya etsin, avtokratik Rusiyanın təsiri altından çıxsın.

«DEMOKRATİYAYA AZ ƏHƏMİYYƏT VERİLİR»


Biz azadlıq uğrunda mübarizəmizi davam etdirərkən gərək Birləşmiş Ştatlar da Cənubi Qafqazın ən böyük dövlətinə uyğun siyasət aparsın. Uzun müddətdir ikitərəfli münasibətlər enerji, təhlükəsizlik və demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb. Təəssüf ki, azərbaycanlıların çoxu ABŞ siyasətinin enerji maraqları və terrorçuluqla qlobal mübarizəyə söykəndiyini düşünür. Fikrimizcə, demokratiyaya az əhəmiyyət verilir. Ümid edirik ki, Obama administrasiyası demokratik islahatlar və insan haqlarının Amerika-Azərbaycan münasibətlərində prioritet olduğunu Azərbaycan liderinə aydın ifadə edəcək.

SİZDƏN PUL İSTƏMİRİK

Amerika siyasətçiləri Yaxın Şərq ölkələrindən öyrənməlidirlər ki, avtoritar, korrupsioner rejimlər etibarlı müttəfiq deyillər. Onların idarə olunanların razılığına əsaslanan «sabitliyi» də həmçinin. Azərbaycanın demokratik müxalifəti Birləşmiş Ştatlardan müdaxilə, yaxud maliyyə yardımı istəmir. Bizə öz dəyərlərini müdafiə edən Amerikanın mənəvi dəstəyi lazımdır.
XS
SM
MD
LG