Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Qılıncoynatma dirçəlir?


Azərbaycan qılıncoynadanları məşqdə, 1 aprel 2010
Azərbaycan qılıncoynadanları məşqdə, 1 aprel 2010
Aprelin 2-dən 10-a qədər Bakıda qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək. Dünyanın 80-dən çox ölkəsindən olan 1600-dən artıq idmançı Bakıda qüvvəsini sınayacaq.

Azərbaycanı isə çempionatda 20-yə qədər qılıncoynadan təmsil edəcək. Çempionatda çıxış edəcək 14 yaşlı Nəzrin Əlizadə İdman Konsert Kompleksində məşq edirdi:

«Mənə elə gəlir ki, mən hələ bu yarış üçün təzəyəm, təbii ki, təcrübə toplayacağam. Ancaq özümə güvənirəm. Hamı kimi birinci olmaq istəyirəm. Bizim idmançılarımız üçün bu çempionat həm təcrübə yığmaq, həm də özünü göstərmək üçün bir şansdır. Həyəcanlıyam, ancaq bacarığımı göstərəcəyəm».

Azərbaycan yığmasının baş məşqçisi Tahir Həkimov deyir ki, komanda gənc olsa da, o, yetirmələrinə ümid edir:

«Biz son 2-3 ayda bu çempionata çox yaxşı hazırlaşmışıq. Biz göstərməliyik ki, Azərbaycanda qılıncoynatma var və olacaq. Düzdür, bu gün komandamız gəncdir. Mən yarım ildir ki, bu komandanı hazırlayıram. Ancaq ümidliyəm. Azər Tağıyevə və Kənan Əliyevə, həm də sablyaçılar və şpaqaçıların komanda yarışında yaxşı nəticə göstərəcəyinə ümid edirəm».

Əvvəllər Azərbaycanda qılıncoynatma üzrə dünya və olimpiya çempionları olsa da, son illər Azərbaycan qılıncoynadanlarının sorağı beynəlxalq turnirlərdən gəlmir.

14 yaşlı Nəzrin Əlizadə
İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, bu, bir çox idman növləri kimi qılıncoynatmanın inkişafına köklü diqqətin olmamasıyla bağlıdır:

«Bizdə qılıncoynatmada yeni nəsil formalaşdırmağa çalışırlar. İlqar Məmmədov, Yelena Jemayeva kimi idmançılar gedib. Eksperiment axtarırlar. Elə bu çempionatı götürək. Bilmirəm, bizim idmançılar üçün nə dərəcədə uğurlu alınacaq, adətən meydan sahiblərinə kömək edirlər. Ancaq mən uğur gözləmirəm. Çünki ölkədə qılıncoynatma demək olar ki, yoxdur. Bir idman jurnalisti kimi mən bu idman növünün olmasını hiss etmirəm».

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov isə bu fikirlərlə razı deyil:

«Düzdür, bir ara bu sahə başlı-başına buraxılmışdı. Ancaq biz səhvləri düzəltməyə çalışırıq. Çalışırıq ki, yenidən qılıncoynatma sahəsindəki ənənəni özünə qaytaraq. Elə bu dünya çempionatının keçirilməsi Azərbaycanda qılıncoynatmanın inkişafına kömək edəcək. Daha çox adamlar öz uşaqlarını bu idman növünə yazdıracaq. Bu da gələcəkdə Azərbaycanın uğurlarını təmin edəcək».

2012-ci ildə Bakıda qılıncoynatma üzrə Avropa çempionatının keçirilməsi də planlaşdırılır.
XS
SM
MD
LG