Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

«OVİR»in qarşısında vəziyyət necədir?


«OVİR»in qarşısında ümumvətəndaşlıq pasportu almaq üçün növbə, 12 dekabr 2007
«OVİR»in qarşısında ümumvətəndaşlıq pasportu almaq üçün növbə, 12 dekabr 2007
«Növbə çoxdu. Gərək bizdən qabaqdakılar keçib getsinlər ki, sonra biz içəri girək. İşçilərin sayını artırsalar tez qurtararıq. Başqa heç bir problem yoxdur».

Bu Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin – «OVİR»in qarşısında ümumvətəndaşlıq pasportu almaq üçün növbəyə dayanan vətəndaşların dedikləri idi. Onlar nə sənədlərinin verilməsində, nə də pasportu vaxtında almaqda elə bir problemlə üzləşmədiklərini desələr də, hər halda acı bağırsaq kimi uzanan növbədə gözləməyin ürəklərincə olmadığını da bildirirdilər.

Vətəndaşların sıranı pozmamasına nəzarət edən polis əməkdaşı bizimlə qısa söhbətdə dedi ki, «OVİR»in qarşısında həmişə belə növbə olur. Onlar çalışırlar ki, hamı qayda-qanuna riayət eləsin.

ÇALIŞIRIQ NÖVBƏNİ NİZAMLAYAQ

«Gördüyünüz kimi, həmişəki kimi bir az növbələr olur burada. Çalışırıq növbəni nizamlayaq. Başqa nə deyə bilərəm?»

Polis əməkdaşı növbənin yaranma səbəbini bilmədiyini də söylədi. Növbənin səbəbini rəsmən «OVİR»in özündə də deyən olmadı. Qurumun adının çəkilməsini istəməyən bir əməkdaşı isə bildirdi ki, əslində, adamların çox olmasının səbəbi Novruz bayramı ilə əlaqədardır. Yəni bir həftə bayram olduğuna görə sənədlər yığılıb qalıb. Elə həftə ərzində gəlməli olan vətəndaşlar da indi sənədlərini verməyə, yaxud artıq pasport almağa hamısı birdən gəldikləri üçün belə vəziyyət yaranıb.

Bayramla bağlı deyilənləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da təsdiqləyir. Və əlavə edir ki, vətəndaşların uzun müddət növbəyə dayanması kimi problemlər 4-5 il əvvəl olurdu. Ancaq sonradan DİN-rəhbərliyinin vəziyyəti nəzərə alaraq həyata keçirdiyi tədbirlər bu problemi aradan qaldırıb:

8-9 GÜN İŞ GÜNÜ OLMADIĞI ÜÇÜN SƏNƏDLƏR YIĞILIB

Müzəffər Baxışov
«O vaxt həftənin 3 günü sənədlərin qəbulu, 3 günü isə hazır sənədlərin vətəndaşlara verilməsi üçün nəzərdə tutulurdu. Məhz həmin problemlər təhlil olundu və DİN rəhbərliyinin göstərişi ilə artıq həmin idarədə vətəndaşların qəbulu gündəlik həyata keçirilir. 8-9 gün iş günü olmadığı üçün sənədlər yığılıb. Ona görə də bayramdan sonra vətəndaşların sayı istər-istəməz bir qədər çox olub».

Ehsan Zahidovun sözlərinə görə, son illər pasport alınması, yaxud növbə problemi ilə bağlı nazirliyə vətəndaşlardan heç bir şikayət, irad daxil olmayıb.

HÜQUQŞÜNAS RƏYİ

Hüquqi Dövlət Araşdırmaları Mərkəzinin rəhbəri Müzəffər Baxışov da deyir ki, həqiqətən də «OVİR»də növbələrin yaranması problemi çözülüb. Ona görə də yenidən bu idarənin qabağında növbənin yaranmasının bayramla əlaqədar olması inandırıcıdır:

«Dövlət orqanı olduğuna görə onlar təqribən 7-8 gün işləməyiblər. Onda belə çıxır ki, onlar növbənin aradan qaldırılması üçün iş vaxtından artıq işləməlidirlər. O da əmək qanunvericiliyinin tələblərinə uyğun deyil. Bu da insan hüquqlarının pozuntusudur».

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna edilən dəyişikliklərə görə, hazırda Azərbaycan vətəndaşları pasportları iki qaydada almaq hüququna malikdirlər. Onlar 40 manat dövlət rüsumu ödəməklə pasportu 1 ay müddətinə əldə edə bilərlər. Gözləməyə vaxtı və ya hövsələsi olmayanlar isə bu sənədi rəsmi qaydada 120 manat ödəməklə 5 iş günü müddətinə əldə edə bilərlər. Əvvəllər pasport vətəndaşlara 5 il müddətinə verilirdisə, son dəyişikliklərdən sonra bu müddət 10 il müəyyən edilib.
XS
SM
MD
LG