Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:56

Bir yataqda iki düşmən


Nərminənin hekayəsi Azərbaycan üçün xarakterik olan bir məsələdir
Nərminənin hekayəsi Azərbaycan üçün xarakterik olan bir məsələdir
27 yaşlı Nərminə (şərti addır) 6 il əvvəl ailə həyatı qurub və bu müddət ərzində daim əri tərəfindən döyülüb. Əri Nərminənin işləməyinə qarşı çıxıb, onu evdən bayıra buraxmayıb, hətta anası ilə danışmağa belə icazə verməyib.

Hüquq müdafiəçilərinin dediyinə görə, Nərminənin hekayəsi Azərbaycan üçün xarakterik olan bir məsələdir, bu ölkədə əksər qadınlar ərləri və ya qayınana-qayınataları tərəfindən zorakılığa məruz qalırlar.

Parlament bununla bağlı sığınacaqların yaradılmasını da nəzərdə tutan yeni qanun hazırlamaq niyyətindədir, amma bunun nə dərəcədə effektli olacağını indidən demək çox tezdir.

KABUS HƏYATI YAŞAYAN ANA VƏ OĞUL

«Mənim ərim ən kiçik bəhanə ilə də dava-dalaş yaradır. Hər axşam, o, işdən evə gələndə oğlum Muradla çalışırıq ki, mümkün qədər sakitlik yaradaq ki, onu narazı salan bir səbəb olmasın», – Nərminə belə deyir. Onun dediyinə görə, əgər dilindən çıxan nəsə ərinin xoşuna gəlməsə, bu, onun döyülməyi ilə nəticələnə bilir. Ailə başçısı azyaşlı uşağı da döyməkdən çəkinmir. Bir sözlə, Nərminə həyatlarının kabus olduğunu deyir.

Nərminə ərindən qurtulmağı arzulayır, amma bunu necə edəcəyini bilmir:

«Mən bircə gün də olsun işləməmişəm, həmişə maddi baxımdan ərimdən asılı olmuşam. Heç indiki dolanışığımız da yaxşı deyil – aya 89 manat gəlirimiz var».

BƏZƏN MƏSLƏHƏTLƏR İŞƏ YARAMIR

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, onlara müraciət edən qadınların böyük əksəriyyəti elə travmaya məruz qalmış olurlar ki, artıq onlarla söhbət, məsləhətlərin verilməsi gecikmiş sayılır:

«Azərbaycanda beynəlxalq təşkilatların apardığı monitorinq nəticəsində bəlli olub ki, ölkədə bu və ya digər yolla qadın zorakılığı 80 faiz təşkil edir. Əsas problem isə odur ki, bu yolu seçmiş kişilər bunun səhv olduğunu düşünmürlər.
Psixoloq Azad İsazadə
Bizim əməkdaşlar belə kişilərlə söhbət edəndə, onlar bunu çox təəccüblə qarşılayırlar».

Onun dediyinə görə, sözügedən kişilər düşünürlər ki, qadın evdə oturmalı və yalnız uşaq tərbiyə etməlidir. Eyni fikir cinsi əlaqə zamanı da tətbiq olunur. Kişi hesab edir ki, arvadı onun istədiyi hər vaxt cinsi əlaqəyə hazır olmalıdır.

ƏKS HALLAR DA VAR

Psixoloq Azad İsazadə isə deyir ki, bəzən vəziyyət tam əksinə olur, yəni qadınlar heç də həmişə köməksiz deyilllər, bəzən qurban kişilər olur:

«Bir dəfə mənə qadını tərəfindən təzyiqə məruz qalan bir kişi müraciət edib. Onun dediyinə görə, arvadı hər gün üstünə qışqırırmış, heç nədən söz-söhbət yaradırmış.

Azad İsazadə əlavə edir ki, qadın tərəfindən zorakılıq çox vaxt fiziki yox, psixoloji olur. Qadınlar əsasən ərlərini az qazanc əldə etməkdə, ailəni yaxşı saxlaya bilməməkdə günahlandırıb münaqişə yaradırlar.

Amma Azad İsazadə bu cür problemlərlə daha çox qadınların üzləşdiyini də deyir. Son bir ayda ona ərləri tərəfindən döyülməyə tab gətirməyərək ayrılan iki hamilə qadın müraciət edib.

HÜQUQ SİSTEMİ KAFİ DEYİL

Mütəxəssislərin fikrincə, Azərbaycanın hazırki hüquq sistemi bu cür qurbanları müdafiə etmək üçün kafi deyil.

Rəbiyyət Aslanova
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, ailə zorakılığının qarşısını almaq məqsədilə qanun layihəsi hazırlanıb və artıq müzakirəyə hazırdır. Millət vəkili sözügedən qanunun bu problemi həll edəcəyinə ümid edir.

Rəbiyyət Aslanova hesab edir ki, cəmiyyət də bu cür hallara biganə qalmamalıdır və belə problemlər kompleks şəkildə həll olunmalıdır.

YENİ QANUN LAYİHƏSİNƏ ÜMİD ÇOXDUR

Azərbaycanda neçə qadının ailə zorakılığına məruz qalmasına dair dəqiq statistika yoxdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Elgün Səfərovun dediyinə görə, buna səbəb statistik araşdırmaların 2006-cı ildən aparılmasına başlanmasıdır. Bu qısa müddət ərzində qeydə alınan məlumatlar isə kifayətedici deyil.

Amma Elgün Səfəron bu istiqamətdə iş aparıldığını deyir.

Problemin mövcudluğu səbəbinə gəlincə isə, Elgün Səfərovun fikrincə, əyalətlərdə maarifləndirmənin az olması başlıca səbəbdir. O, yeni qanunda zorakılığa məruz qalanlar üçün sığınacaqların yaradılmasının da nəzərdə tutulduğunu bildirir.

QEYD: Yazı «Hərb və Sülh İcmalları İnstitutu»nundur. Tərcümə edən: Ülkər Akifqızı
XS
SM
MD
LG