Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 20:23

Tolstoyu bu gün də sevməyən dindarlar...


Tolstoyun Moskva yaxınlığındakı malikanəsindən qaçıb üç gün sonra dəmiryol stansiyalarının birində ölməsindən 100 il keçir.

Amma belə görünür ki, Rusiya Lev Tolstoyun ölümünün 100 illiyini sükutla qarşılamaqla öz ədəbi keşmişindən imtina edir.

Bunu Britaniyanın “Daily telegraph” qəzeti yazır.

Yazı müəllifləri hesab edirlər ki, bu fikri Kreml “boslarının” davranışı da sübut edir.

Onlar dahi yazıçının ölümünün noyabrın 20-ə təsadüf edəcək 100 illiyini qeyd etmək, buna həsr edilmiş ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı hər hansı plan açıqlamayıblar.

“Daily telegraph” bir təzad kimi Kuba və Meksikanı nümunə göstərir. Həmin ölkələrdə artıq ildönümlə bağlı festivallar keçirilib.

Almaniya və ABŞ-da isə yazıçının əsərlərinin yeni tərcümələri oxuculara təqdim edilməkdədir.

Bir müddət qabaq Britaniyanın başqa bir nüfuzlu qəzeti – “Guardian”

“LEV TOLSTOY - YADDAN ÇIXMIŞ DAHİ?”

adlı məqalə dərc edib.

"Sonuncu stansiya" filmindən kadr
Qəzet yazır ki, Tolstoyu Qərbdə az qala bütün dövrlərin ən yaxşı yazıçısı sayırlar.

Keçən ilin iyulunda “Newsweek” jurnalında dünyanın 100 ən yaxşı romanının reytinqi dərc edilmişdi. Birinci yerdə Tolstoyun “Hərb və sülh”ü idi. Daha sonra Corc Orvelin “1984” və Ceyms Coysun “Uliss” romanları gəlirdi.

Bu ərəfədə Qərbdə Tolstoya həsr edilən yeni bədii film də çəkiblər. “Sonuncu stansiya" Tolstoyun həyatının son günlərindən bəhs edir.

Bundan başqa indi dünya ölkələrində yazıçı haqqında rus arxivlərindən tapılan ağ-qara kadrlar əsasında çəkilən sənədli film nümayiş etdirilir.

Həmin kadrlarda Tolstoy öz pudelləri ilə oynayır, at çapır.

“Guardian” bu

“TOLSTOMANİYA”DA YALNIZ RUSİYANIN İŞTİRAK ETMƏDİYİNİ YAZIR

“Sonuncu stansiya" filminin prodüsserlərindən biri olan Andrey Deryabin deyir ki, filmi Tolstoyun ata yurdunda - Yasnaya Polyanada çəkə bilməyiblər. Səbəb həmin bölgədə lazımi infrastrukturun, otellərin olmamasıdır.

“Orada heç normal tualet də yoxdur. Belə məlum oldu ki, filmi Rusiyada çəkmək daha baha başa gələcək. Ona görə də çəkilişləri Avropada apardıq”.

Deryabin deyir ki, onları ruhdan salan həm də Rusiyada dahi yazıçıya münasibətdə hiss etdikləri “qeyri-adi biganəlik” olub.

Tolstoyun nəslindən olan Vladimir İliç Tolstoy da Rusiyanın 20-ci əsrdə yaşadığı faciələr, müharibələr, inqilabları nəzərdə tutaraq deyir ki, keçən yüzillikdən daha çox “dostoyevşina iyi” gəlirdi.

“Mən ümid edirəm ki,

21-Cİ ƏSR TOLSTOY ƏSRİ OLACAQ

Kazanda Tolstoyun abidəsi
Çünki Dostoyevski diqqəti ağrılı problemlərə, insan qəlbinin qaranlıq tərəflərinə yönəldir.

Tolstoy isə əksinə fundamental dəyərlərin, dostluq, ailə və başqa bəşəri dəyərlərin müdafiəsinə qalxır. O, bəşəriyyətin verdiyi suallara müsbət cavablar verir, bu mənada Tolstoy böyük ümidlər verir”.

Deryabin kimi Vladimir Tolstoy da hesab edir ki, onun ulu babası Qərbdə Rusiyaya nisbətən daha populyardır.

Onun fikrincə, bu, SSRİ dağılandan sonra Rusiyada yaşanan siyasi proseslərin mahiyyəti ilə bağlıdır. Bundan başqa son 20 ildə intellektual mədəniyyət arxa plana keçib, vizual mədəniyyətə maraq daha çoxdur.

“Guardian” yazır ki, Kreml Tolstoyun irsi ilə elə də maraqlanmır. Sabiq prezident, indiki baş nazir Putin öz çıxışlarında onun adını heç vaxt çəkməyib.

Tolstoyun pravoslav kilsəsinin kəskin tənqid etməsi də indi kilsənin Rusiya cəmiyyətində dayaqlarının güclənməsi şəraitində yazıçını “təhlükəli fiqura” çevirir.

Rusiyada indi kimlik axtarışı gedir və rəsmilər pravoslavlığı rus kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilməsi üçün əllərindən gələni edirlər, hətta orta məktəblərdə də pravoslavlığı tədris etməyə başlayıblar.

Vladimir Tolstoy deyir ki, dahi yazıçıya çar Rusiyasında da eyni münasibət olub.

“Rusiyanın rəsmi dairələrində hamı Tolstoyun dahiyanə kitablar yazması fikrini qəbul edir, amma onlar bilmirlər ki,

TOLSTOYUN BAXIŞLARI, MÖVQEYİ İLƏ NƏ ETSİNLƏR”

Bəziləri məsələni Lev Tolstoyla rus pravoslav kilsəsi arasında uzun sürmüş ixtilafla əlaqələndirirlər.

1901-ci ildə “Dirilmə” romanına görə və xristian-anarxist və pasifik baxışları qəbul etdiyi üçün yazıçını pravoslavlıqdan xaric etmişdilər.

("Dirilmə" əsərində dindarları qəzəbləndirən bölümləri burada oxuya bilərsiz)

Tolstoy ölümündən iki il qabaq - 1908
Yazıçı haqda qərarı 1901-ci ilin fevralında Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu qərar qəbul etmişdi.

Tolstoy “Allahı və İsa peyğəməbəri inkar etdiyi”, “Allahın verdiyi yazıçı istedadını xalq arasında pravoslav inancını məhv etməyə yönələn fikirləri yaydığı”, “İsanın dirilməsi ideyasını inkar etdiyi” üçün lənətlənir.

O zaman Tolstoy bu qərar qarşı çıxmış və Allahsız olmadığını bildirmişdi.

2001-ci ildə Tolstoyun nəslindən olanlar Rusiya patriarxı 2-ci Aleksiyə məktub yazaraq 100 il əvvəlki qərarı dəyişdirməyi xahiş etmişdilər.

Patriarx buna cavab olaraq yazmışdı ki, "qraf Tolstoy mömin xristian olmaqdan imtina edib, kilsənin üzvü olmaq istəməyib. Biz onun dahi yazıçı olduğunu inkar etmirik, amma onun açıq-aşkar antixristian əsəri var.

Bizim insanın imtina etdiyi bir şeyi 100 ildən sonra ona zorla qəbul etdirməyə haqqımız çatırmı?"

Bir sıra mühafizəkar pravoslav alimləri Tolstoyun kitablarını öz “qara siyahıları”na salmaqda davam edirlər.

”İndi Lev Tolstoyun müdafiəyə ehtiyac var. Ona mənəvi, intellektual və emosional baxımdan dəstək vermək lazımdır”.

Bunu isə tanınmış rus ədəbiyyatşünası, Dostoyevski yaradıcılığı üzrə ən sanballı ekspertlərdən biri olan Lüdmila Saraskina deyir.

“Necə ki yazıçı - sağ olarkən tənqid etdiyi bəzi mürtəce qüvvələrin – dövlətin, ordunun və kilsənin təzyiqlərinə məruz qalırdı.

Eyni mürtəce qüvvələr müasir Rusiyada da ona qarşı çıxırlar.

Tolstoy dəbdə deyil”.
XS
SM
MD
LG