Fevralın 13-də Bakıda icazəsiz aksiya zamanı həbs edilən 5 nəfər dindarın işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bayram günləri başa çatdıqdan sonra iş materialları Yasamal rayon məhkəməsinə göndəriləcək.
Müttəhimlərə qarşı CM-in 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrilə ittiham irəli sürülüb. Təqsirləri sübut olunarsa, müttəhimləri 7 ilədək həbs cəzası gözləyir. Vəkil dindarlara qarşı irəli sürülmüş ittihamları əsassız hesab etdiyini bildirib.
Fevralın 13-də bir qrup dindar icazəsiz aksiya keçirib, aksiyaya polis müdaxiləsi zamanı dindarlarla hüquq-mühafizə orqanlarının nümayəndələri arasında insident yaranmışdı. Həmin vaxt 200-ə yaxın dindar “Sultanəli məscidindən Şəhidlər Xiyabanına yürüş edib. Onlar Məhəmməd peyğəmbərin vəfatı gününü qeyd edirdilər.
Dindarlarla polis arasındakı qarşıdurmada 15-ə qədər dindar saxlanılmışdı. Onlardan 10 nəfərinə müxtəlif müddətli inzibati cəzalar verilmişdi, 5 nəfər barəsində cinayət işi qaldırılmışdı.
-