Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:46

Amerika demokratiyasının özəllikləri


Barak Obama tibbi sığortada islahatlara dair qanunu imzalayır, 23 mart 2010
Barak Obama tibbi sığortada islahatlara dair qanunu imzalayır, 23 mart 2010
ABŞ Prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatısının qəbul etdiyi səhiyyə islahatları haqqındakı qanunu imzalamaqla onu qüvvəyə mindirdi. Nümayəndələr Palatası bu qanunu çox kiçik bir səs fərqi ilə 219 səs lehinə və 212 səs əleyhinə olmaqla qəbul edə bildi. Qanun 32 milyon tibbi sığrtası olmayan Amerikalıya sığortalanmaq imkanı yaratdı və bu işi görmək üçün dövlət orqanlarına geniş səlahiyyət verdi.

ABŞ İQTİSADİYYATININ 1/6 HİSSƏSİ NƏZARƏT ALTINDA

Bu qanunun qəbulu ilə Amerika iqtisadiyyatının altıda bir hissəsi dövlət nəzarəti altında olan bir sahəyə çevrildi.

Məhz bu sonuncu səbəb respublikaçı müxalifəti bu islahatlara qarşı çıxmağa vadar etmişdi. Nümayəndələr Palatısının səsverməsində bir nəfər də olsun respublikaçı qanunun lehinə səs vermədi, 34 demokrat isə respublikaçılara qoşulub sənədin əleyhinə səs verdilər. Səsvermə zamanı isə səhiyyə islahatları qanunun çoxsaylı etirazçıları Konqresin binası qarşısında yığışıb etiraz edirdilər. Obamanı sosialist, onun idarəetmə metodlarını totalitar adlandıran bu etirazçılar, «The Washington Post» qəzetinin yazdığına görə, konqresin binasına girib-çıxan demokrat konqresmenləri ən ağır söyüşlərlə təhqir etməkdən belə çəkinmirdilər.

Ağ Evdə qəbul olunmuş qanunun qəbulu iri bir bayrama çevrilmişdi.

«Cənab prezident, siz elə bir işi gördünüz ki, nəsillər boyu bu işi adi adamlar yox, kişili-qadınlı nəhəng siyasi xadimlər belə, edə bilməmişlər. Siz vəd verdiniz və onu yerinə yetirdiniz». Bu sözləri deyən vitse-prezident Cozef Baydendir.

«Biz qorxuya təslim olmuruq... Biz o millətik ki, çətin olanı, zəruri olanı və düzgün olanı edirik». Bu sözləri isə prezident Barak Obama səhiyyə islahatları haqqındakı qanunu imzalayarkən deyir.

HÜQUQİ MÜSTƏVİ

Respublikaçılar təslim olmaq fikrində deyillər. On dörd ştatın Baş Prokuroru (Attorney General) öz ştatlarının qanun keşikçiləri qismində Floridadakı Federal Məhkəməyə müraciət ediblər ki, qanunun qəbulu ştatların hüquqlarının pozulmasıdır. Belə ki, iddia edilir ki, federal qanunun məcburi tibbi sığorta və səhiyyə tənzimlənməsi müddəaları Federal Hökumətin ştatların daxili işlərinə konstitusion qarışmasıdır. Bu on dörd nəfərdən 13-ü respublikaçı, biri isə demokratdır. Onların təmsil etdikləri ştatlar isə aşağıdakılardır:

Florida, Alabama, Kolorado, İdaho, Luiziana, Miçiqan, Nebraska, Pennsilvania, Cənubi Karolina, Cənubi Dakota, Texas, Yuta, Vaşinqton və Virciniya ştatları.

Barak Obama və Cozef Bayden, 23 mart 2010
Demokratlar da konstitusion müstəvidə qanunu müdafiə etməyə hazırlaşırlar. Belə ki, ABŞ konstitusiyası federal hökumətə «kommersiyanı tənzimləmək hüququ» verir. Demokratlar tibb sığorta və səhiyyə sahəsini kommersiya kimi təfsir edərək federal hökumətin bu sahəyə qarışmaq hüququnu müdafiə edirlər.

SİYASİ MANEVRLƏR


ABŞ qanunlarına görə iri qanunun qəbulu prosesi mürəkkəb bir müstəvidən keçməli idi. Senatdan başlanmış bu qanunvericilik təşəbbüsü Nümayəndələr Palatasında müzakirə edildikdən sonra yenidən Senat səsverməsinə çıxarılmalı idi və Senat 60 səslə yekun qanun layihəsini qəbul etməli idi. İngiliscə «reconciliation» (barışdırma) adlanan bu proses vaxt aparmalı idi və demokratlarin senatda 60 səsi yox idi (59 səs var idi). Demokratlar hüquqi baxımdan qanuni, amma siyasi baxımdan ədalətsiz görünən bir siyasi manevr etdilər. Konqresin Nümayəndələr Palatası səhiyyə islahatları qanunun Senat variantını nöqtə-vergülünə dəymədən (barışdırma prosesinə hüquqi ehtiyacı aradan qaldırdılar) və sonra istədikləri dəyişiklikləri yeni qanuna əlavə kimi əlavə səsvermə ilə qəbul etdilər. Qanuna əlavələr isə Senatda 60 səs yox, sadə səs çoxluğu (51 səs) tələb edəcək.

Respublikaçıların «totalitar» adlandırdıqları manevr budur. Amma siyasi manevrlər bununla məhdudlaşmır.

Demokratlar əhalinin kasıb təbəqələrinin, xüsusilə də irqi və milli azlıqların hüquqlarının müdafiəçiləri mövqelərindən çıxış etməyə cəhd göstərirlər və bu qanuna olan respublikaçı etirazları az qala irqçilik kimi qələmə verməyə çalışırlar. Respublikaçılar isə öz növbəsində, demokratların «dövlət qurumlarından asılı olan xalq» yaratmaq istədiklərini iddia edirlər. Respublikaçıların fikrincə, iri dövlət qurumlarına geniş səlahiyyətlərin verilməsi 32 milyon amerikalıya açılan tibbi sığorta imkanları ilə pərdələnə bilməz. Belə ki, tibbi söğorta sahəsinə dövlət müdaxiləsi yerdə qalan amerikalıların (82-84 %) tibbi söğortalarının keyfiyyətini aşağı salmaq və tibbi sığorta xərclərini artırmaq hesabına ediləcək. Hələ ki, respublikaçıların apardıqları kampaniya amerikalıların öz tibbi sığortalarının heç nəyə yaramayan bir sənədə çevriləcəyi qorxusu üstündə qərar tutub və ümumən ictimai rəyə hakim kəsilib.

SİYASƏTÇİ REALİZMİ VS. SİYASƏTÇİ İDEALİZMİ

Məqalənin əvvəlində qeyd etmişdim ki, 34 demokrat demokratların təşəbbüs etdikləri sənədin əleyhinə səs verib. Onlar Amerika ictimai rəyində bu qanuna olan mənfi münasibəti nəzərə alan siyasətçilərdir. Konservativ seçici dairələrdən güclə seçilmiş konqresmenlərdir və qorxurlar ki, növbəti seçkilərdə yerlərini itirərlər.
Barak Obama konqresmenlərlə birlikdə qanunun imzalanmasını bayram edir, 23 mart 2010
Sənədə səs verən demokratlar isə böyük riskə getdiklərinin fərqindədirlər. Amma «tarix yaratmaq» istəyirlər. İstəyirlər ki, inandıqları işi görməklə öz vədlərinə sadiq çıxsınlar. Barak Obamanın özü ikinci dəfə seçilmək imkanını iri bir risk altına ataraq bu qanunun qəbulunu tələsdirdi və indi Ayova ştatına gedir. Bu, Obamanın seçki kampaniyası dövründə ilk ştat idi ki, Obama orada söz vermişdi ki, səhiyyə islahatları haqqında qanun qəbul etdirəcək. İndi prezident Obama Ayova ştatına gedir ki, onlara bir mesajı versin: Söz verdim və verdiyim sözün üstündə durdum.

Respublikaçı düşərgədə də eyni dinamika var. İndi xeyli respublikaçı bu səhiyyə qanununun əleyhinə səs vermək kampaniyasına qoşulur ki, öz seçicilərinin arasındakı populyarlıqlarını ya qorusunlar, ya da artırsınlar. Lakin bir qrup da respublikaçı var idi ki, onlar Obamanın ən populyar dönəmində, səhiyyə islahatları ideyası populyar olanda belə ona qarşı açıq çıxış edirdilər və bilirdilər ki, seçici itirirlər və sabah vəzifələrini də itirə bilərlər.

ZİDDİYƏTLƏR DEMOKRATİYASI


Amerika demokratiyasının mənası elə buna gəlir – ziddiyyətlər və onların arasında balansın tapılması. Xalqın isə hakim rolunda çıxış edərək zaman-zaman düzgün hesab etdikləri liderləri hakimiyyətlə mükafatlandırmaq, onun iradəsinə qarşı çıxanları isə növbəti seçkilərdə cəzalandırmaq. Bəlkə də, məsələn, Çin, yaxud Rusiya pəncərəsindən baxanda Amerikada qəbul edilən səhiyyə islahatları qanunun qəbulu prosesi xaos, anarxiya, qeyri-stabillik və s. kimi görünür. İnsafən, prosesdə bu elementlər də olmamış deyil. Sadəcə bu prosesin alternativi dövlət idarəçiliyini «ümummilli lider», «qayğıkeş millət atası» və s. bu kimi adamlara tapşırmaqdır. Ən kəskin böhran anlarında belə amerikalılar bu variantı nəzərdən keçirmək istəmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG