Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Azərbaycanda icbari tibbi-sığortanın taleyi necə olacaq?


İcbari Tİbbi Sığorta Dövlət Agentliyinin əsasnaməsi prezidentə təqdim olunsa da, hələ imzalanmayıb
İcbari Tİbbi Sığorta Dövlət Agentliyinin əsasnaməsi prezidentə təqdim olunsa da, hələ imzalanmayıb
Amerika Birləşmiş Ştatlarında son ayların ən siyasi mövzusu – tibbi sığortadır. Obamanın təklif etdiyi plan indi Senatın müzakirəsinə verilib. Prezident Obama bütün Amerika vətəndaşlarına vəd etdiyi tibbi sığortaya Konqresdən razılıq almaq üçün bir il gözləməli olub. Azərbaycanlı Seymur isə illərdir Azərbaycan parlamentinin təsdiqlədiyi, prezidentin imzaladığı sistemin işə düşməsini gözləyir.

«Təcili əməliyyat lazım olur, ya müayinə. Gərək cibində pulun olsun ki, həkimə gedə biləsən. Bizdə güya səhiyyə pulsuzdu, amma dövlət xəstəxanasına gedəndə mütləq gərək pul verəsən. Yadınızdadı, səhiyyə naziri göstəriş verdi ki, dövlət xəstəxanalarında, poliklinikalarında pullu tibbi xidmət götürülüb, onda həyat yoldaşımı UZİ müayinəsinə apapırdım. Doğrudan da 5-10 gün pulsuz oldu, amma adama elə üz göstərirdilər ki, pullu olsa, bundan yaxşıydı. Sonra da dedilər ki, bilirsiz nə var, UZİ-nin qiyməti bu qədərdi, müayinə istəyirsən, pulunu ödə».

Nazirliklərin birində işləyən Seymur deyir ki, o, xarici şirkətlərdə işləyən bir neçə nəfərdən tibbi sığortayla bağlı eşidib və onlara həsəd aparıb. Çünki ehtiyac yaranan anda keyfiyyətli tibbi xidmətlə təmin olunurlar.

HÖKUMƏT TİBBİ SIĞORTADAN İMTINA EDİB?

Bəs Azərbaycanda niyə tibbi sığortanın düyünü açılmır?

İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Dünya Sakit deyir ki, icbari tibbi sığorta səhiyyənin yeni üsualla maliyyələşdirilməsinə gətirməliydi, amma bununla bağlı Dövlət Agentliyi yaradılsa da, Konsepsiya imzalansa da, hətta pilot bölgə seçilsə də, sistem işə düşmədi. Dünya Sakitin fikrincə, sıravi vətəndaşlar icbari tibbi sığortadan əl üzməlidir:

«Proseslər 2008-ci ilin sentyabrından başlayaraq dondurulub. Bu istiqamətdə heç bir iş görülmür. Bizdə olan məlumata görə, hökumət bu modeldən imtina edib, çünki bu model kifayət qədər maliyyə tutumludur, həm də səhiyyə sistemindən köklü dəyişikliklər tələb edir».

«İSLAHATLAR HƏLƏ BİTMƏYİB»

Nazim Məmmədov
Millət vəkili Nazim Məmmədov isə hökumətin bu modeldən imtina etməsinə inanmır, onun sözlərinə görə, səhiyyədə aparılan islahatlar hələ yekunlaşmayıb deyə, Azərbaycanda icbari tibbi sığorta işə düşmür:

«Sovet sistemindən qalmış çarpayı hesabıyla maliyyələşmə aradan qaldıralacaq, müəyyən ixtisarlar, birləşmələr aparılır və bunun sonu olaraq dövlət öz öhdəliyini yerinə yetirəcək. Ümidvaram ki, bu il icbari tibbi sığortanın işə düşməsini görəcəyik».

BU İLKİ BÜDCƏ TİBBİ SIĞORTANI NƏZƏRDƏ TUTMAYIB

Əvvəlki illərdə icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait xərclənmədiyindən büdcəyə qaytarılmışdı. Bu il isə ümumiyyətlə, büdcədə bu təyinat nəzərə alınmayıb. Amma Nazim Məmmədov bundan narahat deyil, hesab eləyir ki, əgər sistemi işə salmaq lazım gəlsə, səhiyyə sahəsinə ayrılan budcədən istifadə etmək olar.

Dünya Sakit isə deyir, əgər büdcədə bu təyinat üzrə vəsait nəzərdə tutulmayıbsa, ən azı bu il icbari tibbi sığorta barədə susmaq lazım olacaq:

«İki ildir ki, İcbari Tİbbi Sığorta Dövlət Agentliyinin əsasnaməsi prezidentə təqdim olunsa da, hələ imzalanmayıb, struktur formalaşdırılmayıb, üstəlik, sığorta üçün zəruri olan kadr işi normal səviyyədə deyil, səhiyyə müəssisələrinin maddi-texniki bazası problem olaraq qalır. Ona görə də icbari tibbi sığortanın taleyilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb».
XS
SM
MD
LG