Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:00

Avropanın şeir yazan prezidenti...


Əgər siz Brusselin yaxınlığında yerləşən Sint-Genezius-Rod şəhərinin kiçik, xəzəlli küçələrindən keçsəniz və itlə gəzən, düşüncələrə dalan bir adam görsəniz, bir şeirin yaranmasının şahidi ola bilərsiniz.

Həmin şəxs Avropa Birliyinin prezidenti cənab Herman Van Rompuy, it isə xilasetmə mərkəzindən olan 10 yaşlı həyət iti Luis ola bilər.

Bəs şeir? Bu, Mister Van Rompuya “Haiku Herman” adını qazandıran 17 hecalı haikudur.

Haiku Yaponiyada yaranmış şeir janrıdır və təbiətdən doğan hissləri əks etdirir. Evinin yanındakı meşələrdə və çöllərdə Luislə gəzinti cənab Van Rompuya səhər-axşam mövzu verir:

Mən qış havasının buxarında
Soyuqla qızdırılmış
Nəfəsimi görürəm.


Cənab Van Rompuy keçən il gözlənilmədən Toni Bleyri və başqalarını Avropa prezidentliyi uğrunda mübarizədə sıxışdırdı.

Buna qədər o bir ildən də az Belçikanın baş naziri işləmişdi. Belçikadan kənarda çox az adam onun haqqında bilirdi.

Ora miflərin yaranması üçün məhsuldar yer idi və onlardan biri də budur ki, cənab Van Rompuy haikuları siyasi görüşlər vaxtı qoşur. Bu şayiəni Avropa Birliyinin hazırkı prezidenti unutdurmaq istərdi.

Əgər ilham pərisi Rompuyun gözünə Luislə gəzərkən görünürsə, şeir yazma prosesinin özü axşam üstü baş verir.

“Mən haikunu axşamlar yazıram, yatmazdan əvvəl və əslində bir gün əvvəl şeirlə oyanıram,” Van Rompuy deyir. “ Mənim alt şüurumda çox şeylər işləyir”

XOŞBƏXT VƏ QƏRİBƏ

Haikuya həvəs onda 2000-ci illərin əvvəllərində, ona kitablarından birini verən Bart Mesotten adli yaşlı keşiş – “Haikunun Flandriyalı atası” kimi tanınan bir adamla dostluğundan sonra yaranıb.

Cənab Van Rompuy bu miniatür şeirlərə “ vurulur” və Mesottenin təşviqi ilə özü də yazmağa başlayır.

Onun şeirləri Belçika qəzetlərində çap edilir. Apreldə isə kitabı çap ediləcək. Kitabın səhifələrinin bir üzündə alman dilində şeirin orijinalı, üzbəüz səhifədə isə fransız, ingilis, alman və latın dillərinə tərcüməsi yer alacaq. Van Rompuy Latın dilini universitetdə, İqtisadi təhsilə başlamazdan əvvəl öyrənib.

Haikuları həm də Cənab Van Rompuyun veb-saytında yerləşdirilib.
Orada verilən son nümunənin adı Korvaradır.

Mən yenidən nəfəs alıram.
Dağları bəzəyən qarla.
O bizi gözləyirdi.

Van Rompuy deyir ki, burda o Dolomitedə xizək kurortuna hər il gedərkən hiss etdiyi “xoşbəxt və qəribə” hisslərini ifadə edib.

“Biz Korvaraya 1993 – cü ildən gedirik. Eyni insanlar, eyni yollar, əlbəttə ki, eyni dağlar. Sanki bu dağlar səni gözləyir, bu sanki illik görüşdür – onlar hələ də oradadırlar.

Mən dəyişmişəm, mənim müxtəlif funksiyalarım var, il ərzində həyatımda o qədər şeylər olur ki, amma onlar hələ də orada hələ də bizi gözləyirlər”, Van Rompuy deyir.

SADƏLİYİN İDEALI

Belçika qəzetləri Van Rompuyun 2008-ci ildə baş nazir olandan sonra həyat yoldaşı ilə adət etdiyi kimi plaskart vaqonda Korvaraya getməsini xüsusi zövqlə yazırlar. Bu il, ali vəzifənin sıxıntılarından yorulmuş Rompuylar təyyarə ilə uçmalı olub.

Amma şou həqiqətən onluq deyil.

Van Rompuy yazır ki, haiku ona “ sadəliyin əlçatmaz idealını” və “ mürəkkəb və hədsiz rəqabətli dünyayla təzadı” ifadə edir.

“ Bu şerin daha sağlam formasıdır və mən sağlam düşüncəli adam olduğuma görə bunu xoşlayıram. O mənim şəxsiyyətimə uyğun gəlir”.

Sadiq bir katolik olaraq o mütəmadi olaraq Afligem abbatlığına gedir.

O Avropa Birliyinin prezidentliyi üçün kampaniya da aparmadı.

Baş nazir olana qədər o kitablarla, dinlə, şəhərkənarı gəzintilərlə və ailə həyatı ilə təmin olunmuş rahat təqaüdə doğru gedirdi.

ƏSL ŞAİR DEYİL, AMMA YAXŞI ŞEİR YAZIR

Van Rompuy öz məşğuliyyətinə digər şeir həvəskarları - Belçikanın keçmiş baş naziri Mark Eyskens, çox yüksək intellektli, çoxsaylı şerlərin müəllifi olan keçmiş fransız baş naziri Dominik de Vilpen qədər ciddi yanaşmır.

“ Biz buna ciddi yanaşmırıq. Bizim üçün onun haikularından çoxu bir əyləncədir” Peter, onun böyük oğlu, atasının da üzvü olduğu Xristian Demokratik və Flamand partiyasının beynəlxalq katibi deyir.

Bart Mesotten - Flamandların Haiku atası deyir ki, cənab Van Rompuy “ əsl şair deyil, amma o haikunu sevir və çox yaxşı haiku yazır”.

Cənab Mesotten deyir ki, onun sayəsində Belçikada ən azı hamı haikunun nə olduğunu öyrəndi.

"BBC"nin məqaləsi əsasında

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG